Biləsuvar MRX: “Xəstə şantaj yolunu tutub”

Biləsuvar MRX: “Xəstə şantaj yolunu tutub”

Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Biləsuvar rayon səhiyyəsində çalışan həkimlərin əhaliyə göstərdiyi tibbi xidmətə kölgə gətirən məqalə dərc edilib. Bu barədə SİA-ya Biləsuvar Mərkəzi Rayon Xəstəxanasından verilən məlumatda bildirilir.

Belə ki, 2009-cu il 24 dekabrda Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat olunmuş Mehtiyeva Dəyməgül Sədulla qızı haqqında məqalə dərc edilib. Xəstəxanadan bildirilir ki, xəstə Cəlilabad rayon Ocaqlı kənd sakini 1963-cü il təvəllüdlü Mehtiyeva Dəyməgül Sədulla qızı "Uşaqlığın fibromioması qanaxma" diaqnozu ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə daxil olub. Xəstə USM, laborator və rentgen müayinələrindən keçirilmiş "Uşaqlıqda fibromioma, hər iki böyrəkdə yüksək kristallaşma" aşkar edilib: "Xəstədə "uşaqlıq fibromioması" ilə bağlı qanaxma olduğu üçün cərrahi əməliyyata götürülərək uşaqlığın artımlarla birlikdə supravaginal amputasiyası əməliyyatı aparılıb. Xəstə qısa müddətdə normal hemodinamik göstəricilərlə yaxşılaşma ilə 29.12.2009-cu il tarixdə evə yazılıb. Xəstənin müalicə həkimi cərrahiyyə şöbəsinin həkim cərrahı Ziyafət Bayramov olub".

Xəstə evə yazılandan sonrakı üç il ərzində heç bir şikayətlə müalicə həkimi olmuş Ziyafət Bayramova və digər həkimlərə müraciət etməyib. Yalnız 2012-ci ilin noyabr ayında xəstə "sol böyrək nahiyəsində" ağrıların olması ilə bağlı həkim cərrah Ziyafət Bayramova müraciət edib: "Həkim onu təkrar Ultrasəs müayinəsinə göndərib və "sol sidik axarında daş, sol böyrəkdə hidronefroz" aşkarlanıb. Müalicə həkimi Z.Bayramov xəstəni həkim uroloqla konsultasiya edib və həkimlərin birgə məsləhəti ilə xəstə Bakı şəhərində ixtisaslaşmış Uroloji Klinikada təkrar müayinədən keçirilməsi məsləhət görülüb. Xəstənin verdiyi məlumata görə, diaqnoz təsdiqlənib və onda cərrahi əməliyyatın aparılması məsləhət görülüb. Bundan sonra onlar öz istəklərini həll etmək üçün şantaj yolunu tutublar".

Məlumatda bildirilir ki, Biləsuvar MRX-nın Cərrahiyyə şöbəsində əməliyyat zamanı xəstədə heç bir fəsad baş verməyib: "Ümumiyyətlə, 3 il ərzində guya böyrəyə gələn kanalları bağlı olan insan yaşaya bilməz. Məqalədə qeyd edilən faktlar tibbi nöqteyi-nəzərdən aparılan əməliyyata uyğun deyil və böhtan xarakterlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə