Həkimlər insanlara tibbi yardım göstərməklə, onları müalicə etməklə özlərinə böyük mənəvi hörmət, etiram qazanırlar.
Heydər Əliyev
Fəxrəddin Kazımov: “Yaxşı həkim və tibb bacısı sanatoriyanın güzgüsü deməkdir”.
Qədim çinlilərin insanın öz sağlamlığını qoruması üçün çox qiymətli, tarixə yazılan belə bir atalar sözü var: “Nə qədər ki, yorulmamısan, istirahət elə. Nə qədər ki, xəstələnməmisən müalicə olun. Onu da bilin ki, əsl həkim xəstəni sağaldan yox, insanı xəstələnməyə qoymayana demək olar”.
Mərdəkan qəsəbəsindəki “Abşeron” Mədə-Bağırsaq Sanatoriyası haqqında çox eşitmişdim. Orada gedən yaxşı müalicə, həkimlərin yüksək peşəkarlığı, tibb bacılarının yüksək mehribançılığı, xəstələrə diqqəti haqqında teatrda və qəzetdə işləyən həmkarlarım çox maraqlı fikirlər söyləyirdilər. Bir sözlə onlar həmin sanatoriyanın rəhbərliyindən, həkimlərindən, tibb bacılarından ağız dolusu danışırdılar. Tale qismət elədi ki, mən də həmin sanatoriyada müalicə olundum. Və burada gördüklərim ürəyimcə oldu. Həm otaqların səliqəsi, həm həkimlərin, tibb bacılarının insanlarla mehriban davranışı, xəstələrin müalicəsi üçün əllərindən gələni etmələri xoşuma gəldi. Ona görə də “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Əsəd oğlu Kazımovla görüşüb, ondan oxucularçün də maraqlı olan müsahibə aldım.
Cöhbət əsnasında məlum oldu ki, bu sanatoriya 1962-ci ildən Azərbaycanın məşhur milyonçuları Musa Nağıyevin və Şəmsi Əsadullayevin 16 hektar sahəsi olan bağlarında ixtisaslaşmış Mədə-Bağırsaq Sanatoriyası kimi fəliyyət göstərir. Yəni onların bağlarındakı evlərdə əsas korpus 1962-ci ildən fəaliyyətə başlayıb. 1972-ci ildə burada bağ evinin həyətində yeni korpus olan 4 nömrəli korpus tikilib və istifadəyə verilib. Sonra da əlavə yardımçı korpuslar Sovetlər İttifaqı dövründə tikilərək fəaliyyət göstəriblər. Həmin dövrlərdə də burada 860 çarpayı fəaliyyət göstərib. Yəni bu sanatoriya eyni vaxtda 860 xəstəni qəbul eləyə bilib. Amma Qarabağ müharibəsi dövründə millətimizin başına gətirilən faciələrdə həmin bölgədən bura çoxlu qaçqınlar, köçkünlər pənah gətiriblər. Ona görə də həmin dövrdən burada 606 qaçqın yerləşdirilib. Beləliklə, müalicə korpuslarının sayı azalıb. İndi bu sanatoriya yalnız 180 çaprayı ilə xəstələrə qulluq edə bilir. Bu sanatoriyanın da əsas profili, müalicə yönümü XX və XXI əsrdə daha çox yayılan mədə-bağırsaq xəstəlikləridir. Bunlar da mədə yaraları, onikibarmaq bağırsağın xoraları xəstəlikləri, qastrit xəstəlikləri və başqa xəstəliklərdir. Burada keçmiş Sovetlər Birliyindən qalmış proqram əsasında əsasən iynəsiz, dərmansız, fizioterapiya, təbii yollarla müalicə metodları yüksək səviyyədə tətbiq olunur. Bu metodlar da xəstələrin sağalasında özünün bəhrəsini yaxşı verir. Keçmiş aparatlar yeniləri ilə əvəzlənir. Korpuslarda əsaslı təmir işləri aparılıb və aparılır. Biz orada müalicə olunanda əsas korpusda, müalicə və 1 nömrəli yataq korpuslarında çox böyük əsaslı təmir işləri görülüb qurtarmışdı. Yeməkxanada artıq təmir işləri başa çatmışdı. İndi burada eyni vaxtda 340 adam yemək yeyə bilər. Yuxarıda yazdığım kimi baxmayaraq ki, bəzi korpuslarda təmir işləri gedir, amma sanatoriya eyni vaxtda 180 xəstəni qəbul və müalicə eləməyə tam hazır vəziyyətdədir.
“Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi, gözəl ziyalı, dəyərli insan Fəxrəddin Kazımovla onun kabinetində söhbət edirdik. O, gördükləri işlərdən və işçilərindən böyük həvəslə danışırdı. Mənin suallarıma da böyük həvəslə cavablar verirdi.
- Fəxrəddin həkim, burada olduğum müddətdə sizin işçilərin xəstələrə necə yaxşı qulluq etdiyinin şahidi olmuşam. Burada işləyənlər yaxşı bir komanda kimi, xəstələri qəbul edib, onlara əllərindən gələn qulluğu edirlər. Bu işçilərdən hansının işi sizi daha çox qane edir?
- Deyim ki, hamısı yaxşı işləyir, mənim bu səmimiyyətimə inanın. Çünki hələ bu günə kimi heç bir xəstə onlardan mənə şikayət etməyib. Amma elə işçilər var ki, uzun illərdir burada işləyirlər və onlar sanatoriyanın sütunları, dirəkləri sayılırlar. Bu işçilərdən mən, ilk öncə bağırsaq yuma kabinetinə rəhbərlik edən Kimya Qarayevanın adını çəkə bilərəm. O, özünün yaxşı işinə görə, cənab prezidentimiz İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına və Fəxri Fərmana layiq görülüb. Naftalan kabinetində işləyən Əli Əliyev haqqlnda da xoş sözlər deyə bilərəm. Uzun illərdir ki, bu kabinetə qüsursuz rəhbərli edir. Zərqələm Abdullayeva parafin kabinetinə böyük uğurla rəhbərlik edir. Xəstələr həmişə ondan razılıq edirlər. Gülnarə Qənizadə haqqında da həmin xoş sözləri deyə bilərəm. Bu insanlar otuz ildən çoxdur ki, “Abşeron” sanatoriyasında çalışırlar. Hər iki-üç ildər bir də təkmilləşmə kurslarından keçirlər. Ümumiyyətlə bizim tibb bacıları tez-tez təcrübə kurslarından keçib, öz ixtisaslarını, biliklərini lazım olan səviyyədə artırırlar.
- Sizin həkimlər Habil İsgəndərovdan, Şahin Quliyevdən, Məhəbbət Ağayevadan, İradə İsmayılovadan, Nazilə Səfərovadan, Nigar Əliyevadan da xəstələr çox razılıq edirlər. Onlar haqqında nə deyə bilərsiz?
- Tibb üzrə fəlsəfə doktoru Şahin Quliyev 30 ildir ki, “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasında işləyir. İndi hal-hazırda müalicə şöbəsinin müdiri və baş həkimin müalicə üzrə müavini vəzifələrində işləyir. O, gündəlik praktik həkimdir. Qastroskop aparatı ilə xəstələri yüksək peşəkarlıqla müayinə edir. Bütün xəstələrin də suallarına lazım olan kimi cavab verir və onları yaxşı müalicə edir. Onun işindən çox razıyam. Habil İsgəndərov qırx ildən çoxdur ki, sanatoriya sistemində həkim işləyir. Biz onunla hələ Naftalanda bir yerdə işləmişik. Mən bura gələndə Habil həkim artıq burada işləyirdi və xəstələrin ən sevimli həkimi idi. O, hal-hazırda uzun illərdir ki, bizim sanatoriyada qastroenterologiya şöbəsinə rəhbərlik edir. Yüksək ixtisaslı həkimdir. Böyük təcrübəsi var. Vaxtaşırı da kurslardan keçib, öz ixtisasını artırır. Məhəbbət həkim bizdə gecə növbəsində çalışır. 50 ildir ki, həkimlik təcrübəsi var. Hal-hazırda da özünü aktiv və savadlı həkim kimi, həmişə xəstələrə sevdirə bilir. Biz də, xəstələr də ondan çox razılıq edirlər. Nazilə Səfərova bizim çox gözəl və savadlı qastroenteroloqumuzdur. Uzun illərdir ki, burada işləyir. Xəstələr ondan da çox razılıq edirlər. İradə İsmayılova çox savadlı genekoloq həkimimizdir. Ona müraciət edən xəstələrin hamısı da ondan çox razılıq edir. Hətta sanatoriyadan gedəndən sonra da ondan məsləhətlər alırlar. Diş həkimimiz Nigar Əliyeva da öz işinin yaxşı mütəxəssisdir. Mən isə onların hamısından çox razıyam. Çünki yaxşı həkim və tibb bacısı sanatoriyanın güzgüsü deməkdir.
- Xəstələr sizin masaj şöbəsində çalışan Sevinc Ağayevadan, Maya Abdullayevadan, baş tibb bacısı Aida Əlixanovadan da çox razılıq edirlər. Mən burada olduğum müddətdə dəfələrlə şahidi olmuşam ki, Aida xanım xəstələrə həddindən artıq səbrlə və diqqətlə qulaq asır və onlara yüksək peşəkarlıqla xidmət edir. Onların hər üçü xəstələri təkcə özlərinin şəfalı əllərilə sağaltmır və həm də özlərinin mehriban hərəkətləri, xoş sözlərilə insanlara böyük ruh verirlər.
- Aida xanım bizim sanatoriyanın baş tibb bacısı olmaqla, həm də manipulyasiya və palçıq otağına da rəhbərlik eləyir. Bütün venadaxili iynə vurmağı da o, yerinə yetirir. Maya xanım 30 ildir ki, massaj kabinetində çalışır. Sevinc xanım 13 ildir ki, bizim işçidir. Maya Abdullayeva və Sevinc Ağayeva da masajist kimi öz işlərinin yaxşı mütəxəssisləridirlər. Onlar həm Pyatiqorskda, həm də Həkimləri Təkmilləşdirmə İnstitutunda kurslar keçiblər. Onların hər üçü haqqında biz dəfələrlə təşəkkür məktubları almışıq. Doğrudan da xəstələr həmişə onların müsbət işlərini qeyd edirlər.
-Söz tibb bacılarından düşdüsə onda mən Sədaqət Bayramova, Zülfiyyə Əliyeva, İradə İbrahimova, Mehriban İbayeva, Gülnarə Qənizadə, Nigar Qurbanova, Pəri Babayeva, Leyla Ağacanova haqqında da danışmaq istəyirəm. Xəstələr onlardan da həmişə razılıq edirlər. Xahiş edirəm onlar haqqında da oxuculara məlumat verin.
- Sədaqət xanım otuz altı ildir ki, “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasında fizioterapiya kabinetində elektrofarez şöbəsinə rəhbərlik edir. Beş aparatla xəstələri müalicə edir. Doğrudan da bu günə qədər onun haqqında bizə heç kim mənfi rəy deməyib. Özünün yüksək mədəniyyətinə, diqqətinə görə, ondan kollektivimiz də çox razıdır. İradə xanım UVEÇ aparatında fəaliyyət göstərir. Həmişə də müsbət tərəfdən tanınıb və hamı tərəfindən sevilir. Mehriban xanım bizim EKQ kabinetində fəaliyyət göstərir. Onunla bərabər həm də dinamika aparatında xəstələrə qulluq edir. O, 29 ildir ki, bizim sanatoriyada işləyir. Adı kimi özünün mehriban xasiyyətilə xəstələrin də həmişə hörmətini qazanır. Onun haqqında da hələ heç vaxt şikayət, narazıçılıq olmayıb. Ümumiyyətlə tibb bacılarımızın hamısı öz işlərinin yaxşı mütəxəssisləri olduğuna görə hamı onlardan razılıq edir.
- Bax bütün bunlardan sonra istərdik ki, Fəxrəddin həkim özü haqqında məlumat versin. Çünki “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının belə qüsursuz işləməsində, xəstələrin həmişə buradan razı getməsində sözsüz ki, baş həkim kimi sizin xidmətiniz daha böyükdür.
- Özüm haqqında onu deyə bilərəm ki, 1948-ci ildə Gəncə şəhərində anadan olmuşam. Orta məktəbi də orada bitirib, Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşam. 1973-ci ildə ali məktəbi bitirib, Gəncə şəhərində əmək fəaliyyətinə başlamışam və internatura keçmişəm. 1974-cü ildən Naftalan sanatoriyasında həkim-ordinator kimi əmək fəaliyyətimi davam etdirmişəm. 1975-ci ildən müalicə şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişəm. 1978-ci ildə Naftalan şəhərində Naftalan Sanatoriyasında Kurort Poliklinikası açılıb və mən ora baş həkim təyin olunmuşam. 1980-ci ildə ailə vəziyyətilə əlaqədar olaraq, Gəncə şəhərinə gəlmişəm. Əvvəlcə Dəmir Yolu Xəstəxanasında terapiya şöbəsinin müdiri vəzifəsində işləmişəm. 1984-cü ildən ümumittifaq səviyyəli 3 nömrəli Göygöl Sanatoriyasına baş həkim vəzifəsinə göndərilmişəm. 1987-ci ilə qədər orada işləmişəm. Orada böyük tikinti işlərini başa çatdırandan sonra 1987-ci ildən səhhətimlə əlaqədar olaraq, revmatizm xəstəliyindən əziyət çəkdiyimə görə, Gəncə şəhər 2 nömrəli Poliklinikasının baş həkimi vəzifəsində öz işimi davam etdirmişəm. 1999-cu ildə səhhətimlə əlaqədar olaraq, öz ərizəmlə işdən azad olmuşam. Sonra səhhətim qaydasına düşüb və yenidən əmək fəaliyyətimi davam etdirmişəm. 2005-ci ildən də “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasında baş həkim vəzifəsində işləyirəm. Bizim sanatoriya da Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının nəzdində yerləşən Azərbaycan Kurort Səhmdar Cəmiyyətinin tərkibində fəaliyyət göstərir. Bu Kurort Səhmdar Cəmiyyətinin də prezidenti, tibb elmləri doktoru Əbil Ağasiyevdir. O da uzun illərdir ki, kurort sistemində çalışır. Əmək fəaliyyətinə də 1984-cü ildən Naftalan Sanatoriyasından başlayıb. Sonra «Qaranquş» Sanatoriyasının baş həkimi və sonra da Kurort Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsinə irəli çəkilib.
-Onların sizə hansı köməklikləri dəyir?
- Başda Azərbaycan Həmkarlar Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, Kurort Səhmdar Cəmiyyətinin prezidenti Əbil Ağasıyev, vitse-prezident Fərrux İsmayılov, prezidentin müşaviri Elxan Əliyarzadə əllərindən gələni edirlər ki, bizim işlərimiz yaxşı getsin. Sanatoriyanın təmir olunmasında, aparatların, azuqənin alınmasında bizə çox köməkliklər edirlər. Biz də bütün məsələləri onlarla məsləhətləşib, sonra həyata keçiririk. Uzun illərdir ki, bir yerdə işləyirik və bir-birimizi düzgün, yarım sözdən başa düşürük. Hər xırda şeyi belə biz, məsləhətli edirik ki, sonra bir əvəzinə iki xərc çəkilməsin.
-Siz burada, sanatoriyada işə başlayanda ilk öncə hansı işləri gördünüz?
-Mən bura baş həkim təyin olunanda burada 606 qaçqın, köçkün məskunlaşmışdı. Onlar sanatoriyanın 5-ci, 6, 6-a və 7-ci korpuslarda yerləşmişdilər. İlk əvvəl onların təminatı ilə məşğul olmuşuq. Sonra sanatoriyanın bəzi korpuslarında əsaslı təmir işlərinə başlamışıq. İlk əvvəl Musa Nağıyevin bağ evi olmuş və 1901-ci ildə tikilmiş binanı biz əsaslı təmir etmişik. Sanatoriyada olan 16 hektar sahənin böyük bir hissəsində quruculuq işləri görmüşük. Çoxlu ağaclar, gül-çiçəklər əkmişik. Asvalt yollar çəkmişik. İki ildir ki, Şəmsi Əsadullayevin bağ evində əsaslı təmir işlərilə məşğuluq. Hal-hazırda biz işin 90 faizini tamamalamışıq. Burada 42 çarpayı olan Vip sanatoriya, müalicə korpusu, çarpovuz və yeməkxana olacaq. Gələn ilin may ayaına kimi bu korpusun açlışını planlaşdırmışıq.
-Əvvəllər bu sanatoriyada keçmiş Sovetlər Birliyindən çox insanlar gəlib müalicə olunurdular. İndi Avropa standartlarına cavab verən korpuslar tikirsiniz. Həmin keçmiş ənənəni davam etdirmək istəyirsinizmi?
-Bəli, bizim böyük planlarımız var. Biz, artıq Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistanla danışıqlar aparmışıq. Onların nümayəndələri burada olublar. Müqavilələr bağlamışıq. Artıq bu il biz Moskvadan, Qazaxıstandan xəstələr qəbul etmişik. Onlar bizim şəraitimizdən və müalicələrimizdən çox razı gediblər. Gələn il isə biz bu işi çox genişləndirmək istəyirik. Yəqin ki, gələn il həmin respublikalardan yüzlərlə xəstələr bizim sanatoriyaya gəlib, müalicə olunacaqlar. Sanatoriyamız Xəzər
dənizinə yaxın olduğuna görə onlar həm də gəlib dənizdə çiməcək, günəş vannası qəbul edə biləcəklər.
- Xəstələrə arzularınız, istəkləriniz nədir?
- Mən bir vacib məsələni vurğulamaq istəyirəm ki, insan orqanizmində yaranan xəstəliklərin 90 faizi mədə-bağırsaq xəstəliyi nəticəsində yaranır. Yəni çoxlu xəstəlikləri mədə-bağırsaq xəstəliyi yaradır. Ona görə də biz, çalışırıq ki, mədə-bağırsaq xəstəliklərini tez sağaldaq ki, başqa fəsadlar verməsin. Çünki biz, siz xəstələr üçün işləyirik. Siz olmasanız biz də işləmərik. Ona görə də xəstələrimizə arzumuz budur ki, bizimlə növbəti dəfə yalnız görüşməkçün gəlsinlər, xəstə olduqları üçün yox. Yanımıza gələndə sağlam, gümrah, dost kimi bizimlə hal-əhval tutmaqçün gəlsinlər. Onlara sağlam can və böyük ruh yüksəkliyi arzu edirik. Onların qarşıdan gələn Yeni il bayramlarını da təbrik edirəm. Yeni ildə burada müalicə olunan xəstələrlə də biz, 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik gününü və Yeni il şənliyini də çox böyük təmtəraqla keçiririk.
Fəxrəddin həkimdən böyük razılıqla ayrılıb, 15 gün bizə əllərindən gələn xidməti edən, yüksək mehribançılıq göstərən tibb bacılarına yaxınlaşıram. Çünki onların da ürək sözlərini oxucularla bölüşməyi özümə böyük borc bilirəm.
Kimya Quliyeva: Mən bura işləməyə gələndə 20 yaşım vardı. Bu il mənim 63 yaşım və burada əmək fəaliyyəti göstərməyimin 43 ili tamam oldu. Bu fəaliyyətimə görə də 3 il bundan qabaq “Tərəqqi” medalı ilə və Fəxri Fərmanla təltif olunmuşam. Əməyimə belə yüksək qiymət verildiyinə görə, ölkə başçımız cənab İlham Əliyevə, Kurort Səhmdar Cəmiyyətinin prezidenti Əbil Ağasiyevə və sanatoriyanın baş həkimi Fəxrəddin Kazımova dərin minnətdarlığımı bildirirəm.
Əli Əliyev: 2019-cu ilin fevral ayının 16-da mənim tibb sahəsində çalışmağımın 50 ili tamam olacaq. Əvvəllər burada həkim kimi ayrı-ayrı sahələrdə çalışmışam. İndi də naftalanla insanları müalicə edirəm. Naftalan Azərbaycanın elə müqəddəs müalicə sərvəti, üsuludur ki, insan bədənində olan bütün ağrıları götürür. Naftalanla müalicə olunduqda insanın qan dövranı yaxşılaşır. İnsan orqanizmində də qan dövranı yaxşı olsa, toxumalar qidalansa və yaxşı hərəkət etsə orada xəstəliklər olmaz. Məhz buna görə də dünyanın çox yerindən insanlar müalicə almaq üçün Naftalana müalicəyə gəlirlər. İnsan orqanizmində də xəstəliklər bədənin əzilməsindən, soyuq dəymədən və bədənə keçən mikroblardan yaranır. Ona görə də biz, bura müalicəyə gələn xəstələrə tövsiyyə edirik ki, özlərini əzilmədən, soyuqdan və mikroblardan qorusunlar.
Telli Ələsgərova: Artıq 23 ildir ki, burada mədə-bağırsaq şöbəsində işləyirəm. Bura gələnləri özümün ən əziz doğmalarım bilirəm və onlara əlimdən gələn köməklikləri edirəm. Burada müalicə olunan xəstələrdən xoş sözlər eşidəndə fərəhlənirəm.
Zülfiyyə Əliyeva: 20 ildir ki, burada işləyirəm. Bu illərdə də burada çoxlu maraqlı hadisələrlə rastlaşmışam. Ayrı-ayrı xarakterli çoxlu insanlara qulluq etmişəm. Çalışmışam ki, insanlar məndən həmişə razı getsinlər və sağalsınlar. Ümumiyyətlə, insanlarla işləmək çox maraqlı və cavabdehli işdir.
Sədaqət Bayramova: 1 nömrəli Tibb məktəbini bitirəndən sonra bura işləməyə gəlmişəm. Artıq 36 ildlir ki, burada işləyirəm. Həm də tibb bacısı kimi axşam növbəsində oluram. Öz işimizlə bağlı da tez-tez kurslar keçirik. Biz, insanlarla işləməkdən heç vaxt yorulmuruq və bezmirik. Axı xəstələr bizi ümid qapısı bilib bura pənah gətiriblər. Biz də onların ümidlərini doğrultmalıyıq. Elə xəstələr var ki, uzun illərdir bura müalicəyə gəlirlər. Biz artıq onlarla doğmalaşmışıq.
İradə İbarhimova: Mən fizioterapiya şöbəsində çalışıram. İlk əvvəl burada əmək fəaliyyətinə başlamışam və sonra təhsilimi davam etdirmişəm. 10 il “Günəşli” Nevraloji Sanatoriyasında işləmişəm. 13 ildir ki, artıq burada fizioterapiya şöbəsində işləyirəm. İnqalyasiya, oynaq xəstələrinə, əsəbə, beynin qan dövranına görə biodinamika toku verirəm. Mənə burada işləmək çox maraqlıdır. Çünki cürbəcür xasiyyətli xəstələrlə rastlaşırıq. Ona görə də onların xasiyyətinə uyğunlaşmalıyıq ki, bizə inansınlar və burada lazım olan kimi şəfa tapsınlar.
Pəri Babayeva: 14 ildir ki, burada işləyirəm. Əvvəllər öd şöbəsində işləyirdim. İndi 4-cü korpusun tibb bacısıyam. Bu korpusun rəhbəri həkim Habil İsgəndərovdur. Biz də çalışırıq ki, ona və burada müalicə alan bütün insanlara layiqincə xidmət edək. Çalışırıq ki, xəstələr həmişə bizdən razı qalsınlar.
Mehriban İbayeva: 29 ildir ki, burada fizioterapiya üzrə tibb bacısı işləyirəm. 2 nömrəli baza Tibb məktəbini bitirəndən sonra ilk təyinat yerim bu sanatoriya olub. Burada işləmək mənimçün çox maraqlıdır. Çalışıram əlimdən gələni edim ki, xəstələr məndən razı getsinlər. Ona görə də növbəti il gələndə onlar mənimlə çox mehriban görüşüb, məhz mənim yanımda müalicə almaq istəyirlər. Onlara yaxşılıq elədiyimizə, düzgün malicə göstərdiyimizə görə, onlardan da yaxşılıq görürük. Çünki insan kimi insanlarla davrananda heç bir iş çətin olmur. İnsanların mənə inanması mənimçün böyük mükafatdır. Axı inam, həyatın sərmayəsidir. İnsanların, əsasən də xəstələrin inamını qazanmaq isə hər adama nəsib olmur. Əsas odur ki, gərək insanları sevəsən.
Aida Əlixanova: Tibb texnikumunu bitirəndən sonra təyinatla bura gəlmişəm. Düz 29 il bundan əvvəl. Əvvəlcə tibb bacısı işləmişəm. Sonra baş tibb bacısı vəzifəsinə təyin olunmuşam. Uzun illərdir ki, bu vəzifədə işləyirəm. Həm də palçıqla müalicə şöbəsinə də rəhbərlik edirəm. Masazırdakı duzlu göldən gələn və çoxlu mineralları olan məşhur palçıq məhlulla insanların bədənində olan revmatizmi çıxarırıq. Bu palçığın insan sağlamlığına, əsasən oynaq ağrılarına, mədə-bağırsağa, ostioxandroz ağrılarına, qara ciyərə çox böyük effekti, köməyi var. Bura gələn xəstələr öz dərdlərini bizə deyirlər və biz də çalışırıq ki, səbrlə onların dərdlərinə şərik olub, müalicə olunmasına əlimizdən gələn köməklikləri edək. Bizə müraciət edən xəstələrin çoxu yaşlı adamlar, Qarabağ müharibəsi əlilləri olan insanlar da olur. Onlar sağalıb gedəndə, biz də sevinirik. Hətta bayramlarda bizə zəng vurub, təbrik edirlər. Əlbəttə, biz də bundan çox sevinirik ki, bizi yaddan çıxarmayıblar. Çünki insanın unudulması, yaddan çıxarılması böyük faciədir. Mən çox sevinirəm ki, həyatda bu müqəddəs peşəni seçmişəm.
Maya Abdullayeva: Tibb texnikumunu bitirəndən sonra təyinatla bura işləməyə gəlmişəm. Artıq 29 ildir ki, bu sanatoriyada işləyirəm. Öz işimdən və xəstələrdən çox razıyam. Çünki burada hər xasiyyətdə insanlarla rastlaşırıq. Çalışırıq ki, onların hamısı ilə dil tapaq. Onlar gərgin olanda, ağrıyanda bizim bircə kəlmə xoş sözümüz, inanın onlara böyük məlhəm olur. Həm də mən zarafatı xoşlayıram. Çalışıram ki, masaj vaxtı onlara lətifələr danışım ki, könülləri xoş olsun və ağrını unutsunlar.
Sevinc Ağayeva: Biz Maya xanımla bir otaqda işləyirik. Artıq 13 uldir ki, buarada işləyirəm. Ola bilər ki, bizim əhvalımız pis olsun. Amma biz onu heç vaxt xəstələrə büruzə vermirik. Həmişə özümüzü şux, mehriban göstəririk. Mən masaj üzrə kurslar qurtarmışam. Çalışıram əlimdən gələni edim ki, xəstələr məndən razı qalsınlar. Bizim yaxşı işləməyimiz və öz işimizi mükəmməl bilməyimiz həm də “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasına baş ucalığı gətirməyimizdir.
Gülnarə Qənizadə: Mənim sənətim tibb bacısıdır. Həm də mən musiqiçiyəm. Skripka və fortepiano üzrə təhsilim var. Bu sahələrdə də təhsil almışam. Amma tibb sahəsində təhsil alandan sonra bu sahədə iləyib insanlara xeyir verməyi üstün tutdum. Fizioterapiya sahəsində işləyirəm. İşlədiyim müddətdə də insanlar həmişə bizdən razı gediblər. Mən burada bütün insanlara eyni cür xidmət edirəm. Axı onlar bura gələndə bir fikrə inanıb gəlirlər. “Biz sanatoriyaya sağalmağa gedirik”. Biz də öz işimizlə, xoş rəftarımızla sanatoriyanın imicini qorumaqçün onların inamını doğrulduruq.
Nigar Qurbanova: Mən kurs keçəndən sonra bura işləməyə gəlmişəm. Artıq 11 ildir ki, burada mineral vannalar şöbəsində çalışıram. Bu mineral sular Abşeronda yerdən təbii şəkildə çıxır. İnsan orqanizminə də əsəblərçün, mədə-bağırsaqçün böyük xeyri var. Çox əhəmiyyətili köməyi olur. Bura gələn xəstələrə də xidmət eləmək bizim borcumuzdur. Axı onlar “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasını özlərinin ümid qapısı bilirlər. Deməli, biz də özümüzün şəfalı əllərimizlə, diqqətimizlə, xəstələrə layiqincə qulluq etməklə onların inamını, ümidlərini doğrultmalıyıq. Axı inam, insanın son ümididir.
P. S. Müalicə otaqlarının qarşısında insanların sanatoriyanın tibb bacılarının işindən razılıq edərək dediyi fikirləri hamı razılıqla təsdiq edirdi. Və məlum olurdu ki, bu insanların çoxu uzun illərdir ki, bu sanatoriyaya müalicə almaqçün gəlirlər. Burada şəfa tapırlar. Buranı umud qapısı bilib, böyük həvəslə, inamla bura pənah gətirirlər. Mən də “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin həkim başda olmaqla bütün kollektivdən, qaldığımız 4-cü korpusda bizi müalicə edən tibb bacıları Raya İsmayılovadan, İzabella Vəliyevadan, xadimələrdən, qeydiyyat şöbəsində sanatoriyaya gələn insanları ilk dəfə gülər üz, xoş rəftarla, yaxşı əhval-ruhiyyə ilə qarşılayan Gülçöhrə Əliyevadan, Nisə İsayevadan və yeməkxanada çalışan pəhriz bacısı Familə İsayevadan, aşbaz Mətanət Təhməzovadan, Təranə Tağıyevadan, Kəmalə Xəlilovadan, Təranə Hüseynovadan, Aynurə Mayılovadan və Yeganə Əsgərovadan xoş təəssüratlarla ayrılıram. Sanatoriyada işləyən bütün işçilərə bu sözləri deyirəm: “Bizə təmənnasız, böyük mehribanlıqla xidmətinizə görə, sizə dərin təşəkkürümüzü bildiririk. Sizi 31 dekabr Dünya Azərbaycanlıları günü və Yeni il bayramı münasibətilə təbrik edirik. Sağlıq olsun. Gələn il, 2019-cu ildə görüşənədək”.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB