Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ondördmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ikiotaqlı mənzilin mətbəxinin mebeli yanıb.
Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, hazırda ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə