Həkimin xasiyyəti və sənəti bir-birini tamamlayanda gözəl olur

Zəmilə İsmayılova: “Qoy onlar bizim yanımıza xəstə kimi yox, bir dost və yoldaş kimi gəlsinlər”
Həkimin xasiyyəti və sənəti bir-birini tamamlayanda gözəl olur

...Sumqayıt şəhər 1 nömrəli Xəstəxana ilə əlaqələrimin düz 16 il tarixçəsi var. Belə ki, həmin vaxtı məni ağır infarkt vəziyyətdə bu xəstəxanaya gətirmişdilər. Sağalmağıma ümid az idi. Sözün açığı, başda həmin vaxtı Səhiyyyə şöbəsinin müdiri işləyən rəhmətlik Karlen Abbasov, xəstəxananın baş həkimi Bayram Əsədov, kardeologiya şöbəsinin müdiri Şamil Xələfov, kardeoloqlar Sevinc Hacıyeva, Cabir Məcidov, Ayaz Əliyev və bütövlükdə tibbi heyyət əllərindən gələni edirdilər ki, mən hökmən sağalım. Mənim üçün ayrıca palata ayrılmışdı və demək olar ki, Karlen həkim hər gün əlaqə saxlayır, tez-tez xəstəxanaya gəlir, Bayram həkim isə hər gün palataya gəlib hal-əhvalımla, müalicənin gedişi ilə maraqlanırdı. Sözsüz ki, həmin vaxtı bir müddət Sumqayıta uğurla rəhbırlik etmiş, dəyərli ziyalı, təşkilatçı insan, "Tərəqqi" medallı Şakir Abuşovun, həmin vaxtı Sumqayıtın yeni İcra Hakimiyyətinin başçısı təyin olunmuş, "Şöhrət" ordenli Təvəkgül Məmmədovun da mənim üstümdə nəzarəti böyük idi. Şəxsən Şakir Abuşov hər gün Karlen Abbasovla mənim haqqımda çox ciddi söhbət edirdi. Eləcə də 31 il Azərbaycanın rayonlarında birinci katib işləmiş, iki dəfə Lenin ordenli, filologiya üzrə alim, çox dəyərli ziyalı Sadıq Murtuzayevin, millət vəkilləri Sabir Rüstəmxanlının, Zəlimxan Yaqubun da tez-tez məni yoluxmağa gəlmələri, hər şeylə maraqlanmaları da burada böyük rol oynayır və xəstəxanada yüksək səfərbərlik yaratmışdı. Şəhərin tanınmış həkimlərindən, baş travmatoloq, ortoped, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Cəbrayıl Əlinağıyev, tibb üzrə fəlsəfə doktoru Canıbəy Ağayev, o vaxtlar Bərpa müalicəsi Xəstəxanasının baş həkimi işləyən Vahid Məmmədov, Tibb elmləri doktoru Rəfiəli Hüseynov, Regional Onkologiya Xəstəxanası baş həkiminin müavini Mir Fazil Hüseynov, "Azmənzilsənayetəmirtikinti" İstehsalat Birliyinin baş direktoru Akif Hənəsoğlu, şəhərin tanınmış ziyalılarından, ağsaqqalllarından biri, "Az.Termoizol" ASC-nin sədri Şakir Həsənov, Sumqayıt şəhər bələdiyyəsinin sədr müavini Şahbala Kərimov, bələdiyyənin komissiya sədri Fəxrədddin Rəhimov və onlarca başqa tanınmış həkimlərin, ağsaqqalların hamısı tezliklə sağalmağımı istəyirdilər. Bu da hamısı ondan irəli gəlirdi ki, mən uzun illər idi Sumqayıt şəhərinin ədəbiyyatının, mədəniyyətinin inkişafı üçün əlimdən gələni etmişdim, Sumqayıt Gənclərinin Xalq Teatrına, Sumqayıt Dövlət Musiqili-Dram Teatrına böyük uğurla rəhbərlik etmişdim. Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu, Moskvada təhsil alan ilk peşəkar teatr rejisssoru, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Qızıl mükafatçısı və 1985-ci ildə keçmiş Sovetlər Birliyindən 48 dramaturq arasında "İnan mənə" pyesimə görə laureat olan ilk azərbaycanlı idim. "Qızıl Dərviş" mükafatı laureatı adını alan ilk rejisssorlardan biriydim. Əlbəttə, bütün bu xidmətlərimin sayəsində 51 yaşımda infakt olmağım və ölümlə əlləşməyim yəqin ki, hamıya ağır təsir edirdi...

Bütün bu insanların sayəsində mən 40 gün xəstəxanada qalandan sonra tam müalicə alıb, oradan çıxdım. Sonra kardioloqlar Şamil Xələfovun, Sevic həkimin, Cabir həkimin sayəsində artıq yavaş -yavaş tam sağalıdım...

Artıq həmin ağır illər arxada qalıb. Mən tam sağlamam. Ürəyimdən heş bir şikayətim yoxdur. Amma tez-tez bu xəstəxana ilə əlaqə saxlayıram. Buranı özümün doğma ocağım bilirəm. Və burada işləyən həkimlərin çoxu ilə dostluq edirəm. Onların işləri ilə tez-tez maraqlanıram. Onlar haqqında dəfələrlə mətbuatda maraqlı müsahibələr, portret yazıları və oçerklər yazmışam. Övladlarının toylarında böyük həvəslə iştirak edirəm. Ən çətin məqamlarında da yanlarında olmuşam.

"Əfsanələrdən yaranan şəhər və onun insanları" kitabımda Sumqayıtda səhiyyənin əsasını qoyanlardan biri Məlik Əliyev və burada işləyən onlarca başqa həkimlər haqqında çox geniş oçerklər yazmışam. Malik həkimlə apardığım maraqlı söhbətlər və Vahid Məmmədovun onunla bağlı dedyi sözlər də bu kitabda özünün çox yaxşı əksini tapıb. Artıq kitabın son tamamlanma işləri gedir. İnanıram ki, bu kitab Sumqayıt haqqında maraqlı kitablardan biri olacaq.

Yaxın vaxtlarda yenidən səhhətimdə bəzi problemlər yaranmışdı. Qan dövranımda, ürək və təzyiqimdə fəsadlar əmələ gəlmişdi. Yaxın dostlarım olan həkimlər əllərindən gələni etdilər və məni krizis vəziyyətindən çixartdılar. Sonra Təcili Tibbi Yardım Stansiyasında işləyən və cavan olmasına baxmayaraq həkim kimi çox inandığım Ramil İsmayıl oğlu Quliyev məsləhət bildi ki, təzyiqimin tam qaydasına düşməsi üçün massajlar və fizioterapiyalar götürməyim çox vacibdir.

Beləliklə, yenidən Sumqayıt şəhər 1 nömrəli Xəstəxanaya gəldim. Burada toklarla müalicə edən yüksək təfəkkürlü, həddindən artıq savadlı, baş tibb bacısı, əsl diplomat bir xanımla tanış oldum. Dedi ki, adım Zəmilə, soy adım Cəbrayıl qızı, familiyam İsmayılovadır. Açığı bu xanımın savadı, özünü xəstələrlə çox mədəni aparması və hər xəstə ilə tez dil tapması, insan psixalogiyasını yaxşı bilən bir yazıçı, rejissor, publisist, jurnalist kimi nəzərimdən yayınmadı. Elə bil ki, bir neçə dəqiqə xəstə ilə apardığı söhbətdən onu tam başa düşür və hər xəstənin də öz dilində onunla danışır və həmin dəqidə də onu razı salırdı. Xəstə ilə mehribanlaşırdı. Sevindim ki, bizim belə savadlı, yüksək mədəniyyətli, ziyalı tibb işçilərimiz yetişir. Bəs, niyə biz onları oxucularımıza tanıtmayaq? Belə qərara gəldim ki, onu oxucularla daha yaxından tanış edim.

Qısa arayış: Zəmilə Cəbrayıl qızı İsmayılova 1973-ci ildə Tovuz rayonunda anadan olub. Orta məktəbi yaxşı qiymətlərlə bitirsə də ilk arzuzu kooperasiya sahəsində işləmək olub. Ona görə də Bakı şəhərində bu sahədə təhsil alıb. Sonra rayona qayıdıb və ticarət sahəsində işləyib. Sonra ailə həyatı qurub. Tale elə gətirib ki, 10 il bundan əvvəl Sumqayıta pənah gətirib. Sumqayıt şəhər 1 nömrəli Xəstəxanada pullu xidmət nəzarətçisi işinə düzəlib. Həmin vaxtı xəstəxananın baş həkimi Bayram Əsədov bu xanımın tibbi sahəyə marağı olduğunu görüb və onu göndərişlə Sumqayıt Tibb Texnikumuna təhsil almağa göndərib. İki il burada təhsil alan Zəmilə xanım yenidən doğma kollektivə qayıdıb və artıb burada baş tibb bacısı kimi işə başlayıb. On ildir ki, bu sahədə işləyir. Zəmilə xanım da doktor Məlik Əliyevi heç vaxt yaddan çıxarmır və deyir ki, fizioterapiya sahəsində mən ondan çox şey öyrənmişəm. O, həqiqətən bu sahənin əsl professoru, universiteti idi. Əfsus ki, biz ondan çox şeyləri lazım olan kimi öyrənə bilmədik. O, əsl məktəb idi.

- Artıq uzun illərdir ki, xəstəxanaya çox dəyərli ziyalı olan, baş həkim Nazim Hüseynquliyev rəhbərlik edir. Onun işləri haqqında nə deyə bilərsiniz?

- Təkcə onun haqqında danışsam insafsızlıq olar. Elə şöbə müdirimiz Aybəniz İbrahimova da, baş həkimin müavini Eldar İslamzadə də, Nazim həkim kimi əllərindən gələni edirlər ki, biz öz işimizə ciddi yanaşaq və onlar da öz sahəmizdə bilmədiklərimizi bizə dəqiqliklə öyrədirlər. Mən bu on ildə nə əldə etmişəmsə bütün həkimlərimizin köməyi olub. Alllah onların hamısının canını sağ eləsin. Bu günkü günümə görə göydə Allaha, yerdə onların hamısına borcluyam. Xəstəxanamızı yüksək səviyyədə təmir etdiklərinə və bura yüksək standartlara cavab verrən aparatlar gətirdiklərinə görə bu sahədə bütün əməyi olanlara dərin minnətdarlığımızı bildiririk. Baş həkimimiz Nazim Hüseyquliyev də bura öz doğma evi kimi baxır və çalığır ki, hər şey öz yerində olsun. O, özünə çox tələbkar olduğu kimi, bütün işçilərə də elə tələbkardır. Həm də səhiyyənin bütün sahələrini yaxşı bilir. İnsan psixalogiyasının ustasıdır.

- Baş tibb bacısı çox çətin sahədir. Gərək hanının nazı ilə oynayasan və onu öz işinlə razı salasan. Olurmu ki, gününüz çox gərgin keçir?

- Mən xasiyyətcə bir qədər sakit insanam. Tez əsəbləşmək, tez özümdən çıxmaq məndə lap uşaq yaşlarımdan yoxdur. İmam Əlinin belə bir maraqlı kəlamı var. Deyir: "Əsəbiliyin başlanğıcı dəlilik, sonrası isı peşimançılıqdır". Ona görə də gərək elə ilk əvvəldən əsəbiləşməyəsən ki, sonra peşimançılıq keçirməyəsən. Dediyim hər bir sözü də əvvəlcədən ölçüb-biçib deyirəm. Bax bütün bunlar da mənim çox köməyimə gəlir. Ona görə də hamı ilə tez dil tapa bilirəm. Ümumiyyətlə xəstəxanaya gələn hər bir adamın canı ağrıdığına görə bura gəlir. Əlbəttə, artıq o, bura gələndə əsəbləri yerində olmur. Həkim və tibb bacısı da bunu başa düşməli və ona canıyananlıq göstərməli, onu özünün şirin sözləri, müdrik fikirləri ilə düşdüyü stressdən qurtarmalıdır. Tibb işçisi hər bir xəstəni özünün əziz qohumu bilməlidir. Bəs böyük dahilər boş yerə deməyiblər ki, "həkimlər Böyük Yaradanın yerdə elçiləridir". Və ya "bir həkim bir aləm deməkdir".

- Sizin eviniz varmı?

- Xeyir. Çox çətin şəraiti olan yataqxanada yaşayıram. Amma çox istərdim ki, bu şəhərdə mənim də evim olsun və övladımı həmin evdə böyüdüb, elə həmin evdən də gəlin köçürün. Yəqin ki, qısa vaxtda mənim də evim olar. Qismət Allahdandır.

- Xəstələrə arzunuz, diləyiniz nədir?

- Onlara Allahdan şəfa diləyirəm. Heç vaxt xəstələmənməsinlər. Sadəcə hər altı aydan bir gəlib prafilaktikadan keçsinlər. Qoy onlar bizim yanımıza xəstə kimi yox, bir dost və yoldaş kimi gəlsinlər. Bizimlə küçədə görüşəndə ən əziz insanlar kimi görüşsünlər.

- Zəmilə xanım, Sumqayıt şəhəri günü-gündən gözəlləşir. Sizin bu gözəlliyə münasibətiniz necədir?

- Allah həmişə Zakir Fərəcovun köməyində olsun. Cəmi bir il yarımda şəhərimiz üçün belə gözəl işlər görüb. Heydər Əliyev parkının ətrafı, orada olan unikal binalar, yeni salınan dəniz kənarı park, şəhərin hər iki tərəfdən gözəl, yaraşıqlı girişi, meydanşalar və ümumiyyətlər hər yer Sumqayıtda gözəlləşir. Şəhər artıq özünün ikinci intibah dövrünü yaşayır. Mən öz şəhərimlə fəxr edirəm. Tovuzdan sonra Sumqayıt həqiqətən mənim ikinci Vətənimdir. Biz sumqayıtlılar ölkə başçımız İlham Əliyev cənablarına da dərin minnətdarlığımızı bildiririk ki, Zakir müəllim kimi belə yüksək təşkilatçı insanı bizim şəhərin İcra Hakimiyyətinin başçısı təyin edib. Bu hələ başlanğıcdır. Sumqayıt günü-gündən gözəlləşəcək. Çoxlu iş yerləri açılacaq. Bu şəhər əvvəlki kimi özünün əsl firavan , gözəl günlərini yaşayacaq. Mən inanıram ki, həmin günlər heç də uzaqda deyil. Sumqayıt tezliklə təkcə keçmiş Sovetlər Birliyinin yox, həm də dünyanın ən gözəl şəhərlərindən biri olacaq.

Ağalar İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə