ADU-da I Şah Təhmasibə həsr olunmuş tədbir keçirildi FOTO

ADU-da I Şah Təhmasibə həsr olunmuş tədbir keçirildi FOTO

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən "Tarix" klubunun və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə IŞah Təhmasib Səfəviyə həsr olunmuş tədbir keçirildi.

ADU-dan SİA-ya verilən məlumata görə, universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə çıxış edən Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev qonaqları salamlayaraq onları ADU-da görməkdən məmnun olduğunu dilə gətirdi. O, bugünkü tədbirin tarixi şəxsiyyətlərin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirərək Tarix klubunun daim aktual məsələlərə aid görüşlər təşkil etdiyini söylədi, onların işini yüksək qiymətləndirdi.

Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Tofiq Nəcəfli öncə İnstitutun "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsindən söz açdı, layihənin ölkənin orta və ali təhsil müəssisələrində gerçəkləşdirildiyini bildirdi. Tariximizin hər bir dövrünü yaşadan, dünya arenasında bizi tanıdan tarixi şəxsiyyətlərdən birinin də I Şah Təhmasib olduğunu diqqətə çatdıran Tofiq Nəcəfli onun XVI əsrin başlanğıcında nəinki Cənubi Qafqazda, hətta Yaxın və Orta Şərqdə torpaqlarımızı vahid mərkəzdə birləşdirən möhtəşəm imperiyanın əsasını qoyduğunu sözlərinə əlavə etdi. O, 235 illik Səfəvi imperiyasının yaradıcısı Şah İsmayıl Səfəvinin oğlu olan Şah Təhmasibinhəyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Səfəvi dövlətinin qüdrətli imperiyalardan birinə çevrildiyini diqqətə çatdırdı.

Tarix İnstitutunun professoru Şahin Fazil Səfəvi dövrünə aid yazılı mənbələr və onlarda yer alan tarixi faktlar haqqında ümumi məlumat verdi. O, I Şah Təhmasibin həyatından, hakimiyyətə gəlişi və bu istiqamətdə qarşılaşdığı əngəllərdən, uzaqgörən siyasətindən, ölkəsini ədalətlə idarə edən hökmdar olmasından danışdı. Şah Təhmasibin Səfəvi-Osmanlı müharibələrində sülhə nail olaraq bir sıra Avropa dövlətlərinin Səfəvilərdən Osmanlılara qarşı istifadə etmək cəhdlərinin qarşısını aldığını söyləyən professor, görkəmli hökmdarın işini ləyaqətlə yerinə yetirən tarixi şəxsiyyət olduğunu bildirdi.

Daha sonra konfransda çıxış edən Tarix İnstitutunun tarix üzrə elmlər doktoru Xeyirbəy Qasımov, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli I Şah Təhmasibin fəaliyyəti, şəxsiyyəti, daxili aləmi, düşünülmüş siyasəti, döyüş taktikası haqqında məlumat verdilər, onun hakimiyyəti dövründə Azərbaycan mədəniyyətinin yüksələn xətlə inkişaf etməsini nəzərə çatdırdılar.

Tədbirdə çıxış edənlər görüşün vacib və aktual mövzuya həsr olunduğunu söylədilər, belə tədbirlərin davamlı olacağına əminliklərini ifadə etdilər.

Şah Təhmasibə həsr olunmuş konfransın sonunda tarixçi-alimlər tələbələrin çoxsaylı suallarını cavablandırdılar.

Qeyd edək ki, tədbirdə digər universitetlərin tələbələri də iştirak edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə