“Hörmüz boğazının taleyi qızıl bazarına dolayı təsir göstərir” - İQTİSADÇI EKSPERT

“Hörmüz boğazının taleyi qızıl bazarına dolayı təsir göstərir” - İQTİSADÇI EKSPERT

“Hörmüz boğazının nə zaman tam olaraq açılacağı, tam olaraq fəaliyyətə başlayacağı sual altındadır. Çünki hazırda bu boğaz artıq ciddi bir müzakirə və mübahisə mənbəyinə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Elman Sadıqov deyib.

Onun sözlərinə görə, daha çox da əsas tərəflər, yəni Amerika Birləşmiş Ştatları, İran və Oman arasında bu boğazdan keçid şərtləri ilə bağlı müəyyən müzakirələr gedir:

“Hər bir halda, Hörmüz boğazı əvvəl-axır açılacaq və ya fəaliyyətini bərpa edəcək. Çünki bu qeyri-müəyyənliyin davam etməsi və yaxud da boğazın açılmaması dünya iqtisadiyyatı üçün ciddi problemlər formalaşdırır. Doğrudur, hazırda vəziyyətin bu şəkildə qalması müəyyən güclərə, maliyyə mərkəzlərinə və bəzi sahələrə ciddi gəlirlər qazandırır. Xüsusilə enerji sektorunda, qiymətli metallar bazarında, fond birjalarında və s. Çünki qiymətlərin volatilliyi, yəni artıb-enməsi nəticə etibarilə müəyyən vəsaitlərin qazanılmasına şərait yaradır.

Hörmüz boğazı açılarsa, ümumiyyətlə qızılın qiymətinin düşməsi məsələsi əlbəttə sual altındadır. Çünki qızılın qiymətinin Hörmüz boğazına birbaşa aidiyyəti yoxdur. Məsələnin Hörmüz boğazına bağlılığı dolayı yolla baş verir. Yəni qızılın qiymətinin artıb-azalması birbaşa olaraq Hörmüz boğazının açılıb-bağlanmasına bağlı deyil. Çünki qızıl 5000 ildir mövcuddur və tarixin bütün keşməkeşlərindən keçərək həmişə dəyər qazanan, alıcılıq qabiliyyətini qoruyan bir aktiv olub.

Hətta maraqlı paralellər də aparılır. Məsələn, Roma İmperiyasının 1900–2000 il əvvəlki generalı ilə bu gün Amerika Birləşmiş Ştatlarının generalının maaşı qızılla hesablandıqda demək olar ki, eyni səviyyədədir. Bu da qızılın tarix boyu öz dəyərini qoruduğunu göstərən nümunələrdən biridir.

Ona görə də qızılın qiymətinin hər hansı bir hadisəyə birbaşa bağlılığı yoxdur. Amma həmin hadisələr dolayı yolla onun qiymətinə təsir göstərə bilir. Hörmüz boğazının da qızılın qiymətinə təsiri dolayıdır, birbaşa deyil. Qızıl elə bir metaldır ki, onun qiymətinə tək bir amil təsir göstərə bilməz.

Hazırda əsas təsir ondan ibarətdir ki, Hörmüz boğazı bağlı qaldıqca enerji qiymətləri artır. Yəni neftin və neft məhsullarının qiyməti yüksəlir. Neftin bahalaşması isə Amerika Birləşmiş Ştatlarında, Avropada və digər ölkələrdə inflyasiya təzyiqini artırır.

İnflyasiya təzyiqinin artması o deməkdir ki, Amerika Birləşmiş Ştatları faiz dərəcələrini aşağı salmayacaq. Çünki inflyasiya yüksək olduqda faizləri artırırlar ki, inflyasiyanı cilovlasınlar. Bildiyimiz kimi, qızılın qiyməti dollarla ölçülür. Nəticə etibarilə faiz dərəcələri yüksək qalarsa, investorlar vəsaitlərini daha çox faizə yönəldirlər. Yəni faizdən gəlir əldə etməyə üstünlük verirlər və müəyyən dərəcədə qızıldan, digər metallardan və oxşar investisiyalardan çıxırlar.

Digər bir amil isə ondan ibarətdir ki, müharibə dövründə likvid vəsaitə daha çox ehtiyac olur. Bəzi hallarda qızıl satılaraq dollara keçilir. Çünki silah alışı və digər təcili xərclərin qarşılanması üçün buna ehtiyac yaranır.

O səbəbdən Hörmüz boğazının bağlı qalması qızılın qiymətinə əks təsir göstərdi. Yəni əslində müharibə nəzəri olaraq qızılın qiymətini artırmalı idi. Amma sonrakı mərhələdə qeyd etdiyim səbəblərə görə qızılın qiymətinə mənfi təsir göstərdi.

Hazırda danışıqlar gedir və müəyyən ümidlər var. Buna görə də neftin qiyməti düşür. Neftin qiyməti düşdükcə isə qızılın qiyməti artır. Hazırda qızıl və neft arasında tərs korrelyasiya mövcuddur. Bu o deməkdir ki, neftin qiyməti azaldıqca qızılın qiyməti artır, neftin qiyməti artdıqca isə qızılın qiyməti nisbətən aşağı düşür.

Qeyd etdiyim kimi, bunun səbəbi neftin bahalaşmasının faiz dərəcələrinin azalmayacağı, hətta arta biləcəyi ehtimalını gücləndirməsidir. Bu isə dolları möhkəmləndirir. Faiz dərəcələri artdıqca investorlar daha çox dollara yönəlir, onu faizə qoyaraq gəlir əldə edirlər.

Hətta Hörmüz boğazı açılmasa belə, əgər Amerika Birləşmiş Ştatları və digər ölkələr neft qiymətlərini aşağı salmağa nail olsalar, qızılın qiyməti yenə arta bilər. Çünki burada əsas amil inflyasiyadır.

Qızılın qiymətinin düşmə ehtimalı hazırda nisbətən zəifdir. Çünki son on-on beş il ərzində kifayət qədər inflyasiya baş verib. Dolların kumulyativ inflyasiyasını, eləcə də əmlak və digər aktivlərin qiymətlərini nəzərə alsaq, əslində qızılın qiyməti 5000–6000 dollar aralığına qədər yüksəlməlidir ki, bu dövrdə yaranmış inflyasiyanı kompensasiya edə bilsin. Çünki qızıl həm də pulun dəyərini qoruyan əsas alətlərdən biridir.

Amma əgər Amerika Birləşmiş Ştatları inflyasiyanı cilovlaya bilsə və faiz dərəcələri kifayət qədər aşağı düşsə, o zaman qızılın qiyməti daha sürətlə artmağa başlayacaq.

Hazırda isə qızılın sürətli deyil, tədricən və tərəddüdlü şəkildə bahalaşmasının əsas səbəbi bazarların hələ də faiz artımını və enerji qiymətlərinin yenidən yüksəlməsi, eləcə də müharibənin yenidən genişlənməsi ehtimalını istisna etməməsidir.

Burada müəyyən bir sual da formalaşa bilər ki, axı həmişə dünyada ciddi risklər və müharibələr olduqda qızılın qiyməti artıb, qızıl güvənli liman olub. Niyə indi, hazırda müharibə dövründə qızılın qiyməti düşdü?

Mənim qeyd etdiyim səbəblər birbaşa inflyasiyaya təsir göstərən amillərdir. Burada əsas məsələ bundan ibarətdir. Amma bunu da nəzərə alaq ki, bu, lokal müharibədir. Yəni, Amerika Birləşmiş Ştatları–İran müharibəsi dünya müharibəsi deyil, böyük bir müharibə deyil. Yəni, bu, Amerika Birləşmiş Ştatları ilə Çin arasında olan müharibə deyil və yaxud da iki böyük dövlət arasında baş verən müharibə deyil.

O səbəbdən də burada güvənli liman məsələsi arxa plana keçir. Amma qlobal dünya müharibəsi olsaydı, bir neçə dövlətin qarışdığı və yaxud da iki böyük güc qarşı-qarşıya gəlsəydi, əlbəttə, burada vəziyyət tamamilə fərqli olardı.

Yəni, bunu bir-birindən ayırmaq lazımdır ki, nə üçün qızıl Amerika–İsrail və İran arasında olan müharibədə öz güvənli liman statusunu ciddi şəkildə geri qaytarmadı. Çünki buna ehtiyac qalmadı. Bu, lokal müharibədir. Burada dünyanın dağılacağı və yaxud da böyük bir fəlakətin baş verəcəyi ehtimalı çox aşağıdır. Yəni, nisbi mənada daha çox dövlətləri əhatə edəcək, daha böyük və genişmiqyaslı dağıntıların olacağı ehtimalı aşağıdır. Bu isə ayrıca geniş izah tələb edən bir mövzudur.

Böyük müharibələrdən sonra aparılan bərpa və yenidənqurma işləri adətən inflyasiya yaradır. Bu inflyasiya isə dolların dəyərinin zəifləməsinə, qızılın isə dəyər qazanmasına səbəb olur. Yəni, burada çox amillər var və bu, kifayət qədər geniş mövzudur.

Hər bir halda nəzərə alsaq ki, Hörmüz boğazının açılması faktiki olaraq inflyasiya təzyiqini aşağı salacaq, inflyasiya təzyiqinin azalması isə faiz dərəcələrinin endirilməsi ehtimalını artıracaq. Bu da nəticə etibarilə Amerikanın özünün də istədiyi istiqamətə uyğun olacaq. Çünki onlar da istəyirlər ki, dollar nisbətən zəifləsin, Amerika Birləşmiş Ştatları daha çox ixrac edə bilsin və büdcə kəsirini azaltsın.

Bu gün faiz dərəcələrinin aşağı düşməsi Amerika Birləşmiş Ştatlarında büdcə kəsirinin azalması deməkdir. Çünki ABŞ büdcəsində faiz xərcləri təxminən bir trilyon dollardan çoxdur. Faiz dərəcələrinin aşağı düşməsi həmin faiz xərclərinin də azalması deməkdir.

Nəticə etibarilə bu da qızılın qiymətinin yenidən artmasını şərtləndirəcək. Ona görə də Hörmüz boğazının bağlanmasından daha çox, burada enerji qiymətləri, Amerika Birləşmiş Ştatlarında inflyasiya dərəcəsi, əmək bazarındakı vəziyyət və Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırıb-artırmayacağı və ya azaldıb-azaltmayacağı ilə bağlı amillər daha mühüm rol oynayır”.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə