PVC mənşəli strec filmlər onkoloji xəstəliklər yaradır

PVC mənşəli strec filmlər onkoloji xəstəliklər yaradır

"Azərbaycanda ərzaq məhsullarının bükülməsində istifadə edilən PVC mənşəli strec filmlər istehlakçılarda onkoloji xəstəliklərin yaranmasını sürətləndirir". SİA-nın xəbərinə görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov keçirdiyi mətbuat konfransında belə deyib.

Sədr bildirib ki, hazırda ölkə istehsalatında 2 növ strec filmdən istifadə olunur ki, bunlardan da biri PVC mənşəli olmaqla tərkibində ziyanlı DOP, DOA yağlarını cəmləşib: "Həmçinin bu strec filmlər pis qoxulu və sarımtıl rəngli olmaqla digərlərindən seçilir. Azərbaycana Çindən,İrandan, Türkiyədən və digər ölkələrdən idxal olunan PVC strec filmlərin etiketində PVC mənşəli olması gizlədilir, əvəzində isə qida sənayesinə yararlı olduğu qeyd olunur".

Eyyub Hüseynov qeyd edib ki, PVC-nin qida sənayesində istifadəsinə icazə verən dövlət orqanları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitar-Karantin Müfəttişliyi, o cümlədən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qlobal araşdırma aparmadan təhlükəli PVC-nin qida sənayesində istifadəsinə hüquqi əsas yaradan "gigiyenik sertifikat" və uyğunluq sertifikatları verilib: "Məsələ ilə bağlı adı çəkilən orqanlara müraciət olunub və təkliflər irəli sürülüb. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yerli baytarlıq strukturlarına tapşırıqlar verməklə kifayətlənib. Standartlaşdırma, Metrologiya və Patent Üzrə dövlət komitəsi isə məsələyə ciddi yanaşaraq araşdırmalar aparır".

Sədr deyib ki, hazırda satışda PVC tərkibli streclərlə yanaşı təhlükəsiz, qorxusuz və şəffaf növlü politelin mənşəli və qida sənayesində istifadəsinə şəraiti olan streclər də var. Onlardan istifadə olunması isə istehlakçı sağlamlığı üçün önəmlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə