ADNSU tələbələri bu adi həqiqəti təcrübə müddətində aydın dərk ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 2021-2022-ci tədris ilində məzun olacaq tələbələri istehsalat təcrübəsini başa vurublar. Onlar 7 semestr ərzində öyrəndikləri nəzəri bilikləri təcrübədə sınaqdan keçirməklə həm ixtisaslarının incəlikləri ilə daha yaxından tanış olur, həm də buraxılış işi mövzularını müdafiə etmək üçün yeni praktiki biliklər qazanıblar. ADNSU-da artıq neçə ildir ki, istehsalat təcrübəsi mahiyyətcə yeni məzmun kəsb edir və tədrisin ən vacib hissəsidir. Bütün təhsil müəssisələrində tələbələrin ixtisas üzrə təcrübə keçməsi, təcrübənin təşkili, həcmi, məqsədi və keçirilmə müddəti, mütəxəssis hazırlığı aparılan müvafiq istiqamətlər (ixtisaslar) dövlət təhsil standartları ilə müəyyənləşdirilib. Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli qərarına əsasən, bütün ali təhsil müəssisələrində oxuyan tələbələr icbarı olaraq istehsalat təcrübəsi keçməlidir.

Öncə qeyd edək ki, ADNSU-da təhsil alanların təcrübə işinin təşkilini universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin tərkibində fəaliyyət göstərən İstehsalat təcrübəsi bölməsi həyata keçirir. Belə ki, universitetdə Magistratura səviyyəsi üzrə II kurs üçün (781 nəfər, o cümlədən 35 tələbə TEMPUS proqramı üzrə) Elmi-tədqiqat və Elmi-pedaqoji təcrübə, ADNSU-nun 7 fakültəsində, SABAH mərkəzində və MBA Proqramlarının IV kursunda təhsil alan tələbələr üçün İstehsalat təcrübəsi, İlboyu və Fərdi təcrübə, təkrar ali təhsil üzrə bakalavr təhsili alan tələbələr üçün isə yalnız İstehsalat təcrübəsinin təşkili həyata keçirilir.

Yuxarıda qeyd olunan təcrübələrdən tədrisin ən vacib hissəsi olan İstehsalat təcrübəsidir və hər bir IV kurs tələbəsi mütləq şəkildə bu təcrübəni keçməlidir. ADNSU-da hər tələbənin istehsalat təcrübəsi üzrə kredit göstəricisi 21-dir. Qeyd edək ki, Fərdi təcrübə də istehsalat təcrübəsinin tərkibində olan və ya onu əvəzləyən təcrübədir. Bu təcrübə proqramına görə, tələbə təcrübə keçmək istədiyi müəssisəni ixtisasına uyğun olaraq özü seçir və universitet tərəfindən bu seçimin ixtisas və buraxılış işi mövzusuna uyğunluğu dəyərləndirilir. İlboyu təcrübə isə əsasən III, bəzən II kurs tələbələrini əhatə edir. İstehsalat təcrübəsinə yeni yanaşmanın sayəsində tələbələrin nəzəri biliklərini təcrübədə möhkəmlətmələri üçün geniş imkanların yaradılması onların məzun olduqdan sonra qısa müddət ərzində işlə təminatına əlverişli zəmin yaradıb.

Cari tədris ilində fevralın 16-dən etibarən istehsalat təcrübəsinə start verilib və bu prosesə ümumilikdə 2776 tələbə cəlb olunub. Tələbələr paytaxtda və bölgələrdə yerləşən 297 özəl və dövlət şirkətlərində təcrübə keçiblər. ADNSU tələbələri əsas baza müəssisələr olan SOCAR-ın tabeliyində olan idarə və müəssisələr, o cümlədən “Azneft” İB, “Azərikimya“ İstehsalat Birliyi, Heydər Əliyev adına Neft Emalı Zavodu, Geofizika və Geologiya İdarəsi, “AzərEnerji” ASC, “Azərişıq” ASC, “AzerGold” QSC, “Azristiliktəchizat” ASC, Milli Aerokosmik Agentlik və digər çoxsaylı istehsalat müəssisələridə təcrübədə olublar. Bundan əlavə, Koronavirus (COVİD-19) pandemiyasından əvvəlki bir neçə il ərzində ADNSU tələbələri Türkiyə, Kanada, Fransa, Norveç, Gürcüstan, Rusiya Federasiyası, Türkmənistan və digər ölkələrdə təcrübə keçiblər.

Tələbələrin təcrübə prosesi, onlar üçün yaradılan şərait və qazandıqları praktiki biliklərlə yaxından tanış olmaq üçün bir neçə müəssisədə olduq. İlk baş çəkdiyimiz müəssisə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Sumqayıt Elektrik Stansiyası” MMC-dir. Hazırda müəssisədə ADNSU-nun iki ixtisas üzrə təhsil alan 50-ə yaxın tələbəsi təcrübə keçir. Müəssisə rəhbərləri, mühəndislər və təcrübədə olan tələbələrlə həmsöhbət olduq.

Sumqayıt Elektrik Stansiyası” MMC-də baş mühəndisin müavini Hüseynağa Rüstəmov təcrübə keçən tələbələrimizdən danışarkən bildirdi ki, bu sahədə işləmək xüsusi məsuliyyət və peşəkarlıq tələb edir, universitet partası arxasından gəlib ilk fəalyyətinə təcrübədən başlayan tələbəyə öncə biz bunu aşılıyırıq. Onların da həmçinin, seçdiyi ixtisası, peşəsini necə sevməsi təcrübəyə başladığı dövrdə özünü göstərir. Qərarında israrlı olan və ixtisasını sevən tələbə nəzəri bilikləri təcrübəyə daha tez və rahat tətbiq etməyi bacarır. Belə tələbələr, eyni zamanda gələcəkdə çox yaxşı mütəxəssis olurlar və sözsüz ki, hazırkı tələbələr arasında da gələcəyin mütəxəssislərini görürük. Tələbələrin konkret təcrübə prosesinə gəldikdə H.Rüstəmov qeyd etdi ki, tələbə müəssisəyə gəldikdən sonra ilk olaraq onlara təcrübə haqqında plan verilir, təlimat keçirilir, təhlükəsizlik tədbirləri görülür. Plana əsasən, ilkin təcrübə günlərindən sonra tələbələr təcrübəli mütəxəssislərlə bərabər çalşırlar. Mühəndis onu da əlavə etdi ki, ADNSU-dan gələn tələbələrin nəzəri bilikləri yaxşıdır, eyni zamanda təcrübəyə də xüsusi yanaşırlar, əsasən konkret məqsədləri olan, peşələrini sevən tələbələrdir. Təbii ki, gələcəkdə belə tələbələrlə işləmək daha rahat və uğurlu olacaq.

Müəssisədə uyğun olaraq təcrübə keçən ADNSU-nun Elektroenergetika mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Zərifə Babayeva təcrübənin onun üçün çox maraqlı olduğunu dedi. Onun sözlərinə görə, 4 il ərzində universitetdə qazandığı nəzəri bilikləri, oxuyub öyrəndiklərini canlı olaraq icra etmək onda yaxşı təəssürat yaradıb: “Təcrübə seçdiyim ixtisası mənə daha da sevdirir. Hesab edirəm ki, qazandığım nəzəri bilikləri təcrübə müddətində tam əhatə edə biləcəm”. Həmin müəssisədə təcrübə keçən digər eyni ixtisaslı tələbəmiz Elvin Şiriyev deyir ki, nəzəri cəhətdən hazırlıqlıdır və təcrübədə gördüyü hər şey ona tanış gəlir və sankı təkrar bu işlə məşqul olur: “Təcrübə bizə universitetdə öyrəndiklərimizi canlı şəkildə görmək və yaxşı başa düşməyə kömək edir. Burada mühəndislər hər şeyi incəliyinə qədər izah edir və özümüzün də işləməyimizə şərait yaradırlar.” ADNSU-nun İstilik energetikası mühəndisliyi ixtisası üzrə təhsil alan daha iki tələbəmiz – Nərgiz Aslanova və Ayxan Həsənovla da həmsöhbət oluruq, təcrübə keçdikləri müddət ərzində əlavə olaraq hansı biliklər əldə etmələri iləmaraqlanırıq. Onlar da razılıqlarını bildirib qeyd edirlər ki, ixtisaslarına uyğun olaraq bilgiləri daha da artıb və özlərini gələcəyin mütəxəssisləri kimi hiss etməyə başlayıblar.

Beləcə, mühəndislər və tələbələrlə buradakı söhbətimizi bitirib ADNSU tələbələrinin təcrübə keçdiyi digər bir müəssisəyə - “Azərişıq” ASC-nin paytaxtda yerlərşən Tədris və İnnovasiyalar Mərkəzinə yollanırıq. Burada da eyni vəziyyəti müşahidə edirik: tələbələr iş başındadırlar və təcrübəli mütəxəssisləri diqqətlə dinləyir, yeni nəsə öyrənməyə çalışırlar. Nəzəri biliklərini təcrübəyə tətbiq etmək onlarda xüsusi maraq yaradıb. Buradakı tələbələr də istehsalat müəssisələrində təcrübədə olmasının ixtisaslarını dərindən mənimsəməsində xüsusi rol oynadığını vurğulayırlar. Onların fikrincə, iş prosesini canlı müşahidə etmək onlara seçdikləri ixtisasın rahat və çətin tərəflərini dərk etməyə kömək edir. İstehsalat prosesini müşahidə etmək, oradakı avadanlıqlara toxunmaq, işçilərlə bərabər çalışmaq tələbələrdə işləməyə xüsusi maraq yaradır. Mərkəzin mütəxəssisi Ayşən Həmidova bu barədə danışarkən bildirdi ki, hər təcrübə müddətində ADNSU-nun tələbələri aktivliyi ilə seçilir, bu dəfə də eyni vəziyyəti müşahdə etdik. Tələbələrdə maraq yüksəkdir, ona görə təcrübə prosesində iştirak, onlara praktiki olaraq nəyisə öyrətmək bizim üçün də maraqlıdır. Burada olarkən öyrəndik ki, mərkəzin rəhbərliyinin birbaşa nəzarəti ilə müəssisədə təcrübədən uğurla keçən və işləmək üçün müraciət edən tələbələrin məzun olduqdan sonra işlə təmin olunmasına xüsusi önəm verilir.

Ənənəvi olaraq təcrübə müddəti bitdikdən sonra müəssisələrdə tələbələrin təcrübədə iştirakı, işi necə mənimsəməsi haqqında obyektiv rəy verilir, qiymətləndirmə aparılır. İstehsalat müəssisələrində olduğumuz zaman bir daha əmin olduq ki, ADNSU tələbələri təcrübəçi kimi də özünü doğruldan, müəssisələr üçün lazımlı gənc kadrlardır. Ona görə də həm müəssisə rəhbəri, həm mühəndislər ADNSU tələbələrinə tələbatın yüksək olduğunu, tələbələr isə qazandıqları bilik və bacarıqlardan razı qaldıqlarını bildirdilər.

Elnur Hadıyev

“Oil and İndustry” jurnalının məsul katibi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...