"Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi öz işinə başlayır

"Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi öz işinə başlayır

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 26-28 may 2017-ci il tarixlərdə "Gülüstan" sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Bakı Ürək Günləri" 5-ci Beynəlxalq Konqresini təşkil edəcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, konqres iştirakçıları mayın 26-da saat 12:00-da Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Konqresin ilk günündə kardiocərrahlar və rezidentlər üçün praktiki məşğələlər təşkil olunacaq. Gənc mütəxəssislər mayın 26-da saat 14:00-dan 18:00-dək keçiriləcək "Damar anastamozu" və "Mitral qapaq təmiri" kurslarında praktiki biliklərini artıracaqlar.

Mayın 27-də saat 12:00-da isə Konqresin rəsmi açılış mərasimi baş tutacaq.

Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. "Bakı Ürək Günləri" 5-ci Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir "Bakı Ürək Günləri" Beynəlxalq Konqresini təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə