"Qrip virusuna yoluxmuş şəxslərdə 2-3 gün müddətində 38-39 dərəcə hərarət müşahidə edilir. Bundan sonra xəstədə boğaz və göz almacıqları ağrısı, burun, əzələ, boğaz ağrısı, qusma və öskürək əlamətləri müşahidə edilməyə başlayır". SİA-ya açıqlamasında Akademik Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun qrip və digər kəskin resperatur virus infeksiyaları laboratoriyasının müdiri Almaz Əsədova son günlər ölkədə yayılan qrip virusunu xarakterizə edərkən belə deyib. O bildirib ki, hazırda bu qrip ölkə əhalisi arasında, əsasən də paytaxt Bakıda geniş yayılıb.
Almaz Əsədovanın sözlərinə görə, əksər insanlar soyuqdəyməni qriplə əlaqələndirirlər: "Lakin bu çox yanlış fikirdir. Belə ki, qripin A, B, C adlı törədiciləri və digər kəskin resperatur virusları var ki, bunlar da koron, adena, inter, hətta mikroorqanizmlər və bakteriyalardır. Bu virusların inkişafı üçün ən münbit şərait burun nahiyəsinin selikli qişasıdır. Viruslar burada inkişaf etdikdən sonra yuxarı tənəffüs yollarına doğru hərəkət edirlər. Adıçəkilən viruslardan A törədicisi ən təhlükəlisidir ki, hazırda da Azərbaycanda qrip bu törədici vasitəsilə yayılır".
Qrip virusunun yayılma hallarının mövsümlə əlaqədar olduğunu deyən laboratoriya müdiri qeyd edib ki, bu hal epidemiya xarakteri daşımır: "Sözügedən qrip növü əlamətlərinə görə ötən ilki qripdən fərqlənir. İlkin olaraq xəstənin temperaturu qalxır. Temperaturu aşağı salmaq çətinləşir. Bir müddət ötdükdən sonra xəstəliyin sağaldığı güman edilsə də əlamətlər yenidən müşahidə edilir. Bu zaman xəstənin həkimə müraciət etməsi mütləq hala çevrilir. Bu virusa əsasən azyaşlılar və yaşlı insanlar daha tez yoluxur. Bunun qarşısının alınması üçün qeyd olunan yaş qruplarının immuniteti yüksəldilməlidir. Bunun üçün, onların qida rasionunda meyvə və tərəvəz, göyərti məhsulları artırılmalı, vitamin terapiyası tətbiq edilməlidir".
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova isə SİA-ya açıqlamasında bildirib ki, bayram günlərində kəskin resperatur xəstəliklərlə əlaqədar olaraq stansiyaya daxil olan çağırışların sayı artıb. Onun sözlərinə görə, gündəlik çağırışların 15-20 % -ni uşaqlarda və böyüklərdə kəskin resperatur xəstəlikləri təşkil edirdisə, bu rəqəm bayram günlərində 2 dəfə artıb: "Bayram günlərində stansiyaya orta hesabla 2500-ə yaxın müraciət daxil olub. Onlardan əksəriyyətini yaşlılar və uşaqlar təşkil etməklə 30-32 %-i resperatur xəstəliklərlə bağlı idi. Belə ki, normal günlərdə stansiyamıza 200-220 uşaq müraciət edirdisə, bayram günlərində bu rəqəm 450-yə çatıb".
Onu da qeyd edək ki, qrip yüngül xəstəliklər sırasında yer alsa da, bəzən onun doğurduğu fəsadlar heç də "ürəkaçıcı" olmur. Belə ki, bu xəstəliklə vaxtında mübarizə aparılmasa insanlarda ürək əzələlərinin zəifləməsi, böyrək çatışmazlığı və qulağın zəif eşitməsi kimi fəsadlar yaranır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB