ŞƏHİD QƏHRƏMANLAR – ADNSU MƏZUNLARI

2020-ci il dünya üçün, o cümlədən ölkəmiz üçün təlatümlü başladı: Koronavirus epidemiyası ilin əvvəlindən sürətlə yayılaraq insanları, ayrı-ayrı dövlətləri ciddi sınaq qarşısında qoydu. Azərbaycan koronavirus epidemiyasısının yayılmasına qarşı mübarizəni ilk günlərdən mütəşəkkil formada təşkil etdi, ona görə itkilər olsa da, xəstəliyin yayılması nəzarətdən çıxmadı. Bəli, dünyanın belə bir çətin məqamında erməni silahlı birləşmələri ənənəvi xislətinə “sadiq” qalaraq yenə Azərbaycanın əzəli torpaqlarında mənfur planlar həyata keçirməyə cəhd etdilər. Azərbaycan ordusu isə əks hücümla yeni tarix yazdı, il təhlükəli xəstəliklə başlasa da, ordumuz əbədi qələbə ilə xalqımıza unudulmaz Zəfər sevinci yaşatdı.

1991-1993-cü ilərdə yenicə müstəqillik qazanmış ölkəmizə qarşı hərbi təcavüz nəticəsində erməni işğalçıları Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdilər. 30 il ərzində danışıqların aparılmasına, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrin olmasına baxmayaraq beynəlxalq birliyin ikili standartları üzündən özündə cəsarət tapan işğalçı Ermənistan münaqişənin nizamlanmasına hər vəchlə maneə törədirdi. Bütün bu illəri Azərbaycan təmkin nümayiş etdirərək problemi sülh yolu ilə həll etmək əzmini itirmədi, amma eyni zamanda danışıqların nəticə verməyəcəyi təqdirdə Azərbaycan xalqının öz torpaqlarını müharibə yolu ilə azad etməyə hazır olduğunu da hər zaman göstərdi, planlı və ardıcıl surətdə ordu quruculuğu işi apardı. Azərbaycanın sülhpərvər mövqeyindən yanlış nəticə çıxaran Ermənistan istər diplomatik danışıqlarda, istərsə də təmas xəttində təxribatlar törədirdi. 2019-cu ilin may ayında Ermənistanın baş naziri Nikol Paşinyanın Şuşada yallı getməsi, bir neçə aydan sonra isə verdiyi “Qarabağ Ermənistandır və nöqtə!” bəyanatı artıq Yerevanla danışıqların heç bir nəticə verməyəcəyi həqiqəti qabarıq şəkildə göstərirdi və əslində elə hər şey o “nöqtədən” başladı. Azərbaycan Respublikasının Prezidenti Paşinyanın həmin açıqlamasından sonra ilk iştirak etdiyi mötəbər beynəlxalq tədbirdə - Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyanatını verdi. 2020-ci ilin yayında Ermənistanın təmas xəttində bir neçə təxribat törətməsi, onlardan birində azərbaycanlı general Polad Həşimovun həlak olması, orta əsrlərdə Səfəvilər dövlətini ziyarət edən və bu torpaqlarda yaşayan xalqı təsvir edən avropalı səyahətçinin təbirincə desək “yatmış şiri” oyatdı.

2020-ci il sentyabrın 27-də erməni tərəfinin törətdiyi təxribata qarşı əks-hücuma keçən Azərbaycan ordusunun zəfər yürüşünün qarşısını artıq heç kəs və heç nə ala bilməzdi. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin “dəmir yumruğu”, Azərbaycan Ordusunun rəşadəti 44 gün ərzində torpaqlarımızın azad edilməsi və düşmənin ağır zərbə alaraq kapitulyasiya etməsinə səbəb oldu. Azərbaycan düşmənə qarşı Vətən müharibəsi apardı, bütün xalq Ali Baş Komandan ətrafında birləşdi və zəfər qazandı. Yuxarıda qeyd etdiyimiz kimi, 2020-ci il bütün dünyada, o cümlədən Azərbaycanda təhlükəli infeksiya ilə başlasa da, bu il, Azərbaycanın tarixi qələbəsi ilə yaddaşlara həkk olundu.

Bəli, bu müharibə Azərbaycan üçün vətən müharibəsi idi. Digər igid oğullarımız kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları, o cümlədən əməkdaşları könüllü olaraq döyüşə yollandılar. Müharibənin davam etdiyi müddətdə də universitet ordumuza əlindən gələn dəstəyi göstərməyə çalışdı. “Hər zaman ordumuzun yanındayıq” şüarı ilə ali təhsil müssisəsi olaraq təkcə əməkdaş və məzunlarının döyüşə qatılması ilə yox, həm də maddi və mənəvi olaraq ordumuza dəstəyini davam etdirdi. Belə ki, Vətən müharibəsinin başlamasından bir həftə keçməmiş ADNSU Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat vəsait köçürtdü. Bir müddət keçəndən sonra növbəti dəfə ADNSU Orduya dəstəyini davam etdirdi. Bundan əlavə ADNSU-nun əməkdaşları fərdi qaydada könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürməkdə davam etdilər. Müharibənin getdiyi müddətdə Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad etməsini böyük həyəcan hissi ilə izləyən ADNSU kollektivinin üzvləri könüllü qaydada cəbhə bölgəsindəki əsgərlərimizə birbaşa yardım da göstərdilər, ADNSU-nun əməkdaşları cəbhə bölgəsindəki N saylı hərbi hissəyə gedərək əsgərlərlə görüşdülər. ADNSU ümumilikdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna əməkdaşların könüllü olaraq fərdi qaydada etdikləri ianələr də daxil olmaq 200 000 manatdan artıq vəsait köçürtdü. Universitet əməkdaşları vətəndaş borcunu təkcə gənclərə yaxşı təhsil verməklə yox, müharibə zamanı öz ordusunun yanında olmaqla, ona maddi, mənəvi dəstək olmaqla göstərdi.

Onu da qeyd edək ki, ADNSU Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan “YAŞAT” Fonduna da dəstəyini əsirgəmədi, müharibənin bitməsindən bir müddət sonra 2020-ci il dekabrın 30-da universitet “YAŞAT” Fonduna 50 min manat ianə etdi.

44 günlük Vətən müharibəsi zamanı ADNSU tələbə və məzunları, həmçinin əməkdaşları da silaha sarılaraq qəhrəmanlıq göstərdilər. Onlardan 23 nəfəri Vətən uğurunda canından keçərək qəhrəmancasına şəhid oldu. Bu gün universitet şəhidlərimizin ailələrinə, qazilərimizə, onların övladlarına xüsusi diqqət göstərir, onlara mənəvi və maddi dəstəyini əsirgəmir. Vaxtaşırı onların ailələrinə baş çəkir, şəhid övladlarımızla bağlı tədbirlər keçirir, onların adlarının əbədiləşməsi üçün konkret addımlar atır. Növbəti tədris ilindən ADNSU məzun şəhdilərimizin hər birinin adına auditoriyaların açılması da planlaşdırılıb. Növbəti tədris ilindən gənc nəsil həmin auditoriyalarda təhsil almaqla yanaşı, şəhidlərimizin həyatı və döyüş yolu haqqında daha dolğun məlumat alacaqlar.

Şəhid aillərinə və qazilərimizə dəstək məqsədi ilə universitetdə komissiya yaradılıb. Birbaşa rektor, professor Mustafa Babanlının tapşırığı ilə komissiya üzvləri hər bir şəhidimizin ailəsi ilə mütəmadi olaraq əlaqə saxlayır, onların vəziyyəti ilə maraqlanır, konkret dəstək göstərirlər. Nümunə üçün xatırladaq ki, ötən Novruz bayramı ərəfəsində ADNSU-nun əməkdaşları 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarının ailələrini ziyarət ediblər. Bakı ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində - Qazaxda, Ağstafada, Şəkidə, Oğuzda, Neftçalada və digər rayonlarda şəhid ailələrinin ziyarət etmiş nümayəndə heyəti, Vətən uğrunda canlarından keçmiş ADNSU məzunlarının ailələrinə rektor, professor M.Babanlının salam və ehtiramını çatdırıb, onlara universitetdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışıb hər zaman yanlarında olduqlarını bildiriblər. Görüşlərdə həmçinin, ADNSU-da keçirilən hərbi-vətənpərvərlik mövzusunda tədbirlərdə şəhid ailələrinin daim arzuolunan qonaq olacaqları qeyd olunub. Görüşlər zamanı şəhid ailələrinə bayram sovqatı təqdim edib.

ADNSU-da şəhidlərimizlə bağlı keçirilən tədbirlər arasında təbii ki, onlar haqqında yazılmış kitab təqdimatları da xüsusi yer alır. İndiyə qədər Azİİ e-Kitab Evində şəhidlərimiz haqqında 4 kitabın təqdimatı olub. Müəllifi Yaqut Bahadurqızı olan və bir neçə şəhidimizin döyüş yolu və xatirələrindən bəhs edən “Ölümü ömür seçənlər” kitabının təqdimatı universitet ictimaiyyətinin və şəhidlərimizin yaxınlarının iştirakı ilə geniş formatda keçirilib. Həmçinin, şəhid məzunlarımız Əlihüseyn Məmmədovun həyat və döyuş yolundan bəhs edən “Mən Əliyəm”, Şahgündüz Cabbarova həsr olunmuş “Gözləyin dağlar, gəlirəm” və Samir Paşayevə həsr olunmuş “Vətən səninlə fəxr edir, Samir Paşayev” - adlı kitabların təqdimatı da şəhdilərimizin ailələri tərəfindən yüksək dəyərləndirilib.

Bəli, nə qədər Azərbaycan dövləti var, nə qədər Azərbaycan xalqı var, Vətən uğurunda şəhid olan igid övladlarımızın əziz xatirəsi ehtiramla anılacaq, onların adları məqamları kimi uca tutulacaq.

Elnur Hadıyev,

“Oil and İndustry” jurnalının məsul katibi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...