Mərkəzi Gömrük Hospitalı orta məktəbdə növbəti "İlk tibbi yardım" təlimini keçirib

Təcili yardım həkimimiz Salman Rzayev 23 yanvar tarixində 317 nömrəli orta məktəbin müəllimləri üçün "İlk tibbi yardım" təlimi keçirib. Dr.Salman Rzayev təlim iştirakçılarına ilk tibbi yardımın göstərilməsi üsulları haqqında ətraflı məlumat verib. İnteraktiv keçən təlimin sonunda Dr. Salman Rzayev müəllimlərin suallarını ətraflı cavablandırıb.

Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalının “Xeyirxah Platforması” təşkilatı ilə əməkdaşlığı çərçivəsində 16 yanvar 2020-ci il tarixindən etibarən Hospitalın təcili yardım həkimləri tərəfindən Bakı şəhərinin 10 məktəbində müəllimlər üçün “Sağlam gələcəyə zəmanət” devizi altında "İlk tibbi yardım" təlimlərinin keçirilməsi layihəsinə start verilib. Təlimlərin keçirilməsində məqsəd məktəb müəllimlərinə bədbəxt hadisələr zamanı həkiməqədər ilk yardımın edilməsini izah etmək, onların bu sahədəki bilik və bacarıqlarını artırmaqdır.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin peşəkar, təcrübəli, xarici ölkələrdə təlim kursları keçmiş həkim heyəti xəstələrə keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir, ehtiyac varsa, Hospitalın ambulansı tibbi təxliyyəni təmin edir, monitorinq və reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir. 7/24 saat ərzində əhalinin xidmətində olan Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi ilə 905 nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə