Diş toxumasını təşkil edən mina və dentin təbəqələri dişin daxili hissələrini qoruyur. Bu strukturların çürük, sınıq və ya travma nəticəsində zədələnməsi isə zərərli bakteriyaların dişin daxilinə və kök nahiyəsinə keçməsinə şərait yarada bilər. Nəticədə diş kökündə infeksiya və iltihab yaranır.
Diş kökü infeksiyası müalicə edilmədikdə kökün ucundan ətraf toxumalara və sümüyə yayıla, daha sonra absesin yaranmasına səbəb ola bilər. Bu problem uşaqlardan yaşlılara qədər hər yaş qrupunda müşahidə edilə bilər.
Diş kökü infeksiyasının səbəbləri nələrdir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.
Bakteriyaların dişə və ətraf toxumalara daxil olmasına imkan verən istənilən zədələnmə infeksiyaya səbəb ola bilər. Diş kökü infeksiyasının əsas səbəbləri bunlardır:
- müalicə olunmamış diş çürükləri;
- dişlərin sınması və ya çatlaması;
- diş və ağız nahiyəsinin travması;
- dişlərin sıxılması və qıcırdılması kimi davamlı təzyiq və travmaya səbəb olan davranışlar.
Diş kökü iltihabının əlamətləri hansılardır?
Diş kökü infeksiyası müxtəlif simptomlarla özünü göstərə bilər. Ən çox rast gəlinən əlamətlər bunlardır:
- dişdə və ətrafında ağrı;
- diş ətində şişkinlik;
- üz nahiyəsində şiş;
- ağızda pis dad və xoşagəlməz qoxu;
- diş ətinin qanaması;
- isti və soyuğa qarşı həssaslıq;
- yüksək hərarət;
- halsızlıq və yorğunluq;
- çeynəmə və udma zamanı çətinlik;
- ağzı açmaqda çətinlik;
- diş ətrafında həssaslıq;
- limfa düyünlərinin şişməsi;
- diş ətində absesin yaranması.

İnfeksiya ətraf toxumalara və orqanizmə yayıldıqda ağrı, qızdırma, şişkinlik və ümumi halsızlıq daha qabarıq şəkildə müşahidə oluna bilər.
Diş kökü infeksiyasına necə diaqnoz qoyulur?
Diaqnoz zamanı diş həkimi ilk növbədə xəstənin şikayətlərini və dişin vəziyyətini qiymətləndirir. Bununla yanaşı, bir sıra müayinələrdən istifadə edilə bilər.
Dişə toxunma və təzyiq testi: Kök nahiyəsində abses olan diş adətən toxunmaya və təzyiqə qarşı həssas olur.
Rentgen müayinəsi: Ağrıya səbəb olan dişin rentgen görüntüsü infeksiyanın və absesin müəyyənləşdirilməsinə kömək edə bilər. Həmçinin infeksiyanın ətraf toxumalara və digər nahiyələrə yayılıb-yayılmadığını qiymətləndirmək mümkündür.

Kompüter tomoqrafiyası (KT): İnfeksiyanın xüsusilə çənə və boyun nahiyəsinə yayıldığından şübhələnildikdə, prosesin ağırlığını və yayılma dərəcəsini müəyyənləşdirmək üçün KT müayinəsi aparıla bilər.
Diş kökü iltihabı necə müalicə olunur?
Müalicə infeksiyanın ağırlığından, dişin vəziyyətindən və xəstənin ümumi sağlamlıq durumundan asılı olaraq dəyişir. Əsas məqsəd infeksiyanı aradan qaldırmaq və mümkün olduqda dişi qorumaqdır.
Absesin drenajı: Diş həkimi abses nahiyəsində kiçik kəsik açaraq yığılan irinli mayenin xaric olmasını təmin edə bilər. Daha sonra nahiyə təmizlənir.
Kanal müalicəsi: Yoluxmuş dişi qorumağın əsas üsullarından biri kanal müalicəsidir. Bu zaman dişin infeksiyalaşmış pulpa toxuması çıxarılır, kök kanalları təmizlənir, dezinfeksiya edilir və xüsusi materialla doldurularaq bağlanır.

Dişin çəkilməsi: Dişi kanal müalicəsi və digər üsullarla saxlamaq mümkün olmadıqda onun çəkilməsi tələb oluna bilər. Bu zaman infeksiyalaşmış toxumalar da aradan qaldırılır.
Antibiotik müalicəsi: Antibiotiklər hər diş kökü infeksiyasında mütləq tətbiq edilmir. İnfeksiyanın ətraf toxumalara və ya digər nahiyələrə yayılması, yüksək hərarət və ümumi vəziyyətin pisləşməsi kimi hallarda həkim antibiotik müalicəsi təyin edə bilər.
Diş kökü iltihabının yaranma riskini artıran amillər hansılardır?
Ağız və diş gigiyenasına düzgün əməl edilməməsi diş çürüməsi və diş əti xəstəlikləri ilə yanaşı, diş kökü infeksiyasının da riskini artırır. Dişləri gündə iki dəfə fırçalamamaq və diş aralarını təmizləməmək əsas risk amillərindəndir.
Şəkərli qidaların və xüsusilə qazlı, şəkərli içkilərin tez-tez istifadəsi də diş çürüklərinin inkişafını sürətləndirə bilər. Müalicə olunmayan çürüklər isə zamanla dişin daxili toxumalarına qədər yayıla bilər.
Ağız quruluğu da diş çürüməsi riskini artıran amillərdəndir. Bu vəziyyət bəzi dərmanların yan təsiri və digər səbəblərlə əlaqəli ola bilər.
Siqaret istifadəsi isə ağız sağlamlığına mənfi təsir göstərərək diş və diş əti problemlərinin yaranma riskini artıra bilər.
Diş kökü infeksiyası müalicə olunmasa, nə baş verə bilər?
Diş kökü infeksiyası müalicə edilmədikdə ətraf toxumalara və çənə sümüyünə yayıla bilər. İnfeksiyanın daha geniş sahələrə yayılması nadir hallarda, lakin ciddi fəsadlara səbəb ola bilər.
Bunlara sümük infeksiyası, üz və boyun nahiyəsində dərin abseslər, sinuslarla bağlı ağırlaşmalar və sepsis kimi həyati təhlükəli vəziyyətlər daxil ola bilər.
Xüsusilə üz və boyun nahiyəsində sürətlə artan şişkinlik, yüksək hərarət, udma və ya nəfəs almaqda çətinlik yarandıqda təcili tibbi yardım tələb olunur.
Diş kökü iltihabı öz-özünə keçə bilərmi?
Diş kökü infeksiyası adətən müalicə olunmadan öz-özünə sağalmır. Bəzən infeksiyanın yaratdığı ağrı müəyyən müddətdən sonra azala və ya tamamilə yox ola bilər. Lakin bu, infeksiyanın aradan qalxdığı anlamına gəlmir.
Əksinə, dişin daxilindəki sinir və pulpa toxuması öldükdə ağrı hissi azala bilər, lakin bakteriyalar ətraf toxumalara yayılmağa davam edə bilər. Buna görə də ağrının keçməsi problemin həll olunduğu anlamına gəlmir.
Diş kökü iltihabı partlasa, nə baş verir?
Absesin öz-özünə açılması nəticəsində irinli maye ağız boşluğuna axa və şişkinliklə ağrı müvəqqəti olaraq azala bilər. Lakin bu vəziyyət infeksiyanın tam sağaldığı demək deyil. İnfeksiyanın mənbəyi aradan qaldırılmadıqda problem yenidən yarana bilər.
Diş kökü iltihabı zamanı dişləri fırçalamaq olarmı?
Bəli. Diş və diş əti iltihabı zamanı ağız gigiyenasına davam etmək vacibdir. Dişlər yumşaq hərəkətlərlə fırçalanmalı, diş araları müntəzəm təmizlənməlidir. Lakin ağrılı və şişmiş nahiyəyə əlavə travma verməmək lazımdır.
Diş kökü iltihabına bitki mənşəli müalicə varmı?
Diş kökü infeksiyası peşəkar stomatoloji müalicə tələb edən problemdir. Bitki mənşəli vasitələr infeksiyanın əsas səbəbini aradan qaldırmır və tibbi müalicəni əvəz edə bilməz.
Diş rentgenində iltihab görünürmü?
Rentgen müayinəsi diş kökü ətrafında yaranan bəzi iltihabi dəyişikliklərin və abseslərin müəyyənləşdirilməsinə kömək edir. Lakin infeksiyanın ilkin mərhələlərində rentgendə dəyişikliklər aydın görünməyə bilər. Buna görə diaqnoz yalnız rentgen nəticəsinə əsasən qoyulmur.
Diş kökü iltihabından neçə günə sağalmaq mümkündür?
Sağalma müddəti infeksiyanın ağırlığından və tətbiq olunan müalicə üsulundan asılıdır. Kanal müalicəsi, absesin drenajı və ya dişin çəkilməsindən sonra sağalma prosesi hər xəstədə fərqli ola bilər. Buna görə də konkret müddət yalnız müayinə və müalicədən sonra müəyyənləşdirilə bilər.
Diş kökü iltihabının qarşısını necə almaq olar?
Diş kökü infeksiyasının qarşısını almağın əsas yolu diş çürüklərinin və ağız xəstəliklərinin vaxtında müalicə edilməsidir. Bunun üçün:
- dişləri gündə ən azı iki dəfə, təxminən iki dəqiqə flüorlu diş məcunu ilə fırçalamaq;
- hər gün diş aralarını diş ipi və ya uyğun interdental vasitələrlə təmizləmək;
- diş fırçasını mütəmadi olaraq, adətən 3-4 aydan bir dəyişmək;
- şəkərli qidaların və içkilərin, xüsusilə yeməklər arasında tez-tez qəbulunu azaltmaq;
- mütəmadi olaraq stomatoloq müayinəsindən keçmək;
- ağız gigiyenasına diqqət etmək;
- siqaretdən uzaq durmaq;
- ağız yaxalayıcılarından isə yalnız ehtiyac olduqda və stomatoloqun tövsiyəsi ilə istifadə etmək lazımdır.
Dişdə davamlı ağrı, şişkinlik, həssaslıq və ya ağızda irinli nahiyə müşahidə edilərsə, simptomların keçməsini gözləmək əvəzinə stomatoloqa müraciət etmək vacibdir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB