Uşaqların icbari dispanserizasiyasına dair geniş konfrans keçirilib

Uşaqların icbari dispanserizasiyasına dair geniş konfrans keçirilib

Uşaqların sağlamlığının qorunması məsələsi dövlətimizin daim diqqət mərkəzindədir. Son illər ölkəmizdə bu sahədə mühüm nailiyyətlər əldə edilsə də pediatrik yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması və həmin biliklərin beynəlxalq standartlara uyğun olması istiqamətində aparılan işlər davam etdirilir. SİA-nın verdiyi məlumata görə, həmin tədbirlərin davamlılığının təmin edilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın əhəmiyyətli rolu var.

Bu proqramın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planı hazırlanıb təsdiq edilib. Həmin tədbirlər planına uyğun olaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ana və uşaq sağlamlığının qorunması sahəsində çalışan həkimlərə uşaqlar arasında geniş yayılmış xəstəliklərin erkən aşkarlanması, müalicəsi, profilaktikası, fəsadlarla mübarizə sahəsində keyfiyyət standartlarının çatdırılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi üçün təlimlər keçirir. Bu təlimlərə xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər də qatılırlar. Mütəmadi davam edən təlimlər çərçivəsində institut 18-19 noyabr 2014-cü il tarixində "Uşaqlar arasında geniş yayılmış xəstəliklər" mövzusunda elmi-praktiki konfrans keçirib. Konfransda çıxış edən ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru N.A.Qasımov ölkəmizdə son illərdə uşaqların sağlamlığının qorunması üçün daha yüksək səviyyəli işlər və tədbirlər aparıldığını qeyd etdi. Onun sözlərinə görə, uşaq xəstəliklərinin erkən diaqnostikası daha mühüm yer tutur və uşaqların icbari dispanserizasiyadan keçirilməsi Dövlət Proqramı səviyyəsində olması əhəmiyyətini əks edir.

Bütün xəbərlər Facebook səhifəmizdə