Qəbələ sakini qaçırdığı avtomobillə Bakıda dörd maşını və iki piyadanı vurub

Qəbələ sakini qaçırdığı avtomobillə Bakıda dörd maşını və iki piyadanı vurub

Oktyabrın 5-də saat 2 radələrində Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Xidməti”nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və Bakı şəhər sakini Fərid Quliyevə məxsus “Mercedes” markalı avtomobilin Mərdanov qardaşları küçəsindən qaçırıldığı məlum olub.

Görülmüş tədbirlərlə avtomobil Ə.Topçubaşov küçəsində əzilmiş vəziyyətdə aşkar edilib və onu idarə edən şəxs saxlanılaraq Polis bölməsinə gətirilib. Araşdırmalarla onun Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Alməmmədov olması məlum olub. Sükan arxasındakı bu şəxsin sərxoş halda olduğu Tibbi Müayinə Mərkəzi tərəfindən təsdiqlənib.

Həyata keçirilən tədbirlərlə o da müəyyən edilib ki, V.Alməmmədov həmin avtomobili idarə edərkən Ə.Hüseynzadə küçəsində yolun kənarında dayanmış “KİA”, “Mercedes”, “Opel” və “Dacia” markalı 4 avtomobili, habelə yolu keçən paytaxt sakinləri Soltan Rəhmanovu və Asif Təhməzovu vurub. Xəstəxanaya yerləşdirilən S.Rəhmanova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, A.Təhməzovun vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə