İnsanlar xəstələnməmək üçün nə etməlidirlər? MÜSAHİBƏ

Gülnaz Abulova: “Mütəmadi olaraq damarların qayğısına qalmaq, qanın təmiz olmasına çalışmaq, onların təmizlənməsini təmin etmək, sağlamlıq üçün olduqca vacibdir”.
İnsanlar xəstələnməmək üçün nə etməlidirlər? MÜSAHİBƏ

Sumqayıt şəhər 1 saylı Xəstəxananın fizioterapiya şöbəsinin müdiri Gülnaz xanım Abulovanın SİA-ya müsahibəsi

"Sağlamlığını düşünən, uzun ömür yaşamaq istəyən insan, ilk növbədə sağlam həyat şəraiti yaşamalıdırlar. Həmişə də aktiv həyat şəraitində olmalıdırlar. İdman etməlidirlər. Daim hərəkətdə olmalıdırlar. Hər bir insan hər gün ən azından 5-6 kilometr piyada gəzməlidir. Böyük filosoflordan biri deyib ki, "hərəkət sağlamlığın ilk dərmanıdır". İnsan hər gün yeməklərinə fikir verməlidirlər. Hər şeyə əsəbləşməməlidirlər. Çünki çoxlu xəstəliklərin ilk ocağı stresslərdir. Əsəb xəstəlikləri, qan-damar xəstəlikləri, ürək, onkoloji, təzyiq və şəkər xəstəlikləri də stresslərdən daha çox yaranır. Ona görə də insanlar bütün gücünü sərf edib, səbirli olmalıdırlar. Var-dövlər ardınca qaçmamalıdırlar. Onlar bilməlidirlər ki, hələ bu vaxta qədər çirkli yollarla əldə olunan var-dövlət heç vaxt yiyəsinə qismət olmayıb.Tez-tez həkimə müraciət edib, profilaktik müayinələrdən keçməlidirlər. İnsan, ilk növbədə özü-özünün həkimi olmalıdır. Tibbi maarifləndirməni yaxşı bilməlidir. Bax, bütün bunlara riayət edən insan, inanmıram ki, ciddi xəstəliklərə tutulsun, - deyə Gülnaz Abulova sözə başladı.

Müxbir: - Açığı 4-5 ay idi ki, damar xəstəliklərindən əziyyət çəkirdim. Çoxlu həkimlərə müraciət etmişdim. Hər həkim də bir dərman yazırdı. Amma təzyiqim heç cürə qaydasına düşmürdü. Tez-tez evə Təcili Tibbi Yardım maşını çağırırdıq. Onlar da ayrı-ayrı iynələr vurur və gedirdilər. Hamısının da sözü bu olurdu ki, "axır vaxtlar təzyiq, infarkt, insult, onkoloji və şəkər xəstəlikləri daha çoxalıb. Çünki insanlar damar xəstəliklərindən əziyyət çəkirlər. Bu da gündəlik yediyimiz qidaların çox pis olmasında, keyfiyyətsizliyindəndir".

Yaxından tanıdığım və savadına çox inandığım Təcili Tibbi Yardım Stansiyasının cavan, amma çox savadlı həkimi Ramil Quliyev məsləhət bildi ki, "hökmən fizioterapiya ilə məşğul olub, massajlar və toklar qəbul etdirmək lazımdır ki, təzyiqiniz düzəlsin. İnanıran ki, bunun dərmanlardan daha çox sizə hökmən köməyi dəyər". Onun dediyi kimi də etdim.

Beləliklə, uzun illər məni müalicə edən Gülnaz xanıma müraciət etdim. Massaj üzrə öz işinin yüksək mütəxəssisi olan Gülnaz Abulova çox maraqlı və məşəqqətli bir həyat yaşayıb. Belə ki, Qamsaxurdiya Gürcüstana rəhbərlik etdiyi vaxt çoxlu azərbaycanlılar kimi, Gülnaz xanımın ailəsi də Bolnisi rayonunun Saraclı kəndində bərli-bəzəkli evlərini, geniş torpaq sahələsini qoyub həyat yoldaşı və üç övladı ilə Sumqayıta pənah gətiriblər. Onlar Gürcüstanda sayılıb-seçilən nəsillərindəndirlər. Ulu babası mahalın koxası olub. Əmisi uzun illər Bolnisi rayonun birinci katibi olub. İlk əvvəllər Sumqayıtda da günləri yaxşı keçməyib. Amma ağır ömrün günü gödək olar. Tezliklə, onlara da həyan olan insanlar tapılıb...

Gülnaz İsa qızı Abulova Tiflisdə Tibb Texnikumunu əla qiymətlərlə bitirsə də ilk əvvəllər Sumqayıtda öz sənəti üzrə iş tapa bilməyib. Amma Sumqayıt səhiyyəsində əvəzsiz işlər görən Məlik Əliyev onu Sumqayıt şəhər 1 nömrəli Xəstəxanasının fizeoterapiya şöbəsinə işə götürüb və onu Cəvahir xanımın yanına kursa göndərib. Cəvahir xanım həmin vaxtlar Sumqayıtda ən yaxşı massaj üzrə mürəxəssis idi. Şəhərin ən tanınmış insanları massaja görə yalnız ona müraciət edirdilər. Gülnaz xanım ondan çox şey öyrənib və Məlik həkimin ümidlərini doğrultub və bu gün xəstəxanada sayılıb-seçilən massajistlərdən biri sayılır. Onun artıq bu sahədə 26 illik təcrübəsi var. Xəstələrinin də sayı-hesabı yoxdur.

Gülnaz xanım təkcə öz işini massajist kimi bitmiş hesab etmit. O, öz üzərində çalışdığına görə, təbabətin bütün sahələrini öyrənir və əsasən də bioloji və xalq təbabəti yaxşı mənimsəyib. Bizim onunla söhbətlərimiz də əsasən bu haqda oldu.

- Siz uzun illər Sumqayıtda fizioterapiya sahəsində əvəzsiz işlər görmüş Məlik Əliyev haqqında nə deyə bilərsiniz?

- Sumqayıt şəhərində fizioterapeyanın əsl yaradıcısı Məlik həkim olub. Mənim kimi Sumqayıtda yüzlərlə fizioterapiya sahəsində çalışanların hamısının müəllimi Məlik Əliyev idi. Bunu heç kim dana bilməz. O, bizim hamımızın mənəvi atası idi. Biz hamımız indi onun verdiyi çörəyi yeyirik. İşimlə bağlı bəlkə də hər gün mən ona 5-6 dəfə müraciət edirdim. O da səbrlə hər şeyi başa salırdı. Mənə massajla bağlı çoxlu kitablar verdi ki, oxuyum və gəlib həmin kitabları ona danışım. Həmin vaxtlar bizim Xəstəxananın baş həkimi də Bayram Əsədov idi. Bayram həkim də çox yaxşı insan və həkim idi. Həm də öz işinin mütəxəssisi idi. O da əlindən gələni edirdi ki, mən öz sənətimi yaxşı öyrənim. İndi də baş həkimimiz.Nazim Hüseyquliyevdən hamımız çox razılıq edirik. Çünki yaxşı insan və yaxşı mütəxəssisdir. Xəstəxanamız Avropa standartlarına uyğun təmir olunub. O, da əlindən gələni edir ki, hamı yaxşı işləsin və xəstəxananı göz bəbəyi kimi qorusun. Mənə elə gəlir ki, Nazim həkimdən nə işçilər və nə də xəstələr heç vaxt narazı qalnır. Çünki o, əsl insan olmaqla öz işinin bilicisidir.

- Elə ağır xəstələr olubmu ki, siz onları massaj edibsiniz və sağalıblar, sonra gəlib sizə razılıq ediblər?

- İşlədiyim bu 26 ildə yüzlərlə elə adamların adını çəkə bilərəm ki, sağalıblar və həmişə də massaja görə mənim yanıma gəliblər. Özü də bir dəfə mənim yanıma massaja gələn, hökmən ikinci dəfə də gəlir. Massaj elətdirmək üçün elə insanlar gəlir ki, gərk sən onları narazı salmayasan. Xoş üzlə qarşılayasan. Çünki belə vaxtda əzələlər ağırlaşır və insan çox pis olar. Gərək çalışıram ki, öz işimi vicdanla yerinə yetirəsən və xəstə də tam sağalsın.

- Bu gün çoxlu xalq təbabəti və bioloji təbabətlə müalicə üsulları meydana çıxıb. Klassik təbabətlə məşğul olan həkimlərin isə böyük əksəriyyəti bunu qəbul etmirlər. Amma bioloti təbabətlə, xalq təbabəti ilə dünyanın sivil ölkələri çox geniş məşğul olurlar. Bəs sizin buna münasibətiniz necədir?

- Mən buna çox yaxşı və təbii baxıram. Çünki bu müalicə üsulu min illərlə, əsrlərlə yol gəlib və təsdiqini tapıb. Yapon, Çin, Şərq təbabətini kim dana bilər? Çox qədim zamanlarda indiki müasir dərmanlar olmayanda elə insanları bioloji təbabət üsulu və dərman otları ilə müalicə ediblər. İndi də bu üsulla müalicə edib, yüksək effek ala bilirlər. Hətta onkoloji xəstələri də əgər vaxtında başa düşüb, müalicəsinə başlasalar, bu üsulla yaxşıca müalicə edirlər. Bu gün yediyimiz yeməklərin tərkibi yüksək kalorili olmadığına görə damarlarda kirəclənmə yaranır və insanların təzyiqində böyük problemlər çoxalır. Bunun qarşısı da vaxtında alınmasa bu da infarkta, insulta və başqa fəsadlara qədər onları aparir. Sonra xəstəliyin başqa fəsadları da yaranır. Ona görə də artıq özünün əsrlərlə təsdiqini tapmış xalq təbabətində işlədilən və damarların təmizlənməsinə kömək edən bir neçə üsulu mən də insanlara təklif edirəm. Əgər qəbul etsələr, istifadə etəsələr hökmən xeyrini görürlər.

Bildiyimiz kimi bu günkü ekologiya, az hərəkətli həyat tərzi, zərərli vərdişlər, düzgün qidalanmama qan damarlarında kifayət qədər ciddi problemlər yaradır və bu da müxtəlif damar xəstəliklərinə, başqa xəstəliklərə səbəb olur. Buna görə də mütəmadi olaraq damarların qayğısına qalmaq, qanın təmiz olmasına çalışmaq, onların təmizlənməsini təmin etmək, sağlamlıq üçün olduqca vacibdir. Damarların uzun əsrlər sınanmış xalq təbabəti vasitələri ilə təmizlənməsinin bir çox üsulları var. Onların ən əsaslarından biri də massaj, fizioterapiyadır. Bunlar insanı həm sağlam və həm də gümrah saxlayır. İnsan ömrünü uzadır. Bu, ziyansız müalicə üsuludur.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə