İslam dini hələ təbabətin elmə çevrilmədiyi zamanlarda bir çox xəstəliyin çarəsinin carçısı idi. Bu sözləri SİA-ya İslam dinində təbabətin əksi ilə bağlı açıqlama verən həkim-fitoterapevt Fizuli Hüseynov deyib.
Onun sözlərinə görə, xristian aləminin gigiyenadan xəbəri olmadığı halda, dinimizdə ağız təmizliyi üçün yararlı olan misvakdan istifadə etmək məsləhət görülür: "Misvakın tərkibində olan zəngin ftor dişlərin mina qatını qoruyur, ağız boşluğunda yaranan yaraları sağaldır, həmçinin, farengit, qastrit kimi xəstəliklərin müalicəsinə müsbət təsir göstərir.
İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimdə adları çəkilən beş meyvə-xurma, zeytun, üzüm, əncir və nar səhhətdə yaranan bir çox problemlərin çarəsi hesab olunur. Xurma yeganə bitkidir ki, onun tərkibi həm yağ, həm zülal, həm də karbohidratdan ibarətdir. Bu meyvə mədə-bağırsaq sisteminin normal çalışmasına səbəb olur. Eyni zamanda, məhsul verən xurma sonsuzluğun, D vitamini, kalsium çatışmazlığının qarşısını almaq, kişilərdə yaranan prostat vəzinin müalicəsi üçün çox faydalıdır.
Zeytunun isə həm yarpağı, həm meyvəsi, həm də yağı bir sıra xəstəliklərin dərmanıdır. Xolesterini yüksək olan, dəri qurumasından əziyyət çəkən, böyrəklərdə, öd kisəsində daş əmələ gələn insanlara bu meyvənin rafinə olunmamış yağından istifadə etməyi məsləhət görürəm. Yeməkdən öncə bir xorək qaşığı zeytun yağı içmək qastrit xəstəliyinin müalicəsi üçün, həmçinin, mədə-bağırsaq, böyrək nahiyəsində yaranan problemlərin aradan qaldırılması üçün təsirli vasitədir".
Üzümün faydaları haqqında da məlumat verən həkim bildirib ki, bu meyvənin tərkibindəki qlükoza halsızlığın, xroniki xəstəliklərin əhəmiyyətli çarəsidir. Onun sözlərinə görə, mədə xorasından əziyyət çəkən xəstələr bir ay ərzində hər gün ac qarnına bir salxım üzüm yeməklə problemdən xilas ola bilərlər.
İslam ölkələrində təbabətin inkişafı haqqında da danışan Fizuli həkim Avropada tibb elmi hələ araşdırma prosesində olarkən, X əsrdə Misirdə ilk dəfə ketkuddan (tikiş sapı) istifadə edilərək əməliyyat aparıldığını, bu kimi faktların göz xəstəliklərinin tədqiqinə də şamil edildiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB