Üçüncü təhsil sərgisi keçirilib

Üçüncü təhsil sərgisi keçirilib

Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri, Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə idarənin sayca 3-cü böyük təhsil sərgisi keçirilib. Ulu öndərin 90 illiyinə həsr olunmuş "Təhsil, texnologiya və tərəqqi" adı altında keçirilən sərgidə nümayiş edilən işlər 47 bölmədə təqdim edilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Bakı şəhəri üzrə təhsil idarəsinin müdiri Nailə Rzaquliyeva Ümummilli lider Heydər Əliyevin siyasi uğurlarından danışıb.

Onun sözlərinə görə, Ulu öndər ilk öncə hər kəsin gözlədiyi daxili sabitliyə imza atıb. Ölkədə bir çox sahədə keçirilən islahatlar, təbii ki, öz müsbət təsirini təhsilə də göstərib:"Bu gün məktəb şagirdlərinin hazırladıqları və sərgidə nümayiş etdirdikləri bu yaradıcılıq işləri, Azərbaycanda təhsil sahəsində olan tərəqqinin göstəricisidir".

Daha sonra təhsil aparatının rəhbəri İlham Pirməmmədov qeyd edib ki, Azərbaycanın dinamik inkişafı məhz Ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin və uzaqgörənliyinin nəticəsidir. O, qeyd edib ki, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafı, təhsil işçilərinə müntəzəm diqqət və qayğı Ümummilli liderimizin ciddi önəm verdiyi prioritet istiqamətlərdən biri olub. Təhsili millətin gələcəyi adlandıran Ulu Öndər ölkəmizdə təhsil islahatlarının aparılmasını ciddi vəzifə kimi qarşıya qoymaqla, ölkə təhsilinin qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiyası yolu ilə inkişafına möhkəm zəmin yaradıb.

Daha sonra tədbir iştirakçıları sərgiyə baxmağa dəvət olunublar.

Qeyd edək ki, sərgidə məktəbdənkənar təhsil müəssisələrinin, dərnək üzvlərinin bədii, texniki, təsviri və tətbiqi sənət üzrə yaradıcılıq işləri də sərgilənib.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə