İcbari tibbi sığorta vətəndaşlara və dövlətə nə qazandırır? ŞƏRH-ÖZƏL

“Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin önündə məhz sosial siyasət durur ki, burada əhalinin rifah halının yaxşılaşdırılması eləcə də insanların sağlamlığı, səhiyyəyə əlçatanlığına xüsusi önəm verilir. Əgər insan sağlamdırsa, o, həm də dövlət üçün yararlı vətəndaşdır. Bunun üçün ölkəmizdə insanların səhiyyəyə keyfiyyətli şəkildə əlçatanlığını təmin etmək üçün icbari tibbi sığorta sistemi tətbiq edilib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat İlham Məmmədov deyib.

İcbari tibbi sığorta ilə bağlı ilk pilot layihənin Yevlaxda həyata keçirildiyini xatırladan deputat bildirib ki, layihə nəticəsində 100-lərlə insan yüngül əməliyyatlarla yanaşı, həm icrası çətin olan, həm də sosial baxımından ağır əməliyatları pulsuz şəkildə həyata keçirə bilib.

Cari ilin yanvarın 1-dən etibarən Azərbaycanda üzrə icbari tibbi sığorta sisteminin tətbiqinə start verildiyini diqqətə çatdıran millət vəkili deyib ki, sistemin tam şəkildə tətbiqinə müəyyən zaman lazımdır: “Təbii ki, Prezident İlham Əliyevin iradəsi, qarşıya qoyulan məqsəd icbari tibbi sığortanın sürətli tətbiqini təmin edib”.

İ.Məmmədov qeyd edib ki, bu ildən etibarən tətbiq olunan sistemdən yararlanmaq üçün vətəndaşlar ildə müəyyən vaxt çərçivəsində 90 manat ayırmaqla tibbi sığorta paketindən yararlana bilirlər: “Təbii ki, proses mərhələli şəkildə gedir və ilin sonunadək bütün ölkə ərazisini əhatə edəcək. Hesab edirik ki, bu müddət ərzində əhalimiz keyfiyyətli və əlçatan tibbi xidmətdən yararlanacaq. Təbii ki elə məqamlar var ki, onların üzərində işlənilir, beynəlxalq təcrübə öyrənilir. Bu yaxınlarda Yevlaxa laparoskopik əməliyyatları aparmaq üçün yeni avadanlıq gətirilib. Bunün özü də insanların qısa müddət ərzində keyfiyyətli cərrahiyə əməliyyatları həyata keçirmək imkanı yaradır. Düzdür, hələ də sistemlə bağlı müəyyən çatızmalıqlar var. Lakin düşünürəm ki, onlar da tezliklə öz həllini tapacaq”.

İcbari tibbi sığorta paketində nəzərdə tutulanların həyata keçirilməsi üçün tibbi kadrların yetərli olub-olmaması məsələsinə gəlincə, Milli Məclisin Səhiyyə komitəsinin üzvü sistemin tətbiqində çatışmayan məsələlərdən birinin məhz kadr çatızmazlığı ilə bağlı olduğunu dilə gətirib: “Ümumiyyətlə, icbari tibbi sığorta özündə yeni yanaşmaları ehtiva edir. Dünyanın qəbul etdiyi tibbi protokollar var ki, icbari tibbi sığorta məhz həmin sənədlər əsasənda həyata keçirilməlidir. Bunun üçün əlbəttə ki, tibbi kadrların yetərli olması çox mühümdür. Lakin çox təəssüf ki, bəzi bölgələrdə kadr çatışmazlığı problemi qalmaqdadır. Məhdud sahələr var ki, onlar üzrə ixtisaslı mütəxəssislərə ehtiyac var”.

Deputat vurğulayıb ki, ölkəmizdə həyata keçirilən Dövlət Proqramları çərçivəsində xaricdə tibb təhsili alan tələbələrimiz var ki, onların bir qismi artıq ölkəyə qayıdıblar: “Onlar arasında ən ağır əməliyyatları həyata keçirməyə qadir olan mütəxəssislər var. Həmin mütəxəssislərin bölgələrdə fəaliyyət göstərməsi üçün maraqlarının artırılması istiqamətində addımların atılmasını istərdik. İcbari tibbi sığorta həkimlərin gəlirlərinin də artırılmasına təsir edəcək. Bu əlbəttə ki, yaxşı həkimə ehtiyacı daha da artıracaq. Etiraf edək ki, bu istiqamətdə ixtisaslar artırılır, mövcud olan həkimlərin öz biliklərini artırılması üçün davamlı olaraq sertifikasiya həyata keçirilir. Hesab edirəm ki, atılan addımlar gələcəkdə bu çatışmazlığın aradan qaldırılmasına kömək edəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...