İcbari tibbi sığorta hansı xidmətləri təmin edir? - QURUMDAN AÇIQLAMA

“Hazırda vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 3500-dən artıq diaqnozu əhatə edən 2550 sayda tibbi xidmət göstərilir. İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə tibbi xidmətlər ödənişsizdir. Zərfə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidmət, laboratoriya xidməti, fizioterapiya xidməti, invaziv radiologiya xidməti, stasionar cərrahi xidmət, stasionar terapevtik xidmət daxildir”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova deyib.

Onun sözlərinə görə, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər siyahısında koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatının hər biri üzrə 300, fizioterapiya xidmətinə görə hər nahiyyə üzrə 10 seans olaraq hər nahiyyə üzrə 10 prosedur limit tətbiq olunur: “Xidmətlər Zərfi ilə təminata alınan digər tibbi xidmətlərdə limit nəzərdə tutulmur. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə https://its.gov.az/files/9/XZ.pdf linkinə keçid etməklə tanış ola bilərsiniz.

İcbari tibbi sığorta üzrə tibbi xidmətlərdən bütün yaş qrupuna aid şəxslər yararlana bilər. Bu siyahıya Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında rəsmi əmək müqaviləsi ilə çalışan xarici ölkə vətəndaşları daxildir”.

Qurum rəsmisi sözlərinə davam edərək bildirb ki, vətəndaşlar poliklinika/Ailə Sağlamlıq Mərkəziləri istisna olmaqla, yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər (Bakı daxil olmaqla) və rayonlarda TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi tədqiqat institutları və mərkəzlərinə müraciət edə bilərlər: “Vətəndaşlar sözügedən tibb müəssisələrinə müraciət zamanı şəxsiyyət vəsiqəsini təqdim etməklə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən yararlana bilərlər.

Dövlət tibb müəssisələrində lazım olan tibbi xidməti göstərmək mümkün olmadıqda vətəndaşlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisəsindən birinə göndəriş verilir və vətəndaş Xidmətlər Zərfi ilə təminata alınmış tibbi xidmətlərdən ödənişsiz yararlana bilir. Təcili və təxirəsalınmaz hallar istisna olmaqla, göndəriş vərəqəsi almadan birbaşa özəl tibb müəssisəsinə müraciət etdikdə tibbi xidmətin dəyərini vətəndaş tam həcmdə öz vəsaiti hesabına ödəyir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə