"Ötən illərlə müqayisədə hazırda doğuş zamanı ölüm hallarının sayı azalıb". Bunu SİA-ya açıqlamasına Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli söyləyib. Bildirib ki, əgər hadisə həkim səhvi ucbatından baş verirsə o zaman Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılır: "Səhiyyə Nazirliyinin apardığı düzgün tədbirlər nəticəsində ölüm halları azalıb. Bu daim Səhiyyə Nazirliyinin nəzarətində olan məsələdir. Azərbaycan Prezidenti İlham Əliyev "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında da sərəncam imzalanıb. Bununla əlaqədar olaraq regionlarda Perinatal mərkəzlər yaradılıb. Səhiyyə Nazirliyinin əsas problemlərindən biri anaların vaxtında müayinələrə getməməsidir. Ümumiyyətlə, gələcək analar bilməlidirlər ki, hamiləlik dövründə və ondan əvvəl mütləq həkimin nəzarətində olmalıdır. Əgər ananın səhhətində hər hansı problem varsa, aradan qaldırılmalıdır. Hesab edirəm ki, bunlar edilsə doğuş zamanı yaranan qüsurlar da aradan qalxar".

"Doğuş zamanı ana və uşaq ölümünün baş verməsinə səbəb həm vətəndaşların, həm də bəzi həkimlərin məsuliyyətsizliyidir". Bunu professor-ekspert Adil Qeybulla söyləyib. Bildirib ki, dünyanın hər yerində ana və uşaq ölümü əsas problemlərdən biridir. Bu da tibb xidmətinin səviyyəsi barədə informasiya verən məsələdir: "Bunların hər biri fərdi şəkildə araşdırılıb, konkret səbəblər ümumiləşdirilsə daha düzgün olardı. Təcrübə göstərir ki, bu gün Azərbaycanda hamilə olan qadınların 90% -də hamiləlik fizioloji getmir. Yəni fizioloji gedən hamiləlik çox nadir hallarda təsadüf edir. Hər bir qadında gedən hamiləlikdə patoloji problem var ki, bu da doğulan uşaqlarda ciddi risk yaradır. Qadınların bəziləri müxtəlif xəstəliklərə tutulur və hamilə qalırlar. Heç kimlə məsləhətləşmirlər. Hamiləlik patoloji keçdiyi üçün insanlar daim müşahidə altında olmalıdır və anomaliyalar varsa, vaxtında qarşısı alınmalıdır. Bu məsələ sistem halına salınmalıdır. Əgər belə olmasa, ölümün və ağırlaşmaların sayı artacaq. Hamiləliyin gedişində orqanizm üçün çox ciddi təlatümlər yaradan fizioloji proses olduğu üçün hamiləliyin gedişində bu orqanlar daha böyük fizioloji yükə məruz qalaraq sıradan çıxa bilirlər. Müxtəlif orqan çatışmazlığı olur. Bütün bunları aradan qaldırmaq üçün protokollarla işləməyə keçməliyik. Ümumdünya Səhiyyə Təşkilatının əksər məsələlər üzrə klinik protokolları, şablonları var. Ən azı onlardan istifadə etmək olar. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da hər bir qadın üçün klinik müşahidə protokolu olmalıdır. Həmin protokolda qadının hamiləlikdən qabaq və sonra nə edəcəyi, hamiləlik müddətində neçə dəfə ultrasəs müayinəsindən keçməli, hansı analizləri verməli olduğu kimi təlimatlar öz əksini tapmalıdır. Bu gün 10 qadın arasında sorğu aparılsa görmək olar ki, onların böyük əksəriyyəti hamilə qalarkən heç bir həkimlə məsləhətləşməyib, müayinə olunmayıb. Ancaq qadın hamiləliyin sonuna yaxın bu haqda düşünür. Onu da deyim ki, indiki dövrdə evdə doğuş halları da mövcuddur. Bütün bunlar göstərir ki, bizim bu problem başdan qaynaqlanır. Yəni sovet təbabətindən qərb təbabətinə keçsək də qərb təbabətinin klinik protokolları hələ tam tətbiq olunmayıb. Bütün bunlar bizdə tətbiq olunmadığına görə, bu cür problemlər mövcuddur. Araşdırsaq görərik ki, burada həkim səhvləri və peşəkarlıqla bağlı problemlər də var".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB