Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Tibb Kollecində təcili tibbi yardım sahəsində çalışan tibb işçiləri üçün seminar-məşğələlərə başlanılıb. Seminar-məşğələnin ilk günündə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov çıxış edərək gündəlik həyatımızda rast gəlinən bəzi hadisələrin insan sağlamlığına mənfi təsir göstərdiyini, müəyyən təhlükələrin ortaya çıxdığını bildirib. Qeyd edib ki, belə olan halda düzgün ilkin tibbi yardımın göstərilməsi təxirəsalınmaz zərurətə çevrilir.
Diqqətə çatdırılıb ki, bu hadisələr zamanı insanların həyatının xilas edilməsi vaxtında, məqsədyönlü surətdə aparılan ilk tibbi yardımdan asılı olur. Vaxtında və düzgün aparılan ilk tibbi yardım xəstəliyin inkişafını ləngidir, gələcək ağırlaşmaların qarşısını alır. Bu baxımdan təcili tibbi yardım sahəsində çalışan tibb işçilərinin hərtərəfli hazırlığı məqsədilə keçirilən seminar-məşğələlər mühüm əhəmiyyət kəsb edir.
İlk seminar-məşğələdə Naxçıvan Muxtar Respublikası Xəstəxanasının həkimləri Bəxtiyar Hüseynovun "Terminal vəziyyət, onun dəyərləndirilməsi" və Yaşar Rzayevin "Travmalar haqqında məlumat. İmmobilizasiya, şinaların qoyulması və yaralıların daşınması" mövzularında mühazirələri dinlənilib.
Seminar-məşğələdə əyani vasitələrdən istifadə olunub, tibb işçilərini maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimləri tərəfindən keçirilən seminar-məşğələlər qruplar üzrə həftədə iki dəfə olmaqla sentyabrın 12-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB