Baş pediatr: "Sumqayıtda su xəttinə hansısa mənbədən çirkab suları qarışır"

Baş pediatr: "Sumqayıtda su xəttinə hansısa mənbədən çirkab suları qarışır"

“Sumqayıtda uşaqlar arasında baş verən hadisədə ən böyük şübhəmiz odur ki, su xəttinə hansısa mənbədən çirkab qarışır”. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında respublikanın baş pediatrı Nəsib Quliyev deyib.

Sumqayıtda uşaqlar arasında ilk xəstələnmə hallarının iyunun 7-də baş verdiyini deyən baş pediatr bildirib ki, elə həmin gün Səhiyyə Nazirliyində operativ qərargah yaradılıb: "İndiyədək qərargaha 136 müraciət olub. Bu gün onlardan dörddə birinin müalicəsi davam edir, digərləri evə buraxılıb. Proses qısa müddətdə lokallaşdırılıb. Bununla bağlı Xudatdan gələn Şollar su xəttində “Azərsu” və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, epidemik nəzarət şöbəsi tərəfindən müayinələr aparılır. İlkin müayinələrin nəticəsi göstərdi ki, bu hadisə su xəttindən baş verən çiy su ilə bağlıdır, törədici isə “rotavirus”lardır. Bu virus dünyanın hər yerində yayılıb, böyüklər və kiçiklərdə bu xəstəlik qusma, ishal və yüksək hərarətlə müşahidə olunur. Uşaqlar bu xəstəliyə daha çox həssasdırlar. Çünki yaşlılar həyatlarında bir və ya bir neçə dəfə bu xəstəliklə rastlaşdığı üçün immunitet formalaşır. Bir nəfər də olsun, ağırlaşma hadisəsi yoxdur. Yaxın günlərdə prosesi tamam dayandırıb, sonuna çatdıracağıq”.

N. Quliyev həmçinin bildirib ki, rotavirus dünyada geniş yayılmış xəstəlikdir: “Bəzi ölkələrdə bu xəstəliyə qarşı peyvənd aparılır. Uşaqlara çiy su vermək olmaz. Ölkədə kifayət qədər təmizlənmiş su satılır, yaxud suyu qaynatdıqdan sonra uşağa vermək lazımdır. Yay mövsümündə qidalarla bağlı zəhərlənmələr ola bilər. Bunun qarşısını almaq üçün uşaqların qidalanması, davranışına, günün altında qalmamasına, su prossedurlarına riayət etməklə bağlı bütün tədbirləri yerinə yetirsinlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə