"Təzyiqdə təhlükəli həddi bilməliyik" - HƏKİM

"Təzyiqdə təhlükəli həddi bilməliyik" - HƏKİM

"Arterial hipertenziya (yüksək qan təzyiqi) adətən 140/90 mm civə sütunu və daha yüksək olduqda diaqnostik əhəmiyyət daşıyır". Bu fikirləri SİA-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov bildirib.

Onun sözlərinə görə, lakin 180/120 mm civə sütunu və ya daha yüksək göstəricilər, xüsusilə də təkrar ölçmələrdə təsdiqlənirsə, artıq təcili tibbi qiymətləndirmə tələb edən vəziyyət hesab olunur:

"Aşağı təzyiq (hipotoniya) isə adətən 90/60 mm civə sütunundan aşağı olduqda qeyd edilir. Ancaq bəzi insanlarda bu göstəricilər normal ola bilər. Təhlükə əsasən təzyiqin qəfil enməsi və orqanların qanla kifayət qədər təmin olunmaması zamanı yaranır.

Güclü və qəfil başlayan baş ağrısı, görmənin bulanması və ya ikigörmə, sinə nahiyəsində ağrı və sıxılma hissi, nəfəs darlığı, nitq pozğunluğu, üzün və ya ətrafların keyiməsi, iflic əlamətləri, şüurun pozulması və ya qıcolmalar kimi əlamətlər ortaya çıxırsa, bu yüksək qan təzyiqinin təhlükəli əlamətlərindən sayılır. Bu əlamətlər hipertonik kriz, insult, infarkt və ya digər həyati təhlükəli vəziyyətlərin göstəricisi ola bilər.

Aşağı təzyiq (hipotoniya) zamanı da təhlükəli əlamətlər mümkündür. Bunlar güclü başgicəllənmə, bayılma və ya huşun itməsi, soyuq, solğun və tərli dəri, zəif, sürətli nəbz, şüurun bulanması, sidik ifrazının azalması kimi simptomlarla özünü biruzə verir.

Bu hallar xüsusilə daxili qanaxma, ağır susuzlaşma, infeksiya (septik şok), anafilaksiya və ya ürək çatışmazlığı zamanı müşahidə oluna bilər və təcili tibbi müdaxilə tələb edir.

Qan təzyiqinin qəfil yüksəlməsi və ya enməsi bütün orqanlarda qan dövranını poza bilər.

Beyin toxumasında insult, beyin qanaması, keçici işemik həmlə və şüur pozğunluğu inkişaf edə bilər.

Ürəkdə stenokardiya tutması, miokard infarktı, ritm pozğunluqları və ürək çatışmazlığı yarana bilər. Böyrəklərdə qan dövranı pozularaq kəskin böyrək zədələnməsi riski artır.

Gözlərdə tor qişa damarlarında zədələnmə, görmənin zəifləməsi və hətta görmə itkisi baş verə bilər.

Damar sistemində aorta divarında cırılma (aorta disseksiyası) kimi həyati təhlükəli ağırlaşmalar inkişaf edə bilər.

Hipertoniya və ürək-damar xəstəliyi olanlar, şəkərli diabet və böyrək xəstələri, yaşlı insanlar, hamilələr (xüsusilə preeklampsiya riski olanlar), siqaret çəkənlər və piylənməsi olan şəxslər daha yüksək risk qrupuna daxildir.

Belə hallarda təzyiqi sakit şəraitdə yenidən ölçmək və nəticəni qeyd etmək, həkimin təyin etdiyi dərmanları vaxtında qəbul etmək vacibdir. Sinə ağrısı, nitq pozğunluğu, iflic əlamətləri, huşun itməsi və ya güclü nəfəs darlığı varsa, vaxt itirmədən təcili tibbi yardım çağırmaq lazımdır.

Həmçinin özbaşına yüksək dozada təzyiqsalıcı dərman qəbul edərək təzyiqi qısa müddətdə kəskin aşağı salmağa çalışmaq olmaz. Təzyiqin sürətlə endirilməsi də beyin, ürək və böyrəklərin qan təchizatını poza bilər.

Təhlükə yalnız təzyiqin rəqəmlərində deyil, onun dəyişmə sürətində, müşayiət edən əlamətlərdə və hədəf orqanların zədələnmə əlamətlərinin olub-olmamasındadır. Erkən diaqnostika, müntəzəm nəzarət və düzgün müalicə insult, infarkt, böyrək çatışmazlığı və digər ağır fəsadların qarşısını almağın ən təsirli yoludur".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə