"Polşa sərhədində gərginlik Avropanın təhlükəsizlik arxitekturasını dəyişə bilər" - POLİTOLOQ
"Ukrayna müharibəsinin Polşa sərhədinə yaxın ərazilərdə intensivləşməsi artıq yalnız Ukrayna-Rusiya müharibəsinin coğrafi çərçivəsində qiymətləndirilə bilməz. Burada əsas məsələ NATO-nun şərq cinahında təhlükəsizlik hesablamalarının dəyişməsidir. Polşa həm coğrafi mövqeyinə, həm NATO daxilindəki siyasi çəkisinə, həm də Ukraynaya hərbi-logistik dəstəyin əsas marşrutlarından biri olmasına görə müharibənin mümkün genişlənməsi riskinə ən həssas ölkələrdən biridir. Buna görə Polşa ətrafında gərginliyin artması Avropada təhlükəsizlik arxitekturasının transformasiyasını sürətləndirə bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Lakin bunu avtomatik olaraq NATO-Rusiya müharibəsinin başlanması kimi təqdim etmək düzgün olmaz. Əsas təhlükə hərbi toqquşmanın özündən daha çox yanlış hesablamalar, hava məkanının pozulması, pilotsuz uçuş aparatlarının sərhədyanı hərəkətləri, kiberhücumlar və kritik infrastruktura qarşı təhdidlərin artmasıdır: "Belə vəziyyət NATO ölkələrini şərq sərhədlərində müdafiə imkanlarını gücləndirməyə, hərbi infrastrukturu genişləndirməyə və çəkindirmə siyasətini daha sərt qurmağa məcbur edir. Nəticədə Avropanın təhlükəsizlik modeli əvvəlki dövrlə müqayisədə daha çox hərbi hazırlıq, regional alyanslar və milli müdafiə qabiliyyəti üzərində qurulur.
Burada Polşanın Ermənistanla bağlı son mövqeyi də ayrıca diqqət çəkir. Varşavanın İrəvanın Avropa institutlarına yaxınlaşmasını dəstəkləməsi və müdafiə, təhlükəsizlik, investisiya və ticarət sahələrində əməkdaşlığa açıq olması Cənubi Qafqazın artıq Avropanın daha geniş təhlükəsizlik gündəliyinə daxil edildiyini göstərən amillərdən biridir. Yəni Ukrayna cəbhəsində baş verənlər Qara dənizdən Cənubi Qafqaza qədər uzanan geosiyasi məkanın əhəmiyyətini artırır.
Bu proses Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarına isə birmənalı təsir göstərmir. Bir tərəfdən Moskvanın diqqətinin və resurslarının Ukrayna müharibəsinə cəmlənməsi regionda əvvəlki səviyyədə siyasi, hərbi və iqtisadi fəallıq göstərmək imkanlarını məhdudlaşdırır. Digər tərəfdən Rusiya özünün Cənubi Qafqazdakı mövcud əlaqələrindən tamamilə imtina etməyəcək və xüsusilə Ermənistan, Azərbaycan və Gürcüstan istiqamətlərində dəyişən proseslərə təsir göstərmək üçün diplomatik imkanlarını qorumağa çalışacaq.
Ancaq burada fundamental dəyişiklik ondan ibarətdir ki, Cənubi Qafqaz artıq yalnız Moskvanın təsir dairəsi kimi qəbul edilən məkan deyil. Türkiyənin artan rolu, Azərbaycanın regional çəkisinin yüksəlməsi, Orta Dəhlizin əhəmiyyətinin artması, Avropa İttifaqının regiona marağının genişlənməsi və Ermənistanın Qərblə əlaqələri dərinləşdirmək siyasəti regional güc balansını dəyişir. Ukrayna müharibəsi də bu prosesi sürətləndirən əsas amillərdən biridir.
Azərbaycan baxımından isə mənzərə daha mürəkkəb, amma eyni zamanda yeni imkanlar yaradan xarakter daşıyır. Avropanın enerji təhlükəsizliyi, alternativ nəqliyyat marşrutları və Cənubi Qafqazın geosiyasi sabitliyi məsələlərində Azərbaycanın əhəmiyyəti artır. Bakı öz xarici siyasətində balanslı və milli maraqlara əsaslanan xətti qorumaqla həm regional təhlükəsizliyin təmin olunmasında, həm də Avropa ilə Asiya arasında bağlantıların inkişafında əsas aktorlardan biri kimi çıxış edə bilər.
Məncə, əsas nəticə budur: Polşa sərhədi yaxınlığında gərginliyin artması Avropanın təhlükəsizlik sistemini dəyişdirə bilər, amma bu dəyişiklik Cənubi Qafqazda Rusiyanın dərhal sıradan çıxması demək deyil. Daha doğru yanaşma ondan ibarətdir ki, Rusiyanın əvvəlki dominant təsir imkanları zəiflədikcə regionda çoxvektorlu rəqabət güclənir. Bu yeni mərhələdə Cənubi Qafqaz böyük güclərin hazır təsir dairəsi deyil, öz siyasi çəkisi olan və müxtəlif güc mərkəzlərinin maraqlarının kəsişdiyi strateji məkan kimi formalaşır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB