Jurnalistika üzrə qabiliyyət imtahanının vaxtı bəlli oldu

Aprelin 11‑dən 20‑dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytı vasitəsilə jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrların qabiliyyət imtahanına qeydiyyatı aparılıb. TQDK-dan SİA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan 25 bakalavr həmin müddətdə anketi doldurmaqla qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 22-si Azərbaycan bölməsi, üçü isə rus bölməsi üzrə imtahan verənlərdir. Qeydiyyatdan keçmiş həmin bakalavrlar bu il aprelin 25-dək "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və aprelin 26‑dan 28‑dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanı Bakı şəhərində, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) keçiriləcək.

Bakalavrlar qabiliyyət imtahanında iştirak üçün müvafiq sənədlər təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə