“Azərbaycan regionun sülh regionu olması üçün maksimum səylər göstərir” - ŞƏRH

“Azərbaycan regionun sülh regionu olması üçün maksimum səylər göstərir” - ŞƏRH

“2020-ci il Vətən müharibəsinə qədər regiondakı vəziyyət dünyanın ən gərgin, istənilən an hərbi əməliyyatların başlayacağı bir region idi. Ancaq Azərbaycan dövlətinin, şəxsən cənab Prezidentimizin apardığı siyasət nəticəsində vəziyyət kardinal şəkildə dəyişdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, yeni bir reallıq yarandı, Azərbaycan ərazi bütövlüyünü təmin etdi, Azərbaycan sülhü təmin etdi:

“Azərbaycan Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə məcbur etdi. Və prinsip etibarilə demək olar ki, artıq regionda konflikt üçün, qarşıdurma üçün hər hansı bir əsas yoxdur. Ermənistanda ictimai fikir günü-gündən Azərbaycanla yaxşı, normal qonşuluq münasibətlərinin qurulmasına tərəf yönəlir.

Əgər Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını ifadə edən müddəanı çıxararsa, onda sülh müqaviləsi imzalanar və iki dövlət arasında normal qonşuluq münasibətlərinin qurulmasına doğru mühüm addım atılar.

Həmçinin təkcə region deyil, yaxın ətrafdakı ölkələrlə də münasibətlər regiondakı vəziyyəti sabitlik və əməkdaşlıq üçün gözəl bir platformaya çevirir. Cənab Prezidentimizin qonşu ölkələrə səfərləri, onun regionda və dünyada gedən proseslərlə bağlı söylədiyi fikirlər onu göstərir ki, Cənubi Qafqazda sülh üçün çox ciddi əsaslar yaranmışdır.

Bu əsasların müəllifi cənab Prezidentimizdir. Bu reallığın möhkəmlənməsində Azərbaycan xalqı və qonşu dövlətlərin xalqları artıq kifayət qədər maraqlıdırlar və bundan sonra da regionun sülh regionu olması üçün maksimum səylər göstəriləcək”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə