Emin Əmrullayev Mingəçevir Dövlət Universitetində olub

İyunun 28-də təhsil naziri Mingəçevir Dövlət Universitetində (MDU) olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Emin Əmrullayev əvvəlcə MDU-nun cari il üzrə magistratura məzunlarının dissertasiya işlərindən ibarət “Poster sessiyası”na baxış keçirib. Mühəndislik, iqtisadiyyat və təhsil istiqamətləri üzrə magistratura məzunları ilə səmimi söhbət edən nazir onların tədqiqat işlərinin nəticələri ilə tanış olub və məmnunluğunu ifadə edib.

Sonra təhsil naziri universitetin professor-müəllim və tələbə heyəti ilə görüşüb. Təhsil naziri Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə ali təhsilin inkişafına göstərdikləri yüksək diqqət və qayğıdan bəhs edib. Emin Əmrullayev MDU-un son illərdəki uğurlu inkişafından danışaraq, ali təhsilin əlçatanlığının artırılması istiqamətində görülən işlərdən bəhs edib. Nazir təhsilin səviyyəsinin keyfiyyətinin daha da yüksəldilməsi üçün nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb. O sonda iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Emin Əmrullayev MDU-nun “Məzun günü – 2022” tədbirində də iştirak edib. Məzunları təbrik edən nazir onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Akademik göstəricilərinə və universitetin ictimai həyatında iştirakına görə fərqlənən məzunlara fəxri fərmanlar təqdim edən nazir məzunlarla xatirə şəkilləri çəkdirib.

Sonda MDU-nun yeni kampusunun tikiləcəyi əraziyə baxış keçirilib və layihə haqqında nazirə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...