Bölgələrdə həkim çatışmazlığı probleminin həlli YOLLARI

Bölgələrdə həkim çatışmazlığı probleminin həlli YOLLARI

"Bölgələrimizdəki həkim çatışmazlığı probleminin qarşısını təhsil sistemində tətbiq edilən üsulla almaq mümkündür". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.

O bildirib ki, rayon və kəndlərdə çalışanlara daha artıq əmək haqqı vermək və digər güzəştləri tətbiq etmək gənclərimizin bölgələrdə fəaliyyət göstərməsinə marağı artıra bilər: "Bilirik ki, ali məktəblərin qəbul imtahanlarında iştirak edən abituriyentlərin əksəriyyəti Azərbaycanın müxtəlif bölgələrindən gəlir. Yaxşı olardı ki, həmin abituriyentlər arasında tibb universitetinə daxil olanlar təyinatla öz yaşadıqları bölgələrə işləməyə göndərilsin. Təbii ki, burada müəyyən şərtlərin olması vacibdir. Onların əmək haqları mərkəzdə işləyənlərin əmək haqlarından daha artıq olsa, həmin şəxslərin ailələri ev və ya torpaqla sahəsi ilə təmin edilsə, eləcə də onların kommunal xərclərinə güzəştlər tətbiq olunsa bu, o zaman gənclərimiz bölgələrdə fəaliyyət göstərməkdə maraqlı ola bilər. Ümumiyyətlə, gənclərimizin bölgələrdə fəaliyyət göstərməsinə marağı artırmaq məqsədilə bu cür addımların atılması vacibdir. Qonşu ölkə olan Türkiyədə də bu təcrübədən istifadə edilir. Belə ki, orada kəndlərdə çalışan həkimlərin əmək haqları şəhər klinikalarında çalışanlardan 30-40 faiz daha artıqdır".

Millət vəkili kəndlərdə çalışan həkimlərin məhz həmin bölgədən olmasınn üstünlüklərindən danışıb: "Kəndlərdə yaşayanların özləri də orada çalışan həkimin məhz həmin bölgədən olmasının tərəfdarıdır. Çünki, gecə elə hadisə baş verə bilər ki, həkimə ehtiyac yaranar. Belə olan halda, həkimin işlədiyi kənddə yaşaması, bir çox hallarda kömək ola bilər. Bu, orada işləyən həkimlə yanaşı, kənd əhalisi üçün böyük üstünlükdür. Təbii ki, bütün bunlar qanunvericilik çərçivəsində deyil təcrübə yolu ilə tətbiq edilməlidir. Artıq ölkəmizin təhsil sistemində bu təcrübədən istifadə edilir. Müəllimlərin kənd məktəblərinə cəlb edilməsi üçün lazımi addımlar atılır. Bu sistemin səhiyyədə də tətbiqi öz müsbət nəticələrini verə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə