Anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası ilə bağlı işlər davam etdirilir

Anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası ilə bağlı işlər davam etdirilir

Azərbaycanda yenidoğulmuşlarda və uşaqlarda anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası və müalicəsi istiqamətində işlər davam etdirilir. Bu gün "Anadangəlmə ürək qüsurlarının antenatal və neonatal dövrdə diaqnostikasında exokardioqrafiyanın əsasları. Yenidoğulmuşlarda və körpələrdə EXOKQ-nın aparılmasına dair praktikum." mövzusunda iki mərhələli 20 günlük nəzəri və praktiki təkmilləşdirmə kursu başlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təlimlər Səhiyyə Nazirliyinin, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya və Pediatriya kafedralarının, Elmi-Tədqiqat Pediatriya İnstitutunun, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Respublika Uşaq Xəstəxanası və Rastrapovich-Vişnevskaya Fondunun dəstəyi və təşkilatcılığı ilə təşkil olunub.

Kurslar pediatrik və neonatal kardioloqlar, pediatrik reanimatoloqlar, exokardioqrafiya ilə maraqlanan pediatr və neonatoloqlar, habelə neonatal və pediatrik kardiologiyaya dair biliklərini təkmilləşdirmək istəyən kardiocərrahlar və kardiologiya ixtisası üzrə təhsil alan sonuncu kurs rezidentlər üçün nəzərdə tutulub.

Kurs yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə həyata keçiriləcək. Kursda anadangəlmə ürək qüsurlarının diaqnostikasında EXOKQ-nin tətbiqi, antenatal dövrdə (ana bətnində) ürək qüsurlarının diaqnostikası, yenidoğulmuşlarda EXO-KQ-nin aparılmasının qaydaları, sadə və mürəkkəb anadangəlmə ürək qüsurlarında EXO-KQ-nın aparılması alqoritmləri, invaziv prosedurlar zamanı EXO-KQ-nın istifadəsi əsasları və s. mövzular müzakirə ediləcəkdir.

Qeyd edək ki, təlim kursu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 02.09.2014-cü il tarixli 87 nömrəli əmri ilə təsdiq edilmiş "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin tədbirlər planının 3.4-cü yarımbəndində nəzərdə tutulmuş fəaliyyətlərin icrası məqsədilə Səhiyyə nazirliyinin 16.03.2016-cı il tarixli 57-S nömrəli Sərəncamına əsasən keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə