Valideyn və şagirdlərə ŞAD XƏBƏR

Bu ildən şagirdlər üçün iş dəftərləri ləğv edilib

Azərbaycan Təhsil sistemində dərsliklərlə bağlı bəzi yeniliklər edilib. Yeni tədris ilinin başlanması ərəfəsində Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının ans-ə müsahibə verib. SİA müsahibəni təqdim edir:

- 2012/2013 yeni tədris ili üçün Azərbaycanda orta məktəblərin dərsliklərində müəyyən dəyişikliklər edilib. Bu barədə KİV-də intensiv məlumatlar verilir. Bu haqda bir qədər dolğun informasiya verərdiniz…

- İlk öncə xatırlatma verim ki, 2012/2013 yeni tədris ili üçün 194 adda yeni dərsliklər hazırlanır. Onun 114-ü əvvəlki ildə çap olunan II, III, VI və XI siniflərin dərslikləridir. Biz bu kitabları iyun-iyul aylarında çap edib ölkənin bütün məktəblərinə göndərmişik. Qalıb I və V sinif dərslikləri. Bu dərsliklər müəyyən problemlərlə bağlı çapa gecikir. Amma biz yeni dərs ili başlana qədər bu dərslikləri yerlərinə çatdıracağıq.

- Vurğuladınız ki, dərsliklər müəyyən problemlərlə bağlı çapa gecikir. Bu problemlər hansılardır?

- Azərbaycanda ortə məktəblər üçün I və V sinif dərsliklərinə kurrikulum əsasında dəyişikliklər edilib. Bu baxımdan elə də ciddi mübahisələr yoxdur, sadəcə ekspertlər arasında müəyyən korrektə, redaktə xarakterli məsələlər var ki, kitab çapa hazırlanan zaman belə mübahisələr olur.

Bütün fikir ayrılığında qanunauyğun sənədlər dayanır. Bizim orfoqrafiya lüğəti, dilçilik əsərləri, tarixi və elmi mənbələr var ki, dərslikləri tərtib edərkən bunlara əsaslanırıq.

- Dərsliklərə kurrikulum əsasında dəyişikliklər edilib. Yəni yeniliklər nədən ibarətdir?

- Bilirsiniz ki, 1999-cu ildən Azərbaycan təhsilində ciddi yeniliklər edilib və bu işlər indiyə qədər davam edir. Bu yeniliklərdən biri də məzmun islahatları ilə bağlıdır. Yəni dərsliklərə dəyişikliklərin edilməsi, dünya təcrübəsinə əsaslanaraq, Azərbaycanın öz ənənələri nəzərə alınmaqla müəyyən köklü dəyişikliklər aparılıb. Bu dəyişikliklər bir pəncərə altında kurrikulum şəklində 2008-ci ildən tətbiqinə başlanıb.

Elə həmin ildə birinci siniflərin dərslikləri kurrikulum əsasında hazırlanıb. Daha sonra 2009-cu ildə 2-ci, 2010-2011-ci illərdə 4-cü, bu il isə 5-ci siniflərin dərslikləri kurrikulum əsasında yenilənir. Bu dərsliklər kompleks şəklində hazırlanır. Bura 3 komponent daxildir. Dərslik, müəllim üçün iş proqramı və şagirdlər üçün iş dəftəri.

- İş dəftərindən söz düşmüşkən, ən çox narazılıq elə ibtidai sinif şagirdləri üçün dərsliklərlə yanaşı iş dəftərlərinin olması və bundan yaranan problemlərlə bağlıdır…

- Əslində bu sahədə maarifləndirmə işi düz getmir. Biz həmişə demişik ki, iş dəftərləri məktəbdə qalmalıdır. Yəni uşaq bunu evə aparmalı deyil. İş dəftərləri məktəbdə işlənməli, daha sonra yığılmalıdır və məktəbdə qalmalıdır.

Həmişə məktəbli lavazımatlarının ağırlığını gündəmə gətirirlər. Biz məktəbli çantasını içindəki lavazımatlarla birlikdə çəkmişik və müəyyən etmişik ki, ümumilikdə onun çəkisi 1 kiloqram 115 qramdır. İndi biz nə edək ki, valideynlər çantaya su, yemək, meyvə və digər əlavə vəsaitlər qoyurlar. Bununla da çantanın çəkisi ağırlaşır. Sonra da qorxurlar ki, uşağın bel sütunu əyiləcək. Mən belə hesab etmirəm. Çünki uşaqlar idmana, yarışlara gedirlər. Uşaq sağlam yetişməlidir. 1-2 kiloqram yük uşaq üçün ağır deyil.

Lakin edilən şikayətlərə əsaslanaraq, bu il I və V siniflərdə yeni dərsliklər hazırlarkən belə qərara gəldik ki, iş dəftərlərini ləğv edək. İndi hansısa çap mərkəzləri iş dəftərləri hazırlayarlarsa, vətəndaşlar da onları alarlarsa, bu artıq başqa məsələ olacaq. Amma bu ildən şagirdlər üçün iş dəftərləri ləğv edilib.

- Bəzən dərsliklərlə proqramlar arasında müəyyən uyğunsuzluq olur. Dərsliklər yenilənən zaman belə problemlər də nəzərə alınıbmı?

- Həmişə dərsliklər proqramlar əsasında yazılıb. Bu dərsliklərin daim qiymətləndirilməsi aparılır. Bu belədə olmalıdır. Dərsliklər mütləq proqrama uyğun yazılmalıdır. Təbii ki, dərsliklər yenilənən zaman bu məsələlər də diqqət mərkəzində olacaq.

- TQDK orta məktəb dərsliklərindəki səhvlərlə bağlı Təhsil Nazirliyinin ünvanına müəyyən ittihamlar səsləndirir. Göstərilən qüsurlar dərsliklərin yenilənməsi zamanı nəzərə alınacaqmı?

- Tələbə qəbulu üzrə Dövlət Komissiyasının rəylərindən lazımı yerlərdə həmişə istifadə edilir. Hazırladığımız dərsliklərlə bağlı fikirlərini, təkliflərini, iradlarını bildirən bütün qurumlara, şəxslərə öz təşəkkürümüzü bildiririk. Hər il olduğu kimi bu il də dərsliklər hazırlanarkən TQDK-nin 2 üzvünü dəvət etmişik. Bizim və TQDK-nın ekspertləri, dərslik müəllifləri, digər ekspertlər bu məsələlər ilə bağlı müzakirələr aparır. Mübahisəli məsələlər də, müxtəlif qəbildən olan qeydlər də olur. Bütün fikirləri nəzərə almışıq. Qəbul olunan fikirlər də olub, qəbul olunmayan fikirlər də olub.

- Bəzən TQDK-nin hazırladığı imtahan sualları ilə orta məktəb proqramlarında və dərsliklərində uyğunsuzluq olur. Belə qəbildən olan problemlər nə zaman həll ediləcək?

- Əslində dərsliklərlə qəbul imtahanlarına düşən sualların uyğun gəlməməsi halları çox deyil. Belə hallar ayrı-ayrı fənlərdə olur. Əlbəttə bu səhvlər diqqətsizliyin nəticəsidir. TQDK-nın ekspertləri də, dərslik yazan adamlar da qeyri-adi insanlar deyillər. Onlar da səhvə yol verə bilərlər. Bəzən sualları hazırlayarkən çətinlik dərəcəsi nəzərə almırlar. Bəzən dərslikdən kənara çıxma halları olur. Təbii ki, TQDK belə səhvlərin olması marağında deyil. Amma onların da səhvləri olur. Necə ki, bizim dərsliklərdə müəyyən problemlər olur, eləcə də, onların vəsaitlərində də bu problemlər çoxdur. Hazırladıqları suallar da çox qüsurlar olur.

Həmişə TQDK tərəfindən tutulan iradlara bizim tərəfdən reaksiya olub, olur və olacaq. Əgər hansısa irada cavab verilməyibsə, deməli onun əsası var. Deməli bizə tutulan irad əsassız olub. TQDK-dan da, digər qurumlardan da çox biz çalışırıq ki, dəsrliklər qüsursuz olsun. Çalışırıq ki, daha yaxşı dərsliklər çap olunsun.

- Dərsliklərin tez-tez dəyişdirilməsi nə qədər doğrudur?

- Əslində dərsliklərdəki dəyişikliklər proqramdakı yeniliklərlə bağlıdır. Uzun illər hansısa mövzu keçilir, amma sonra ekspertlərin araşdırması zamanı məlum olur ki, həmin mövzulara o qədər də ehtiyac yoxdur. Ona görə də, həmin mövzu proqramdan çıxarılır. Proqrama dəyişiklik ediləndə avtomatik olaraq dərsliklərə də dəyişikliklər edilməlidir. Məsələn, xüsusi nitq hissəsinə (nida) diqqət yetirsək görərik ki, xüsusi nitq hissəsi kimi nidanın elə bir rolu yoxdur. Yəni nida cümlə üzvü olmur. Biz nidanı köməkçi nitq hissələrinin tərkibinə qatmışıq. Təbii ki, dərsliklərdə buna uyğun dəyişikliklər olub.

Digər yenilik isə "qarışıq tipli mürəkkəb cümlələr"lə bağlıdır. Bu heç kimə lazım deyil. Bu 8-9-cu siniflərin proqramından çıxarılıb. Ona görə də, dərsliklər yenilənib.

Bundan əlavə, ötən il "Azərbaycanın ən yeni tarixi" dərsliklərinə Milli Qəhrəman Mübariz İbrahimov haqqında informasiya salınmışdı. Bu il isə 5-ci sinfin ədəbiyyat dərsliyinə Mübariz İbrahimov haqqında məlumat salınıb. Onun həyatı, keçdiyi hərbi xidmət haqqında ətraflı informasiyalar verilib, üstəlik onun fotoları dərc edilib.

Digər yeniliklər isə orta məktəb dərsliklərinə türkçülüyün təbliğilə bağlı informasiyaların salınmasıdır. Əgər Sovet dövründə bu məsələyə düşmən mövqeyindən yanaşılırdısa, indi tam əksinə olaraq tükrçülüyün təbliğatı aparılır. Türkçülüyün tarixi, ədəbiyyatı və s. kimi informasiyalar orta məktəb dərsliklərinə salınır.

- Bəzən orta məktəb dərslikləri satış mərkzələrində müxtəlif qiymətlərə satılır. Bu məbləğlər kitabın üzərindəki qiymətlərlə üst-üstə düşmür. Bu problemlərlə bağlı Təhsil Nazirliyi hansısa addım atırmı?

- Dərsliklər dövlət tərəfindən məktəblərə pulsuz paylanır. Amma satışda kitablar var. Bu da olmalıdır. Bu dərsliklərin arxasında qiyməti var. Lakin dərsliklərin qeyd olunmuş məbləğdə satılmaması məsələsinə Təhsil Nazirliyi nəzarət etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə