Puldan qidalara qədər, nələr virus təhlükəsi daşıyır? ARAŞDIRMA

Yeni növ koronavirusdan (COVİD19) qorunmaq üçün bir çox şeyə diqqət etmək lazımdır. Sadəcə, əlləri yumaq, spirtlə təmizləmək və qoruyucu tibbi maskalardan istifadə etməklə kifayətlənmək olmaz. Azərbaycanda hazırda xüsusi karantin rejimi elan edilib. Hər kəsə ilk növbədə evdə qalmaq tövsiyyə olunur. Lakin, məcbur olduğumuz hallarda evdən çölə çıxmalı oluruq. Bu halda istifadə etdiyimiz pullar, üst geyimlərimiz, çöldə yediyimiz yeməklər, hətta nəfəs aldığımız hava belə virus baxımından təhlükəlidir. Buna görə də sizin üçün A-dan Z-yə qədər bütün bu hallarla bağlı nə cür davranmaq lazım olduğunu araşdırdıq. SİA bir çox mütəxəssisin fikirlərini irəli sürdüyü araşdırmanı sizə təqdim edir:

Hər gün təmas etdiyimiz pullar virus baxımından nə qədər təhlükəlidir?

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı açıqlamaya əsasən nağd ödənişlərdən daha çox kartlı ödənişlərə üstünlük verməliyik. Təşkilatın səlahiyyətli nümayəndəsinin xarici mətbuata verdiyi açıqlamaya əsasən bildirilir ki, nağd puldan istifadə edə bilərsiniz, lakin pul ilə təmasdan sonra mütləq şəkildə əllərinizi yuyun.

Corc Vaşinqton Tibb və Sağlamlıq Elmləri Məktəbinin dosenti Maykl Nayt vurğulayır ki, virus əlinizə təmas edərkən sizə ziyan verə bilməz, koronavirus da digər qrip növləri kimi yalnız əlinizi ağzınıza və ya burun, göz ətrafına toxundurduqda infeksiya nəfəs yollarınıza yoluxa bilər.

Türkiyənin Yoluxucu Xəstəliklər Birliyinin sədri doktor Mehmet Ceyhan isə bildirir ki, pul pambıq və kətandan hazırlanıb. Buna görə də virus və bakteriyaların sığınması və daşınması üçün idealdır. Eyni zamanda insanlar tərəfindən mütəmadi olaraq əldən-ələ ötürülür. Buna görə də pul vasitəsilə virusların yayılması potensialı yüksəkdir. Buna görə də mütləq şəkildə pula toxunduqdan sonra əllərimizi yumalı və ya spirtlə təmizləməliyik.

Corc Vaşinqton Universitetinin direktoru Sanjay Makkirvor bildirir ki, bu viruslar 10 gün ərzində tam aktiv vəziyyətdə cansız səthlərdə qala bilər. Yəni pul da daxil olmaqla insanların toxunduğu hər cür cansız səth virus üçün potensial məkandır.

Ayaqqabılarımız virus daşıyıcısı ola bilər?

Arizona Universitetinin mütəxəssisi Conathan Sekton bildirir ki, ayaqqabılarımız atdığımız hər addımda daha çox virusu və bakteriyaları özündə cəmləyir. Bu baxımdan ayaqqabılarımız da bir çox cansız səthlə davamlı şəkildə təmas etdiyindən virus daşıyıcısı hesab edilə bilər. Bəs, nə etməli? Türkiyəli professor Mehmet Ceyhan bildirir ki, ayaqqabılar evə bir virus gətirə bilər. Ancaq bu virus evdə öz-özünə yayılmır. Evə gələn kimi aqqabıları çöldə çıxarmalı və əgər evdə uşaq varsa ayaqqabıları əl çatmayan yerə qoymalıyıq. Əsas qayda isə bundan sonra əllərimizi yumaqdır. Bunu etdikdə virus yayılmır. Eyni zamanda ayaqqabılarınızı evə gələn kimi təmizləyici vasitə ilə silə bilər, daha sonra isə onları bir paketə qoya və ya gigiyenik qaloşa keçirə bilərsiz.

Geyimlərimizi necə dezinfeksiya etməliyik?

"Harvard Health"in məlumatına əsasən, virus parça kimi yumuşaq məhsullardan daha çox sərt zəminlərdə yaşayır. Lakin bu o demək deyil ki, geyimlərimiz virus daşıyıcısı deyil. Sadəcə virusun burada yaşama müddəti fərqlidir. Çünki virus istənilən səthlərdə fəaliyyətini davam etdirir. Amerika Tibb Qadın Dərnəyinin mütəxəssisi doktor Saralin Mark bildirir ki, geyimlərimizin təmizliyinə diqqət etməliyik. Paltarlarımızı tez-tez yumalı və təmiz saxlamalıyıq.

Türkiyədə Yoluxucu Xəstəliklər Birliyinin sədri doktor Mehmet Ceyhan isə bildirir ki, evə gəldikdən sonra üst geyimlərinizi digər geyimlərinizin yanına və ya asılqana qoymayın. Ən azı 6 saatdan 8 saata qədər açıq havada saxlayın.

Virus qan vasitəsilə yoluxur mu?

Virusun qan vasitəsilə yoluxma ehtimalı ilə bağlı məlumat hələ ki, yoxdur. Məcbur olduğu halda sağlam insanlar biri-birindən qan ala və ya biri-birinə qan verə bilər.

Virus qəbul etdiyimiz qidalar vasitəsilə yoluxurmu?

Avropa Qida Təhlükəsizliyi mütəxəssislərinin fikirlərinə görə, virusun qəbul etdiyimiz qidalar vasitəsilə yoluxması ilə bağlı hələ dəqiq bir fakt yoxdur. Türkiyəli professor Birol Sayqı isə bildirir ki, bu halda yeməkləri sadəcə evdə bişirmək tövsiyyə olunur. Avropa Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzinin məlumatına əsasən virus əsasən insandan-insana ötürülür. Yoluxucu xəstəliklər üzrə alim Marta Huqas isə virusun qida ilə yoluxma faktının təsdiqlənmədiyini isəli sürür.

Türkiyəli professor Mehmet Ceyhanın fikrincə isə mədə turşuları virusu öldürür. Buna görə də virus mədədə yaşaya bilmir. Virus ən əsası ağciyərlərə getməməlidir:

"Bu virus ağızda və ya boğazda dayanıb su içməyinizi gözləmir. Saniyələr içərisində ağciyərlərə keçir. Ona görə də, başqa insanların boşqabından istifadə etməyin. Hər kəs öz boşqabından, qaşıq və çəngəlindən istifadə etməlidir. Balanslı qidalanma, müntəzəm yuxu və bədənin canlı qalması vacibdir.

Virus havadan yayılır?

"New England Journal"ın araşdırmasına əsasən virus yalnız bir halda havadan yayıla bilər. Əgər virus daşıyıcısı olan şəxs açıq havaya öskürər və ya asqırarsa bu zaman virus havada mikro damlalar və qatı hissəciklər şəklində digər insanları da yoluxdura bilər. "East Anglia" Universitetinin professoru Paul Hanter bildirir ki, həmin havada olan xırda virus hissəcikləri uzun müddət havada qalmır, bir müddətdən sonra yerə və ya başqa bir səthə oturur. Ona görə də, insanlarla yaxın təmasdan qaçınmaq lazımdır.

Doktor Mehmet Ceyhan da virusun havada asılı qalmadığını bildirir. Onun fikrincə yoluxan şəxs öskürən və ya asqıran zaman virus mikro hissəciklər şəklində havada yayılır. Bu hissəciklər bir neçə saniyədə yerə düşür və ya ən yaxın səthə hopur. Ən azı 3 saat belə yaşaya bilir.

Çöldən yemək sifariş edən zaman nə etməliyik?

Bununla bağlı bir çox mütəxəssisinin ortaq bəyanatları var. Belə ki, ilk növbədə sifariş etdiyiniz yeməyi bağlamadan çıxartın və bağlamanı dərhal atın. Çünki yeməyi gətirən şəxs virus daşıyıcısı da ola bilər. Daha sonra əllərinizi yuyun.

Bununla bağlı olaraq soyuq yeməklərə üstünlük verməyin, çiy qidalardan uzaq durun. Salat, sendviç və digər soyuq qidaları çöldən sifariş etməyin. Bişmiş və isti yeməklərlə üstünlük verin. Mümkünsə evdə bişirilən qidalara üstünlük verin.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...