Dərmanların vergidən azad olunmasına ciddi ehtiyac var SƏBƏBLƏR

Dərmanların vergidən azad olunmasına ciddi ehtiyac var SƏBƏBLƏR

"Dərman vasitələri əlavə dəyər vergisindən azad olunsa, bütün dərmanların qiyməti ən azı 18 faiz ucuzlaşacaq". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Qasımlı deyib.

Onun sözlərinə görə, dərmanların əlavə dəyər vergisindən azad olunması indiki dövr üçün lazımlı və münasibdir: "Prezident İlham Əliyevin göstərişi ilə ötən ildən Azərbaycanda dərmanların qiyməti dövlət tərəfindən tənzimlənir və onların qiyməti orta hesabla 2-3 dəfə aşağı düşmüşdü. Lakin manatın devalvasiyasından sonra, onların qiymətində 45-50 faiz artım müşahidə olunub ki, bu da bütün Azərbaycan vətəndaşlarının dərman vasitələrindən istifadə imkanlarını məhdudlaşdırır. Dünya təcrübəsindən çıxış edərək, bu məsələni dəstəkləyir və düşünürəm ki, tezliklə hökumət tərəfindən qərar qəbul ediləcək. Hazırda hökumətdə bu məsələ ilə bağlı müzakirələr aparılır".

M. Qasımlı vurğulayıb ki, dünyanın bir çox ölkələrində dərmanlara əlavə dəyər vergisi tətbiq olunmur: "Dərman istehsal edən və daxili istehsalın rəqabət davamlılığını təmin etmək məqsədilə bəzi ölkələrdə əlavə dəyər vergisi qismən tətbiq olunur. Azərbaycanda isə demək olar ki, dərman istehsal olunmur və əlavə dəyər vergisinin tətbiq olunması dərmanların bahalaşmasına gətirib çıxarır. Qərar qəbul olunsa, bütün dərmanlar əlavə dəyər vergisindən azad ediləcək. Hətta qida əlavələri var ki, onlar da əlavə dəyər vergisindən azad olunsa, yaxşı olar. Çünki, həmin vasitələr də dərman kimi istifadə olunur".

Azərbaycanda dərman istehsalına mane olan səbəblərə gəlincə, millət vəkili söyləyib ki, ölkəmizdə buna mane olan səbəb yoxdur: "Bunun üçün sahibkarları cəlb etmək, dərman istehsalı üçün lazım olan kimyəvi maddələrin idxalını da əlavə dəyər vergisindən azad etmək lazımdır. Belə olan halda, ölkəmizdə dərman vasitələrinin qiyməti daha ucuz olar".

Bütün xəbərlər Facebook səhifəmizdə