“Dünya Ürək Günü” Azərbaycanda

“Dünya Ürək Günü” Azərbaycanda

Hər il sentyabr ayının sonun bazar günü dünyada "Dünya Ürək Günü" kimi qeyd olunur. Azərbaycanda da bugünlə əlaqədar olaraq silsilə tədbirlər, müxtəlif konfranslar təşkil olunur. Bu gün isə Bakıda Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə ABŞ-ın nüfuzlu səhiyyə müəssisələrindən biri olan Mayo Klinika ilə Mərkəzi Klinikanın ortaq toplantısı keçirilib.

Toplantıda Mayo Klinikasının dünyada tanınmış mütəxəssisləri cərrahi üzrə direktor, professor Riçard Daly və angeoqrafiya şöbəsinin direktoru, professor Verqhese Metyu da iştirak edib.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, bütün dünyada 13 ildir bu tarix qeyd edilir. Onun sözlərinə görə, Azərbaycan isə bu hərəkata 3 ildir qoşulub. E.Ağayev qeyd edib ki, hər il dünyada ürək çatışmazlığından 17 milyon insan dünyasını dəyişir.

"Bütün dünyada olduğu kimi, Azərbaycanda da ürək-damar xəstəliklərinin səbəb olduğu ölüm hallarının sayı birinci yeri tutur. Hər il dünyada ürək çatışmazlığından 17 milyon insan dünyasını dəyişir. Bu səbəbdən əhali arasında profilaktik və tədris işinin aparılması çox vacibdir. İnsanlar öz arterial təzyiqləri, həmçinin çəki, şəkər diabetinə və s. diqqət yetirməlidirlər. Vaxtında profilaktik iş aparılarsa, ürək xəstəliklərindən ölüm hallarının sayı da xeyli azalacaq. Azərbaycanın regionlarında da ürəkdə açıq əməliyyatların aparılması üçün şərait yaradılıb. Son 6-7 il ərzində 450-dən artıq yeni tibb məntəqəsi yaradılıb. Lakin gələcəkdə görüləsi işlər çoxdur. Ən vacib məsələlərdən biri isə müasir tibb mərkəzlərinin lazımi kadrlarla təmin edilməsidir", - deyə nazir müavini əlavə edib.

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev bildirib ki, tədbirin keçirilməsində məqsəd kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində ən son yeniliklərin müzakirə, klinikalar arası əməkdaşlıq əlaqələrinin genişləndirməkdən ibarətdir. Onun sözlərinə görə, Azərbaycanda artıq üçüncü ildir ki, bu tarix qeyd olunur: "Dünyanın müxtəlif ölkələrində bu cür ortaq tədbirlər mütəmadi olaraq təşkil edilir. Bu toplantı hər iki klinika arasında əməkdaşlığın genişlənməsinə, eyni zamanda yerli mütəxəssislərimizin beynəlxalq təcrübədən yararlanmalarına daha da təkan verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə