“Panik atak həyati təhlükəli deyil və insanı öldürmür” - PSİXİATR

“Panik atak həyati təhlükəli deyil və insanı öldürmür” - PSİXİATR

"Panik atak və onun əsas əlamətləri çox aktual mövzudur. Əslində buradan başlayım ki, panik atak insanlar arasında çox yayılsa da, söz olaraq çox vaxt səhv başa düşülür. İnsanlar hər hansı qorxu keçirməyi də “paniklədim” kimi qəbul edərək bunu panik atak zənn edirlər". Bu fikirləri SİA-ya açıqlamasında psixiatr Azər Bağırov deyib.

Onun sözlərinə görə, amma hər qorxu keçirmək panik atak keçirmək deyil:

"Panik atak tutmalarla, yəni epizodik şəkildə baş verən təlaş tutmaları ilə gedən bir vəziyyətdir. Həmin tutmalar zamanı bədəndə qorxuya bənzər əlamətlər yaranır. Ürək döyüntüsü artır, istilik basır, tərləmə, titrəmə olur, insan sanki özündən gedəcəkmiş kimi hiss edir.

Bəzi insanlarda panik atak zamanı derealizasiya dediyimiz əlamətlər də olur. Bu zaman ətraf onlara yad görünür, səslər sanki uzaqdan və ya yaxından gəlirmiş kimi hiss olunur, əşyalar böyüyür və ya kiçilir, insan özünü sanki real dünyanın içində deyil, kənardan izləyirmiş kimi hiss edir. Bu da onlarda “görəsən mən dəli oluram?” qorxusu yaradır.

Bundan başqa, müəyyən tibbi xəstəliklərin əlamətlərinə bənzər hallar da hiss edə bilərlər. Məsələn, ürək nahiyəsində ağrı, isinmə, döyüntü, sol qola yayılan keyimə və uyuşma hissi onlarda “mən hazırda infarkt keçirirəm” düşüncəsi yaradır və çox vaxt təcili yardıma müraciət edirlər.

Panik atak adətən başlayandan təxminən 10 dəqiqə sonra pik həddinə çatır. Normalda onun davam etmə müddəti 20–30 dəqiqə olur. Çox vaxt bu müddətdən sonra atak öz-özünə zəifləyir. Amma bir çox xəstə bunu gözləyə bilmir. Çünki həmin anda əmindirlər ki, indi nəsə olacaq, öləcəklər, infarkt və ya insult keçirəcəklər, dəli olacaqlar və ya huşlarını itirəcəklər.

Bu səbəbdən təcili yardım çağırırlar, onlara müəyyən sakitləşdirici dərmanlar vurulur, sistem köçürülür və atak yatışır. Amma bununla problem bitmir. Panik atakdan sonra yenidən atak keçirmək qorxusu davam edir. İnsan düşünür ki, birdən yenə tutar və həmin anda yanında kömək edəcək heç kim olmaz.

Buna görə də bəzən panik atak keçirən insanlarda agorafobiya dediyimiz ağırlaşma yaranır. Onlar uzaq məsafəyə gedə bilmirlər, rayona getməkdən, şəhərdə öz komfort zonasından və ya xəstəxanadan uzaqlaşmaqdan çəkinirlər. Çünki “birdən mənə nəsə olsa, yardım çatmaz” qorxusu onların həyatını getdikcə məhdudlaşdırır.

Hətta bəzi panik atak xəstələrim evdən çıxıb təkbaşına marketə belə getməkdən narahat olurlar. Çölə çıxan kimi ürək döyüntüləri artır və buna görə də getdikcə evdən çıxmamağa başlayırlar. Amma qaçınma davranışı həyatı daha da daraldır. Əvvəl metroda və ya liftdə yaranan qorxu sonradan avtobusda, daha sonra isə bütün qapalı məkanlarda yaranmağa başlayır. İnsan qorxudan qaçdıqca, qorxu onun həyatını daha da məhdudlaşdırır və həyat keyfiyyəti ciddi şəkildə aşağı düşür.

Panik atak bəzən beyinlə bağlı əlamətlərlə də özünü göstərə bilər. Başda sıxılma, keyimə, uyuşma, başgicəllənmə kimi hisslər yaranır və insan elə düşünür ki, beyninə qan sızacaq. Bu səbəbdən də təcili yardım çağırmağa meyilli olur.

Əslində isə panik atak təhlükəli xəstəlik deyil. İnsanlar arasında belə bir fikir var ki, mərhum aktyor Kemal Sunal təyyarə qorxusuna görə vəfat edib və buna əsaslanaraq panik atakın insanı öldürə biləcəyini düşünürlər. Halbuki panik atak həyati təhlükəli deyil. İndiyə qədər heç kim panik atakın özündən ölməyib. Kemal Sunalın vəfatının səbəbi ürək xəstəliyi idi.

Panik atak zamanı heç bir müdaxilə edilməsə belə, atak öz-özünə azalaraq keçəcək. Əlamətlər əvvəl pik həddə çatır, daha sonra tədricən azalır və atak sonlanır.

Bu səbəbdən panik atakın müalicəsində koqnitiv-davranışçı psixoterapiyada istifadə olunan ekspojur, yəni məruz qoyma terapiyası tətbiq edilir. Məqsəd odur ki, insan panik atak zamanı qorxudan qaçmasın və atakın öz-özünə keçdiyini, həyati təhlükə yaratmadığını şəxsən müşahidə etsin.

Bu terapiya bir qədər çətindir. Çünki xəstə həmin anda çox güclü qorxu hiss edir. Buna görə də ilk mərhələdə adətən dərman müalicəsinə başlanılır. Atakların şiddəti azaldıqdan sonra terapiya ilə nəticə möhkəmləndirilir və qalıcı yaxşılaşma əldə etmək mümkün olur.

Panik atak keçirən insan həmin anda relaksasiya üsullarından istifadə etməlidir. Bunlardan ən vacibi nəfəs texnikasıdır. Normalda insan dəqiqədə 16–20 dəfə nəfəs alır. Panik atak zamanı isə nəfəs səthiləşir və dəqiqədə 30 dəfəyə qədər artır.

İnsan elə düşünür ki, oksigen çatışmazlığı yaşayır. Əslində isə əksinə, tez-tez nəfəs aldığı üçün bədəndə karbon qazı azalır. Bu da qanın qələviləşməsinə səbəb olur və başgicəllənməsini daha da artırır.

Buna görə də nəfəs ritmini yavaşlatmaq lazımdır. Tövsiyə olunan üsul belədir: dördə qədər sayaraq nəfəs almaq, sonra nəfəsi altıya qədər sayaraq saxlamaq və daha sonra yavaş-yavaş nəfəsi vermək. Bu texnikanı ardıcıl ən azı 10 dəfə tətbiq etmək sakitləşdirici təsir göstərir.

Çünki həmin anda insanın fikri ürək döyüntülərində və digər narahatlıq yaradan əlamətlərdə olur. Nəfəsi düzgün idarə etməyə fokuslandıqda diqqət bədəndən uzaqlaşır və nəticədə təşviş, anksiyeta tədricən azalır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə