Naxçıvan Dövlət Universitetində “Məzun günü” olub

Naxçıvan Dövlət Universitetində “Məzun günü” keçirilib. Tədbirə I Beynəlxalq Tibbi Forumun iştirakçıları da qatılıblar.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə orkestrın musiqi sədaları altında məzun keçidi baş tutub.

Universitetin rektoru Elbrus İsayev çıxışında qeyd edib ki, tələbəlik illəri insan həyatının ən önəmli dövrünü təşkil edir. Həmin dövr gəncliyin xoş günlərini özündə əks etdirməklə yanaşı, hər hansı bir ixtisasa, elmə, biliyə yiyələnmək, gələcəkdə ondan daim yararlanmaq baxımından tələbələrin həyatında böyük izlər qoyur. Universitetin də məqsədi məhz intellektual, bacarıqlı, vətənpərvər gənclər yetişdirməkdir. Bu illər ərzində məzunların ictimai həyatda da aktiv olduğunu diqqətə çatdıran rektor bildirib ki, məzunlar təkcə auditoriyada deyil, universitetin bütün tədbirlərində fəal iştirak ediblər. Elbrus İsayev məzun adını qazanan bütün tələbələri təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

I Beynəlxalq Tibbi Forumun iştirakçısı, İstanbul Yeditepe Universitetinin rektoru, professor Canan Aykut Bingöl Naxçıvan Dövlət Universitetində olmaqdan və forum çərçivəsində keçirilən “Məzun günün”də iştirak etməkdən məmnunluğunu ifadə edib. Rektor Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinə toxunub. Bildirib ki, türk millətinin oğuz boyundan olan qardaş iki xalq hər zaman bir-birinə dəstək olub, sıx əməkdaşlıq edib, “Bir millət, iki dövlət olub”. Canan Aykut Bingöl məzunları təbrik edib, onlara xoş arzularını çatdırıb.

Vaxtilə Naxçıvan Dövlət Universitetindən məzun olan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar qeyd edib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəsillə bağlayır. Dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyəti hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur. Məhz Naxçıvan Dövlət Universiteti də bacarıqlı gənclərin yetişdirilməsində xüsusi rol oynayır. Asim Yadigar məzunları təbrik edərək, onlara can sağlığı arzulayıb.

Məzunlar arasında Vətən müharibəsində qəhrəmancasına, şücaətlə vuruşaraq şəhid olan, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Faiq Qasımovun övladı Zamin Qasımov da olub. Zamin Qasımov ali təhsilini məhz Naxçıvan Dövlət Universitetində aldığına görə qürur hissi duyduğunu bildirib, bütün məzun yoldaşlarını təbrik edib.

Sonra mərasim tələbələrin hazırladığı konsert proqramı ilə davam edib. İçərisində xarici tələbələrin də musiqi nömrələrinin yer aldığı konsert və rəqs nümunələri iştirakçılarda xoş ab-hava yaradıb. Tələbələrin əl işlərinin nümayiş olunduğu sərgi izləyicilərdə maraq doğurub.

Daha sonra fakültələr üzrə məzunlar təbrik çıxışları ediblər. Pedaqoji fakültənin tələbələrinin hazırladığı tamaşa iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Universitetin məzunlarından ümumi orta müvəffəqiyyət göstəricilərinə görə fərqlənən tələbələrə plaket və hədiyyələr təqdim olunub, məzun Səkinə Məmmədzadə “Məzun kötüyünə” xatirə lövhəsini vurub.

Tədbir mantiya geyinmiş məzunların ənənəvi “papaq atma” mərasimi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə