Əndazəsini aşan, artıq ikrah və qıcıq yaradan TOYLARIMIZ barədə danışacam. O toylardan ki, aylıq 400-500 manat orta əməkhaqqı olan bir cəmiyyətdə 300-500 nəfərlik, stolun biri də 100 manatdan 300 manata qədər yüksələn şadlıq saraylarında toy əvəzinə cibsoydu mərasiminə çevrilib.
Hələ fonorqramma ilə ağzını marçıldadan bahalı müğənnilərə yarım saatına, bir saatına görə verilən 5-10 min manat arası pulları demirəm hələ.
Əvvəla ondan başlayaq ki, Azərbaycanda artıq yarım əsrə qədərdir ki, xalqımızın adət-ənənəsinə uyğun ənənəvi toy mərasimlərimiz tarixin arxivinə köçüb. Azı 40 ilə yaxındır ki, biz şıdırığı, daha çox bayağı və həm də özünü reklam xarakteri daşıyan toy məclisləri ilə məşğuluq. Bu proses xüsusilə 2000-ci illərin əvvəllərindən daha gur hal almağa başlayıb.
Klassik toy adətlərimizdə daha çox sevincimizi bölüşmək, gənclərin ailə, yurd-yuva qurmasını qeyd edirdiksə, son 30-40 il ərzində daha çox var-dövlət, dost-tanış reklamı, hətta ilk növbədə, pul toplamaq istəyi ən nəcib məqsədlərin qarşısında gəlir. Əvvəllər el-obada toy mağarları vardı, heyvanlar kəsilirdi, böyük qazanlarda yeməklər bişirilərdi toydan öncə. Amma məlumdur ki, artıq internet əsrində olduğumuz üçün, həm də günü bu gün kənd təsərrüfatımızın özünün qədim toylarımız kimi yoxa çıxdığı bir dövrü yaşayırıq. İş o yerə çatıb ki, hətta yas məclislərimiz belə bahalı restoran və şadlıq saraylarında qeyd edilir. Yəni bu dərəcədə “yenilənmişik”.
Mən deyərdim, hazırda Azərbaycanda toy məclisləri daha çox biznes və özünü reklam mənası daşıyır. Toy sahibi əsasən vaxtilə toy məclislərinə getdiyi insanlardan “pulunu geri almaq” üçün azı 200-300 nəfərlik şıdırğı toy təşkil edir. Ən dəhşətlisi odur ki, toy menyularımızın özü o dərəcədə əcaib forma alıb ki, milli xörəklərimizdən daha çox əcnəbi təamlar süfrəmizdə ağalıq edir. Toy stolunda dadına bələd olmadığın yüzlərlə təam qoyulur və bunun sağlamlığımız üçün ziyanlı olub-olmaması heç kimin vecinə belə deyil. Əslində, toylarımızda qida təhlükəsizliyi və sağlamlıq nəzarəti ayrıca bir mövzu və aktual məsələdir hazırda. Təəssüf ki, bu işdə də hərcmərclik hökm sürür. Nəzərə alsaq ki, toylarımızda azı 100-200 adam iştirak edir və bu insanların təhlükəsizliyi, zəhərlənmədən qorunması ən vacib məsələdir.
Hə, gələk əsas məsələyə. Biz toylarımızda say məhdudiyyəti qoya bilərikmi? – qətiyyən YOX! Səbəbini deyim sizə. Əvvəla bunun üçün bizim toy adətinə olan münasibətimiz və baxış bucağımız dəyişməlidir. Azərbaycanda toy mərasiminə bütün qohum və nəsil təmsilçiləri qatılırlar. Sən kiməsə hər evdən 1 nəfər iştirak etsin, yaxud biz 20 nəfərlik balaca şadyanalıq edəcəyik deyə bilməzsən. O saat yaxından-uzaqdan məzəmmət və nifrət dolu baxışlar dikiləcək sizə. Biz internet əsrində, süni intellekt zamanında yaşasaq da, min illik zərərli vərdişlərimizdən qurtula bilmirik.
Bir çox Avropa ölkələrində olduğu kimi, 15-20 nəfərlik ev və ya bağ şəraitində şadyanalıq təşkil etmək vərdişini aşılamalıyıq. Axı balacadan böyüyə qədər bütün nəslin, üstəlik, iş yoldaşları və ildə bir dəfə salam verdiyin insanlar da daxil hər kəsin toy məclisinə axışmasına nə ehtiyac var? Nədən sadaladığım kimi, 15-20 nəfərlik şadyanalıq təşkil etmək adəti yaratmayaq? Məcburdurmu bir nəfər üçün azı 100-150 manata başa gələn yüz cür təamlarla zəngin 200-500 nəfərlik toy keçirmək? İlk növbədə toya biznes və qazanc kimi baxmaqdan beynimizi xilas etməliyik. Bütün inkişafların ana sütunu şüur və düşüncə dəyişikliyidir. Bacaracağıqmı? – buna inamım çox azdır, lap az...
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB