ADNSU-da çalışan müharibə veteranları ilə görüş keçirilib - FOTOLAR

İyunun 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə universitetdə müxtəlif vəzifələrdə çalışan müharibə veteranları ilə görüş keçirilib. SİA xəbər verir ki, ADNSU-nun prorektorlarının iştirakı ilə keçirilən görüşdə Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov çıxış edərək Azərbaycanın Ordu quruculuğunun tarixindən danışıb. O, bildirib ki, bu gün Azərbaycan ordusu maddi-texniki bazası, döyüş hazırlığı və peşəkarlıq səviyyəsinə görə qabaqcıl ordular sırasında yer alıb. Qasım Məmmədov əlavə edib ki, 44 günlük Vətən müharibəsi düşmən tapdağında olan əzəli Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə yanaşı, Ordumuzun yenilməzliyini bir daha dünyaya bəyan etdi.

ADNSU Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayev çıxışında universitetdə çalışan veteranların əsasən birinci Qarabağ müharibəsi döyüşçüləri olduğunu qeyd edib. Ölkəmizdə olduğu kimi, universitetdə də veteranlara hər zaman diqqət və yüksək qayğı göstərildiyini deyən Məzahir Babayev həm müharibə veteranlarına, həm də Azərbaycanın ərazi bütövlüyü uğurunda qəhrəmancasına şəhid olmuş igid döyüşçülərimizin ailə üzvlərinə hər zaman diqqətlə yanaşıldığını və hər bir azərbaycanlının onlarla qürur duyduqlarını vurğulayıb.

Veteranlar da onlara göstərilən diqqət və qayğıdan hər zaman razı qaldıqlarını bildiriblər. Tədbirdə veteranlara Fəxri Fərman və pul mükafatı hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...