Lənkəranın Biləsər kəndində həkim məntəqəsi istifadəyə verilib

Lənkəran rayonu rəhbərliyinin əhali ilə növbəti görüşü ən ucqar dağ yaşayış məntəqəsi olan Biləsər kəndində keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdən əvvəl kənddə yeni inşa edilmiş həkim məntəqəsinin açılışı olub.
Mərasimdə çıxış edənlər kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər, daxili imkanlar hesabına ucqar dağ kəndində inşa edilən həkim məntəqəsinin ən qısa müddətdə zəruri tibbi avadanlıqla təmin olunacağını bildiribər.
Diqqətə çatdırılıb ki, Hirkan-Biləsər avtomobil yolunun əsaslı təmiri, kənddə yeni məktəbin tikintisi, ərazinin qazlaşdırılması növbəti mərhələlərdə icra ediləcək.
Görüşdə çıxış edən kənd sakinləri rəy və təkliflərini söylədilər. Müəllim Firudin Kərimov həkim məntəqəsinin istifadəyə verilməsinə görə bütün kənd sakinləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Qeyd edək ki, görüş başa çatdıqdan sonra Lənkəran Mərkəzi Rayon Xəstəxanasının həkim briqadası yeni inşa edilmiş həkim məntəqəsində kənd sakinlərini tibbi müayinədən keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə