Qızılcaya yoluxan uşaqlar necə müalicə edilməlidir? - HƏKİM AÇIQLADI

“Qızılcaya yoluxan hər 100 nəfərdən 5-də ölüm qeydə alınır. Qızılca xəstəliyinin letallığı ümumilikdə 5 faizdir. Bu aşağı göstərici deyil. Hər 100 yoluxandan 5 nəfərdə ölüm qeydə alınır. Bu, ümumdünya göstəriciləridir. Xəstəlikdə düzgün müalicə çox əhəmiyyətlidir. Qızılcaya yoluxan uşaqlara soyuq olmamalıdır. Uşaqlar bol maye qəbul etməli, evdə istirahət rejiminə keçməlidir. Meyvə və tərəvəz qəbul etməyi artırmaq, eyni zamanda yağlı və ətli yeməkləri azaltmaq lazımdır. Uşaqları yemək yeməyə məcbur etmək lazım deyil. Xəstəlik zamanı uşaqlara A və D vitaminləri vermək olar. Lakin xəstəliyin müalicəsi yoxdur. Biz yalnız köməkçi müalicələr edə bilirik". Bu sözləri SİA-ya danışan infeksionist Mərdan Əliyev deyib.

Mərdan Əliyev bildirib ki, qızdırmaya nəzarət etmək lazımdır: “Qızdırma salıcı vasitələrdən istifadə etmək lazımdır. Qızdırma salıcını nə gec, nə də tez vermək olar. Qızdırma 38 dərəcədən yuxarı olarsa, hərarət salıcı vermək lazımdır. 38 dərəcədə stabil durursa, qızdırma salıcı gərəkli deyil”.

Onun sözlərinə görə, qızılca xəstəliyinin ilkin mərhələsində antibiotiklərin istifadəsinə ehtiyac yoxdur: “Qızdırma 1 həftə davam edərsə və getdikcə qalxarsa, o zaman ikinci infeksiyanın qarşısını almaq üçün antibiotiklərə ehtiyac ola bilər. Xüsusən səpkilərdən sonra 2 gün ərzində qızdırmanın düşməsi gözlənilir. Əgər düşmürsə, xəstəliyin ağırlaşma ehtimalı artır. Bu zaman həkimə müraciət edib ağ ciyərləri və digər orqanları müayinə etmək lazımdır".
Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə