BMT-nin nümayəndəsi 2015-ci ilədək Ebolaya qalib gəlmək ümidindədir

BMT-nin nümayəndəsi 2015-ci ilədək Ebolaya qalib gəlmək ümidindədir

Azərtac BMT-nin Xəbərlər Mərkəzinə istinadən xəbər verir ki, BMT Baş katibinin Ebola ilə mübarizə üzrə xüsusi elçisi Devid Nabarronun dediyinə görə, son bir ayda Ebolaya qarşı görülmüş fövqəladə qlobal cavab tədbirləri ümid verir ki, gələn ilin sonunadək bu bəlanın qarşısını almaq mümkün olacaqdır. BMT-nin nümayəndəsi ümidvar olduğunu bildirib ki, birgə səylərlə ölümcül qızdırmaya qalib gəlmək mümkün olacaqdır.

BMT-nin nümayəndəsi sözünə əlavə edərək deyib: "Bu günə 13 110 nəfərdə Ebola virusunun olduğu təsdiqlənib. Virusa yoluxmuş 4 828 adam vəfat edib. Son dörd həftədə Qərbi Afrikanın bəzi rayonlarında virusun yayılma sürəti bir qədər azalsa da, başqa "qaynar nöqtələrdə" xəstəlik bir ay bundan əvvəlki sürətlə yayılmaqdadır. Bu gün Qvineyada, Liberiyada və ya Syerra-Leonedə xəstəxana çarpayılarının sayı iki ay bundan əvvəlkindən beş dəfə çoxdur. Bu, ölüm və yeni yoluxma hallarının sayının azalmasına kömək edir. Bununla belə xəstəliyi cilovlamaq üçün lazımi tədbirlərin hətta dörddə biri görülməyib. Keçən ay fövqəladə qlobal cavab tədbirləri və Ebolanın tüğyan etdiyi üç ölkədə yerli əhalinin səfərbərliyi ilə əlaqədar iki digər pozitiv cəhətə diqqəti cəlb etmək istəyirəm. KİV-lərdə kütləvi kampaniya keçirilməsi və yerli liderlərin epidemiyaya qarşı mübarizəyə cəlb edilməsi tədbirləri bu səfərbərliyə kömək göstərib".

Öz növbəsində Lüksemburq hökuməti zərər çəkmiş üç ölkədə Ebolaya tutulmuş beynəlxalq humanitar əməkdaşların köçürülməsi əməliyyatları üçün iki təyyarə verildiyini bildirib. Avstraliya bu ölkələrə tibb işçiləri göndərmək və virusla mübarizəyə 26 milyon dollar ayırmaq niyyətində olduğu barədə məlumat verib. Yaponiya həmin üç ölkənin hər birinə təqribən 4 milyon ABŞ dolları verməyə hazır olduğunu elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə