Külli miqdarda narkotik daşıyan sərxoş sürücü saxlanılıb

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən sərxoş vəziyyətdə, nömrəsiz avtomobil idarə edən və avtomobilinin yük yerində külli miqdarda narkotik vasitə daşıyan sürücü aşkarlanaraq saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin 729 saylı Sabirabad postunda xidmət aparan əməkdaşlar Vüqar Qasımov və Xəyal Ələkbərov nömrəsiz şəkildə "VAZ - 21015" markalı avtomobil idarə edən 1976-cı il təvəllüdlü Zəfər Haqverdi oğlu Səfərovu saxlayıblar. Sürücünün sürücülük vəsiqəsi və avtomobilə dair etibarnaməsi olmadığından posta dəvət olunub. Sürücünün spirtli içki qəbul etməsinə əsaslı şübhələr yarandığından o, alkotestr vasitəsilə yoxlanılıb və sərxoş olduğu müəyyən edilib. Sürücü özünü şübhəli apardığından avtomobilə baxış keçirilib və avtomobilin yük yerində külli miqdarda narkotik vasitə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə