Azərbaycan Respublikası Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində şəraitlə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədilə avqustun 26-27-də Kürdəmir, Ağsu və Şamaxı rayonlarına press-tur təşkil edib. SİA-nın məlumatına görə, media işçiləri rayonların mərkəzi xəstəxanalarında olublar. Burada jurnalistlər xəstəxanalarda mövcud vəziyyət, xəstələrin qəbulu, müayinə və müalicəsi, ayrı-ayrı şöbələrdə yaradılan şərait, müasir tibbi avadanlıqlarla təchizat və sair barədə ətraflı məlumatlandırılıblar.
Jurnalistlər ilk olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında (MRX) olublar və burada yaradılan şərait barədə həkimlər tur iştirakçılarına məlumat veriblər.
Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Baş həkimi Məhəmməd Musayev jurnalistlərə açıqlamasında bildirib ki, xəstəxana 157 çarpayılıqdır və şüa-diaqnostika, kliniki diaqnostik laboratoriya, travmatalogiya və ortopediya (20 çarpayılıq), cərrahiyə (20 çarpayılıq), otorinolaringologiya (10 çarpayılıq), anesteziologiya-reanimatologiya (12 çarpayılıq), terapiya (30 çarpayılıq) və s. 13 həkim məntəqəsi 33 tibb məntəqəsi ilə birlikdə rayon əhalisinə və rayonda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə xidmət göstərir".
Baş həkim diqqətə çatdırıb ki, əhaliyə göstərilən səhiyyə xidməti ilə 106 nəfər həkim, 398 nəfər orta ixtisaslı tibb işçisi məşğul olur: "Gün ərzində MRX-na 1000-ə yaxın əhali müraciət edir. Rayon üzrə 2687 şəkərli-diabet xəstəsi var ki, onlardan da 268 nəfəri insulindən asılı, 8 nəfəri 17 yaşa çatmayan uşaqlardır, 873 nəfər vərəmli xəstə var onlardan da 21 nəfəri 18 yaşa qədər uşaqlardır".
Media nümayəndələri daha sonra Ağsu Mərkəzi Rayon Xəstəxanasına baş çəkiblər. Xəstəxananın Baş həkimin müavini Əli Hüseynov deyib ki, 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Ağsuya səfəri zamanı vətəndaşların müraciətini nəzərə alaraq sərəncam imzaladı: "Məhz həmin ildən etibarən xəstəxananın binasının əsaslı təmirinə başlanıldı. 2016-cı ilin may ayında ölkə rəhbərinin iştirakı ilə xəstəxana rayon sakinlərinin ixtiyarına verilib. Xəstəxanada cərrahiyə, terapiya, reanimasiya, təcili yardım, uşaq poliklinikası şöbəsi və s. vardır. Bina bütün müddət ərzində havalandırma sistemi ilə təchiz olunub. Poliklinikada imtiyazlı qrup xəstələr tam dərman preparatları ilə təmin olunub. 1750 nəfər şəkərli-diabetli xəstələrimiz qeydiyyatdadır. Dərman təchizatı əvvəlki illərə nisbətən artıb. Qarşımıza məqsəd qoymuşuq ki, bizə göstərilən bu etimadı layiqincə doğruldaq".
Tur iştirakçılarının son dayanacağı Şamaxı Mərkəzi Rayon Xəstəxanası olub. Xəstəxananın Baş həkiminin müavini Fazil Məmmədov jurnalistlərə açıqlamasında qeyd edib ki, rayonun 95 min əhalisinə 146 çarpayılıq olmaqla 2 xəstəxana – Şamaxı MRX və Göylər kənd xəstəxanası qulluq edir: "Bundan əlavə kənd yerlərində 14 həkim məntəqəsi, 20 tibb məntəqəsi vardır. Həkimlərimizin sayı 115, orta tibb işçiləri isə 265 nəfərdir. Hazırda həkim çatışmamazlığı problemi ilə üz-üzəyik. Yəni 48 ştat həkim yeri boşdur. Ginekoloq, pediatr, terapevt, dermatoloq və s. ştatlarına ehtiyacımız var. 400-ə yaxın onkoloji xəstəmiz var".
Səfərin sonunda jurnalistlər Şamaxı rayonunda yerləşən "Sakit Göl" istirahət zonasına ekskursiya ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB