Gənc Qan Donorlarının II Forumu keçirilib FOTO

Gənc Qan Donorlarının II Forumu keçirilib FOTO

Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə Gənc Qan Donorlarının II Forumu keçirilib. SİA-nın məlumata görə, forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Forumu giriş sözü ilə açan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, hər il dünyada 108 milyon doza qan toplanır: "Bu gün bizim əsas məqsədimiz Azərbaycanda qan donorluğunu inkişaf etdirməkdir. Düşünürəm ki, qohum donorluğu, təmənnalı donorluq anlayışları ortadan qalxmalıdır. Ötən il biz "14 iyun – Ümumdünya Qan Donoru Günü" ərəfəsində ictimai əsaslı İşçi Qrupu yaratdıq. İşçi Qrupuna Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, İran Qızıl Aypara Cəmiyyəti, habelə digər təşkilatlar daxildir. Keçən il bir sıra öhdəliklər götürdük. Sevindirici haldır ki, bu işdə dövlət və QHT nümayəndələri artıq birləşib".

B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Hematologiya şöbəsinin rəhbəri Zöhrə Əlimirzəyeva çıxışında "14 iyun -Ümumdünya Qan Donoru Günü" haqda ətraflı məlumat verib.

Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva deyib ki, Azərbaycanda ilk dəfə malyariya mənşəli anemiyanın kəskin formasından əziyyət çəkən xəstəyə qan köçürülüb: "Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva 8 fevral 2005-ci ildə "Talassemiyasız həyat naminə proqramı"nı elan etdi. 3 may 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Qanın, qan komponentlərinin və qan xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu imzalandı. Son 10 il ərzində Azərbaycanda qan donorlarının sayı 3 dəfədən çox artıb. Respublika üzrə 2010-cu ildə 46530 nəfər qan donoru olubsa, 2014-cü ildə bu rəqəm 72697 nəfərə yüksəlib".

Eləcə də Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli müəllifi olduğu "Qanımızın səsi" (qan qrupunun insan həyatındakı rolu) kitabından bəhs edib. Bildirib ki, kitabın mövzusu yaşından asılı olmayaraq hər kəsi maraqlandıra biləcək aktual məsələyə - 4 fərqli qan qrupunun insanın həyatındakı roluna – onun xarakterinə, karyerasına, uğurlarına, sağlamlığına, eləcə də xəstəliklərinə, həyati seçimlərinə, qarşı cinsə münasibətinə, ailə bağlarına, hətta ana olmaq imkanlarına necə təsir göstərməsinə dair yeni bir təlimə həsr edilib.

Forumda "Qan ver həyat bəxş et!", "Qan donorluğu: sən onları xilas edə bilərsən!" videoçarxları nümayiş olunub.

Nəzərinizə çatdıraq ki, Forumun təşkilatçıları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, İran Qızıl Aypara Cəmiyyətidir.

Qeyd edək ki, forumun təşkilatçısı olan qurumlar il ərzində fəal qan verən şəxsləri mükafatlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə