Gənc alimlər Türkiyədə yay məktəbində iştirak edəcəklər

Gənc alimlər Türkiyədə yay məktəbində iştirak edəcəklər

Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycandan 10 doktorant və dissertant iyunun 16-dan 27-dək Türkiyənin İstanbul şəhərində "Tibb və səhiyyə üzrə elmi tədqiqatların metodologiyası və etikası üzrə 5-ci beynəlxalq yay məktəbi"ndə iştirak edəcək. Heydər Əliyev Mərkəzindən SİA-ya verilən məlumata görə, gənc alimlər ABŞ-ın Harvard Universitetinin, Türkiyənin Koç Universitetinin tibb fakültələri və İstanbul Sağlıq Müdirliyinin birgə təşkil etdikləri yay məktəbində müxtəlif təlimlərdə iştirak edəcəklər.

Gənc alimlər elmi işlərin yazılması zamanı məlumatların toplanması, statistikanın aparılması, araşdırma və nəşr etikası və s. üzrə zəruri biliklərə yiyələnəcək, o cümlədən dissertasiya işlərinin xarici jurnallarda nəşr etdirilməsinin metodologiyasını mənimsəyəcəklər.

Nəzərinizə çatdıraq ki, Heydər Əliyev Mərkəzi elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi məqsədilə layihələr həyata keçirir. Bununla əlaqədar olaraq Mərkəz Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil və Səhiyyə nazirlikləri ilə birlikdə ölkəmizdə tibb, səhiyyə və sosial sahələrdə elmi iş üzərində çalışan 10 nəfərin İstanbulda keçirilən tədbirdə iştirakını təşkil edir.

Qeyd edək ki, təlimlərin sonunda iştirakçılara Harvard və Koç universitetlərinin sertifikatları təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə