Mingəçevirdə bıçaqlanma hadisəsini törədənlər tutulub

Mingəçevirdə bıçaqlanma hadisəsini törədənlər tutulub

İyulun 27-də saat 02 radələrində Mingəçevir şəhərində “083” adlı çay evində şəhər sakinləri Kənan Quliyevin və Razi Əliyevin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Elmir Hüseynova, Vüqar İbrahimova və Soltan Səlimova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri faktı ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 126.2.1-ci (bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsin sağlamlığına qəsdən ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya bildiriblər ki, iş üzrə zəruri ekspertizalar təyin edilib, şahidlər dindirilib, cinayətin törədilməsində istifadə olunan bir bıçaq maddi sübut kimi götürülüb və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Kənan Quliyev və Razi Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə