Savadı, biliyi olmayan insanları vəzifəyə gətirirlər - İRAD - EKSPERT AÇIQLADI

“Son 3 il ərzində BDU-da tədrisin təşkilində, universitetin idarə edilməsində ciddi şəkildə şəffaflıq müşahidə edilir. Tələbələr üçün rektor və digər idarəetmədə olan şəxslər daha əlçatandırlar”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə neqativ hallar demək olar ki, yoxa çatıb: “Amma buna baxmayaraq bir neçə köhnə kadrlar var ki, onlar hələ də universitetin dəyişiminə inanmaq və qəbul etmək istəmirlər. Onlar universitetdə keçirilən islahatlara kölgə salmağa cəhd edirlər və bunun da cəzasını alırlar.

Hal-hazırda təhsildə ona görə rüşvət var ki, müəyyən yerlərdə kimlərsə vəzifəyə qohum vasitəsilə gəlir. Savadı, biliyi olmayan insanları vəzifəyə gətirirlər və onlar da bundan sui-istifadə edirlər. Hazırda təhsilin bütün sahələrində islahatlar davam edir. Ciddi şəkildə şəffaflıq var. Biz bunu müşahidə edirik. Buna baxmayaraq hələ də neqativlər davam edir. Çünki Təhsil Nazirliyi baş verən hadisələrə operativ münasibət bildirmir və özünü təhsillə bağlı olan problemlərdən kənarda tutur. Bu da cəzasızlıq adlanır və ciddi neqativlərə gətirib çıxarır”.

Kamran Əsədov sözlərinə belə davam edib: “BDU 3 ildir ki, yenilənir. Biz burada dekan, kafedra müdiri və s. seçkilərdə şəffaflığı gördük. Amma bu prosesdən kənarda qalanlar, yəni öz biliyi ilə pul qazana bilməyənlər əyri yollarla bunu edirlər. Onlar da ciddi şəkildə cəzalandırılır. BDU öz ətrafında 25 min tələbə, 6 min inzibati-texniki müəllim heyətini birləşdirən bir kollektivdir və birdən-birə nəyəsə nail olmaq da mümkün deyil. Digər tərəfdən burada tələbələr də mühüm rol oynayırlar. Onlar istəyirlər ki, öz tədris göstəricilərini yaxşılaşdırsınlar. Hər kəs anlamalıdır ki, BDU-da rüşvət və korrupsiya yoxdur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə