Pap testi nə vaxt və kimlərə olunmalıdır? - MÜSAHİBƏ

Bu gün onkoloji xəstəliklər və onların sürətlə yayılması ciddi problem hesab edilir. Uşaqlıq boynu patologiyaları nəinki Azərbaycanda, ümumiyyətlə dünyada aktual olan bir mövzudur. Təbii ki, bu xəstəlik birdən-birə yaranmır, bundan öncə xərçəngönü (displaziyalar) vəziyyətlər yaranır. Həmin xəstəliklərin vaxtında düzgün diaqnostikası və müalicə üsullarının düzgün seçilməsi demək olar ki, bu xəstəliyin qarşısını kifayət qədər almış olur. SİA olaraq bu barədə suallarımızı Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Dr.Təranə Bayramova ünvanladıq.

-Təranə həkim, qadınlarda uşaqlıq boynu bədxassəli patologiyaların rastgəlmə tezliyi necədir?

-Uşaqlıq boynu xərçəngi dünyada ən sıx rast gəlinən xəstəliklərdən biri olub, bütün xərçəng növləri içərisində 14-cü, qadınlar arasında rast gəlinən xərçəng növləri arasında 4-cü yerdədir. Dünyada hər il 600 mindən çox qadına uşaqlıq boynu xərçəngi diaqnozu qoyulmaqdadır.

-Uşaqlıq boynu xərçəngini erkən aşkar etmək mümkündürmü?

-Uşaqlıq boynunda baş verən hüceyrə dəyişikliklərinin erkən dövrdə aşkarlanması üçün ən geniş istifadə olunan üsullardan biri PAP smear testidir. Pap smear testinin tətbiqi nəticəsində son 30 il ərzində xəstələnmə göstəricisi 2 dəfədən çox azalmışdır. Məlumdur ki, ilkin mərhələlər zamanı aşkarlanan xəstəlik müalicəyə asanlıqla tabe olur. Bu üsul qeyri-invazivdir, götürülməsi sadə və rahat olub, ucuz müayinə hesab olunur.

-Pap testin alınması zamanı nələrə diqqət edilməlidir və nəticə dəyərləndirilməsi necə olur?

-PAP testin alınması sadə və ağrısız prosesdir. Uşaqlıq boynundan xüsusi fırça ilə alınmış hüceyrələr mikroskop altında dəyərləndirilir. Nəticə neqativ (yəni heç bir patoloji hal aşkarlanmır) və anormal, yaxud pozitiv ola bilər. PAP testinin nəticəsinə əsasən bakteriya, göbələk və viral infeksiyaların diaqnozu qoyula bilər. HPV (Human Papilloma Virus) infeksiyasının heç bir klinik simptomu olmadığı halda belə yoluxmuş hüceyrələrin PAP test vasitəsilə aşkarlanması mümkündür. HPV infeksiyası uşaqlıq boynu xərçənginə səbəb ola biləcəyi üçün erkən diaqnozu mühim əhəmiyyət kəsb edir.

-Pap testi nə vaxt və kimlərə olunmalıdır?

-Uşaqlıq boynu xərçənginin skrininq testlərinin mütəmadi aparılması, hüceyrə dəyişikliyinin daha tez aşkarlanması, bu da xərçəngönü proseslərin inkişafının vaxtında qarşısının alınması ilə nəticələnməkdədir. PAP test skrininqinə 25-30 yaşlarda başlamalı və 3-5 illik intervallar ilə ən azı 60 yaşadək icra edilməlidir. Simptomları olan, fərdi risk faktorları daşıyan, ginekoloji infeksiyaların diaqnozu ilə əlaqədar ehtiyac yarandıqda 20-24 yaşlı qadınlardan PAP test alınmalıdır. Bəzi qadınlarda bədxassəli şişlərin inkişaf riski orta göstəricilərdən yüksəkdir. Belə qadınlar hər il müayinə olunmalıdır.

-Pap test hamiləlik zamanı alına bilərmi?

-Bu test hamiləlik zamanı da alına bilər. Ana və uşaq üçün bu müayinə heç bir təhlükə daşımır.

-Risk qrupuna kimlər daxildir?

-Papilloma və ya QİÇS-ə yoluxmuş qadınlar, xlamidioz və zöhrəvi xəstəlikləri olanlar, immuniteti zəif olan qadınlar, erkən yaşda ailə quranlar, siqaret çəkən, narkotik istifadə edənlər, uşaqlıq boynu displaziyası olanlar risk qrupuna aiddir.

-Pap testə hazırlıq necə olmalıdır?

-Menstural və ya uşaqlıq qanaxması olmamalıdır. Pap test alınmazdan əvvəl vaginal tabletlərdən, şamlardan istifadə etmək olmaz. Hər hansı bir infeksion proses varsa, əvvəldən müalicə olunması məqsədəuyğundur. Əgər qadında servisit və uşaqlıq qanaxması varsa, bu Pap test üçün əks göstəriş deyil. Çünki, bu əlamətlər xərçəngönü xəstəliklər və ya xərçənglə əlaqədar ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə