İçkilər mikrob saçır!

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda sərinləşdirici içkilərdən birinin tərkibində bakteriyaların olduğu müəyyənləşib. Aparılan yoxlama zamanı polietilen qablaşdırmada olan 19 litrlik "Billur su" adlı suların saxlama müddətinin heç bir normativ-texniki sənədə əsaslanmadan təyin edildiyi, habelə suların etiketində qablaşdırılma tarixinin göstərilmədiyi müəyyən olunub. Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən suların tərkibində mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərinin sayının normadan çox olduğu, eləcə də bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliform) olduğu aşkar edilib.

Bundan sonra məsələ yenidən gündəmə gəlib. Bəs görəsən, sərinləşdirici içkilərdə bu bakteriyaların yaranmasına səbəb nədir? Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev sərinləşdirici içkilərin özünün təhlükəsizlik kriteriyaları olduğunu deyib. Onun sözlərinə görə, bunlara mikrob, bağırsaq çöpləri, digər kif və mayalar daxildir.

"Əgər sərinləşdirici içkilər içməli su ilə qablaşdırılırsa, onda 100 milli litrdə mikrobların olmasına yol verilmir. Bu və ya bundan az həcmdə hər hansı mikrob aşkarlanarsa belə məhsullar çirklənmiş hesab olunur. Belə olan halda dərhal mikrobların yaranma şəraitləri müəyyənləşdirilir. Suyun özünün çirkli halda olması, doldurulan zaman əl üsulundan istifadə edilməsi, doldurma zamanı istifadə edilən əşyaların çirkli olması, köhnə butulkalardan təkrar istifadə olunması ən çox rast gəlinən hallardandır. Köhnə butulkalar bir neçə yerdən gətirilir, orada yuma düzgün aparılmadığı təqdirdə butulkalarda mikroorqanizmlər qalır, su doldurduqda isə həmin mikroorqanizmlərin sayı artır. Belə halların aşkarlandığı məhsulların istifadəsi yolverilməzdir", - deyə o əlavə edib.

İmran Abdullayev qeyd edib ki, ərzaqlarda mikrobların yaranmasının qarşısını almaq üçün müəyyən şərtlərə əməl olunmalıdır. Onun sözlərinə görə, buraya müəyyən tələblər daxildir: "Birincisi, ərzağın düzgün gigiyena qaydalarına uyğun emal olunması, qablaşdırılması, saxlanması və satışı müddətinə riayət olunması vacib amillər sırasındadır. Satış müddətinə ciddi riayət olunmasa, bu müəyyən müddət ərzində mikroorqanizmlərin sayının artmasına səbəb ola bilər. İsti havada günəş şüalarının altında həm içki yararsız vəziyyətə düşür, həm də orada mikroorqanizmlər sürətlə inkişaf edir".

Hərhalda ərzaqlarda mikrobların aşkarlanması qeyri-adi hal deyil, lakin bu işlə məşğul olan insanların, sahibkarkarların əsas məqsədi bu mikroorqanzimlərin çoxalmasına imkan verməməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə