Xəstə seçim qarşısında qalır: icbari sığorta, yoxsa bahalı özəl klinika ? - SOSİOLOQ DANIŞDI

“Müasir səhiyyə sistemində “xəstənin seçim qarşısında qalması” anlayışı formal olaraq azad seçim kimi təqdim edilsə də, praktikada bu seçim əksər hallarda vətəndaşın maddi imkanları ilə məhdudlaşır”. Bu sözləri SİA- ya açıqlamasında sosioloq, əməkdar jurnalist Mətanət Məmmədova bildirib.
Onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, hər bir vətəndaş öz ailə büdcəsinə uyğun olaraq müalicə olunacağı tibb müəssisəsini seçmək məcburiyyətində qalır:

”Bugünkü sosial-iqtisadi şəraitdə orta statistik Azərbaycan vətəndaşı sadə tibbi müayinə üçün belə bahalı özəl klinikalara müraciət etmək imkanına malik deyil. Çünki bu tip tibb müəssisələrində klinikaya daxil olmaqdan başlayaraq həkim qəbulu, diaqnostik müayinələr və müalicə mərhələlərinin demək olar ki, hamısı ödənişlidir.

Bu səbəbdən əhalinin böyük əksəriyyəti icbari tibbi sığorta sisteminə yönəlmək məcburiyyətində qalır. İcbari tibbi sığortanın əsas üstünlüyü ilkin mərhələdə vətəndaş üçün maliyyə yükünün olmaması kimi təqdim edilsə də, sistemin praktiki tətbiqində bir sıra struktur problemlər mövcuddur. Belə ki, icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdə uzun növbələr müşahidə olunur. Xüsusilə ultrasəs, tomoqrafiya və digər instrumental müayinələr üçün bəzən bir aya qədər vaxt təyin edilməsi xəstənin diaqnostika və müalicə prosesində ciddi gecikmələrə səbəb olur.

Bu gecikmələr bəzi hallarda xəstənin sağlamlığı üçün real risklər yaradır. Elə tibbi vəziyyətlər mövcuddur ki, pasiyent qısa müddət ərzində müayinədən keçməli, dəqiq diaqnoz qoyulmalı və təcili cərrahi müdaxiləyə cəlb edilməlidir. Belə hallarda maddi imkanı olan şəxslər vaxt itirməmək üçün ödənişli özəl klinikalara müraciət edir, müayinələrini aparır və əməliyyatlarını həyata keçirirlər. Maddi durumu zəif olan vətəndaş isə alternativsiz şəkildə icbari tibbi sığorta çərçivəsində uzunmüddətli gözləmə prosesinə məhkum olur.

Digər tərəfdən, icbari tibbi sığorta sistemindən istifadə sığorta haqqının ödənilməsi ilə birbaşa bağlıdır. Sığorta haqqını ödəməyən şəxslər bu sistemin imkanlarından yararlana bilmirlər. Eyni zamanda, bəzi tibbi xidmətlərin icbari tibbi sığorta paketinə daxil edilməməsi vətəndaşı yenidən seçim dilemması ilə üz-üzə qoyur. Bu seçim isə əksər hallarda şəxsin iradəsindən deyil, onun maliyyə imkanlarından asılı olur.

Praktika göstərir ki, bahalı özəl klinikalarda həkim qəbuluna düşmək üçün belə müəyyən məbləğ ödənilmədən tibbi xidmət almaq mümkün deyil. Bu isə səhiyyə xidmətlərində sosial bərabərsizliyi daha da dərinləşdirir. Xüsusilə təcili əməliyyata ehtiyacı olan və ağır vəziyyətdə olan xəstələr üçün icbari tibbi sığorta çərçivəsində müayinə və diaqnostika proseslərinin sadələşdirilməsi və sürətləndirilməsi zəruridir. Belə pasiyentlərin müalicə və şəfa prosesini icbari tibbi sığorta vasitəsilə tam şəkildə həyata keçirə bilməsi təmin olunmalıdır.

Maddi imkanı olan vətəndaşların ilkin mərhələdən özəl klinikalara müraciət etməsi, digərlərinin isə icbari tibbi sığorta sisteminə yönəlməsi səhiyyədə ikili xidmət modelinin formalaşmasına səbəb olur. Bu baxımdan icbari tibbi sığorta sistemində operativliyin artırılması, xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və növbə mexanizminin təkmilləşdirilməsi vacibdir. Yalnız bu halda vətəndaşların məcburi şəkildə özəl klinikalara üz tutmasının qarşısını almaq və səhiyyə xidmətlərində real sosial ədaləti təmin etmək mümkün ola bilər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə